Məhkəmə qərarları › İş №2(042)-89/2024

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-89/2024

09.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-89/2024 09.01.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X3 oğlunun katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 14 saylı X4 Mərkəzinin etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 14 saylı X4 Mərkəzinin Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 14 saylı X4 Mərkəzi məhkəmədə iddia qaldıraraq cavabdeh Gədəbəy rayonu, İnəkboğan kənd sakini Cavabdeh dövlət meşə fonduna vurmuş olduğu 370 manat ziyanlığın ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 14 saylı X4 Mərkəzinin əməkdaşları tərəfindən meşələrin qorunub mühafizə olunma vəziyyətini araşdırmaq məqsədi ilə 24 avqust 2023-cü il tarixdə Saratovka meşəbəyliyinin 5 saylı meşə dolayısında yoxlama aparılmışdır. Yoxlama zamanı müəyyən olunmuşdur ki, 5 saylı dolayının 26-cı kv-dan vətəndaş Cavabdeh heç bir icazə sənədi olmadan qanunsuz (öz başına) olaraq 1 ha sahənin otunu motorlu mişarla biçərək ərazidən aparmışdır. Cavabdeh ərazinin otunu biçən zaman meşə əkinlərinin dövriyəsində olan 2021-ci ilin payız mövsümündə əkilmiş 3x2 sxemində göyrüş cinsindən olan 1 ha meşə əkininin tinglərini tamamı ilə biçərək məhv etmişdir. Bununla da o, təqsirli bilindiyinə görə barəsində akt və inzibati protokol tərtib edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinentinin 31 yanvar 2019-cü il tarixli 30 saylı qərarının 1 nömrəli bəndinin tələblərini pozduğuna əsasən Dövlət meşə fonduna 370 manat məbləğində ziyan vurmuşdur. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslıdır. Belə ki, işdə olan 24 avqust 2023-cü il tarixdə tərtib edilmiş aktdan görünür ki, 24 avqust 2023-cü il tarixdə Saratovka meşəbəyliyinin 5 saylı meşə dolayısında yoxlama aparılmış, yoxlama zamanı müəyyən olunmuşdur ki, dolayının 26-cı kv-dan vətəndaş Cavabdeh heç bir icazə sənədi olmadan qanunsuz (öz başına) olaraq 1 ha sahənin otunu biçərək ərazidən aparmış, həmçinin 2021-ci ilin payız mövsümündə əkilmiş 3x2 sxemində göyrüş cinsindən olan 1 ha meşə əkininin tinglərini tamamı ilə biçərək məhv etmiş və nəticə də, meşə fonduna 370 manat məbləğində ziyan vurmuşdur. İşdə olan 24 avqust 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, 24 avqust 2023-cü il tarixdə Cavabdeh Saratovka meşəbəyliyinin 5 saylı meşə dolayısının 26-cı kv-dan qanunsuz olaraq 1 ha meşə əkinini tamamilə məhv etmiş və bununla da Azərbaycan Respublikasının İXM-nin 253.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İşdə olan disk daşıyıcıda olan videodan görünür ki, Cavabdeh heç bir icazə sənədi olmadan qanunsuz (öz başına) meşə fondu ərazisindən otunu biçərək aparması aşkar edilmiş və bu barədə ona bildirilmişdir. Beləliklə, məhkəmədə müəyyən edildi ki, 24 avqust 2023-cü il tarixdə Saratovka meşəbəyliyinin 5 saylı meşə dolayısında yoxlama aparılmış, yoxlama zamanı müəyyən olunmuşdur ki, dolayının 26-cı kv-dan Gədəbəy rayonu, İnəkboğan kənd sakini Cavabdeh heç bir icazə sənədi olmadan qanunsuz (öz başına) olaraq 1 ha sahənin otunu biçərək ərazidən aparmış, həmçinin 2021-ci ilin payız mövsümündə əkilmiş 3x2 sxemində göyrüş cinsindən olan 1 ha meşə əkininin tinglərini tamamı ilə biçərək məhv etmiş və nəticə də, meşə fonduna 370 manat məbləğində ziyan vurmuşdur. Eləcə də, bununla bağlı Cavabdeh barəsində İXM-nin 253.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün aidiyyəti üzrə göndərilmişdir. Cavabdeh qanunsuz hərəkətləri nəticəsində meşə fonduna ziyan vurulması iş materiallarında olan aktla və digər sübutlarla öz təsdiqini tapır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Meşə Məcəlləsinin 15-ci maddəsinə əsasən, meşə fondu sahələrindən istifadə hüququnun əsasları aşağıdakılardır: müqavilələr; məhkəmə qərarları; bu Məcəllə ilə yol verilən digər əsaslar. Meşə sahələrindən istifadə hüququ, kütləvi servitut istisna olmaqla, meşə fondu sahələrinin icarə müqaviləsinin dövlət qeydiyyatından keçdiyi, meşəqırma bileti, order, meşə bileti alındığı vaxtdan əldə edilir. Azərbaycan Respublikası Meşə Məcəlləsinin 16-cı maddəsinə əsasən, meşə fondu sahələrindən istifadə hüququ meşə fondu sahəsinin (torpaqlarının) icarə müqaviləsinin, meşəqırma biletinin, orderin, meşə biletinin əsasında yaranır. Həmin Məcəllənin 25-ci maddəsinə əsasən, meşəqırma bileti oduncaq və ikinci dərəcəli meşə materiallarının tədarükü, daşınması üçün hüquq verən sənəddir. Həmin Məcəllənin 64-cü maddəsinə əsasən, meşə gəliri köküstü oduncaq buraxılışı və meşədən digər istifadələrə görə, habelə meşə fonduna vurulan zərər və itkiyə görə ödəmələrdən ibarətdir. Ödəmələr meşə məzənnələri əsasında hesablanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən. mülki hüquq pozuntusu hüquqla və ya qanunla müdafiə edilən başqa şəxslə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Göründüyü kimi, meşə fondu sahələrindən istifadə hüququ Azərbaycan Respublikası Meşə Məcəlləsinin 15-16-cı maddələrində qeyd edilən əsaslarla yaranır. Lakin məhkəmədə müəyyən edildi ki, cavabdehin meşə fonduna aid olan ərazidən otu biçib apararkən heç bir icazə sənədi və ya istifadə hüququ olmamışdır. Eləcə də, 2021-ci ilin payız mövsümündə əkilmiş 3x2 sxemində göyrüş cinsindən olan 1 ha meşə əkininin tinglərini tamamilə məhv etmişdir. Belə olan halda, cavabdehin qanunsuz hərəkətləri nəticəsində meşə fonduna ziyan dəymişdir. Odur ki, iddiaçı vurulmuş ziyanın cavabdeh tərəfindən ödənilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı ona maddi zərər vurulmasını, maddi zərərin cavabdehin təqsirli hərəkəti nəticəsində vurulmasını təqdim etdiyi həqiqiliyi və mötəbərliyi şübhə doğurmayan sənədlərlə tam sübuta yetirdi. Azərbaycan Respublikası MPM-in 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslarda, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Toplanmış sübutlara tətbiq edilməli hüquq normalarına uyğun qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh hüquqa zidd hərəkətləri nəticəsində iddiaçıya vurduğu maddi zərəri tam həcmdə ödəməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.14-cü maddəsinə əsasən, məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar. MPM-in 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 370 (üç yüz yetmiş) manat məbləğində pul tutularaq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 14 saylı X4 Mərkəzinə ödənilsin. Cavabdeh 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar