Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-893/2025 15.08.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Salmanov Orxan Aqil oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı Cavabdeh qarşı ona vurulmuş maddi ziyana görə 6600 manatın və 86 manat ödənilmiş dövlət rüsumunun alınaraq, ona verilməsi tələbi haqqında iddia ərizsəi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etmiş, izahat verərək bildirmişdir ki, o, Gədəbəy rayonu, Arıxdam kəndində qeydiyyatda olmaqla ailə üzvlərilə birlikdə orada yaşayır. Təsərrüfatında xırdabuynuzlu və iribuynuzlu heyvanlar var. 2025-ci ilin mayın 2-də xırdabuynuzlu heyvanlardan birində narahatlıq hiss etdiyi üçün həmin gün Gədəbəy şəhərində yerləşən baytarlıq aptekinə getmişdir.Əczaçı işləyən Cavabdeh həmin heyvana baxıb, ona məhlul vermiş, heyvanlarına verməsini və həmin dərmanı verdiyi müddətdə heyvanlara qəti şəkildə peyvənd vurdurmamasını bildirmişdir. O, həmin dərmanı alaraq 22 baş xırdabuynuzlu heyvanlarına vermişdir. 03 may 2025-ci il tarixdə isə cavabdeh ona zəng edərək, xırdabuynuzlu heyvanlar üçün peyvənd gəldiyini, həmin peyvəndi də alıb heyvanlarına vurmasını bildirmişdir. O, cavabdehə özünün dərman verilərkən qəti olaraq peyvənd vurmamasını dediyini bildirmişdir. Lakin cavabdeh heç bir narahatçılıq olmadığını, peyvəndi də alıb vurmasını məsləhət görmuşdur. O, cavabdehin təkidi ilə həmin gün peyvəndi alıb, 22 baş xırdabuynuzlu heyvanlarına vurmuşdur. Dərman və peyvənd vurduğu 22 baş xırdabuynuzlu heyvanlar 04 may 2025-ci il tarixdə ölmüşlər. O, ölmüş heyvanları Gədəbəy Rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinə müraciət edərək, yardırmışdır. Rəy verilmişdir ki, heyvanlarda heç bir xəstəlik aşkar edilməmiş, heyvanlar zəhərlənmə nəticəsində, yəni, cavabdehin səhvi nəticəsində ölmüşlər. Onun dəfələrlə tələb etməsinə baxmayaraq, cavabdeh ona vurduğu zərəri ödəməmişdir. O, həmin peyvənd və dərmana görə cavabdehə məxsus karta 162 manat ödəmişdir.Hazırda cavabdeh ümümlikdə ona 6600 manat miqdarında ziyan vurmuşdur. Ona görə də iddia tələbinin təmin edilməsi haqqında qərar çıxarılmasını xahiş edir. Cavabdeh iddia tələbinə etriaz etmiş izahat verərək bildirmişdir ki, iddaçı onun Aptekinə yaxınlaşaraq heyvanlarında olan xəstliklə əlaqədar onan dərman istəmişdir.O, heyvanlara baxaraq, xəstəliklə əlaqədar iddiaçıya dərman vermişdir. İddiaçıya məxsus heyvanlar zəhərlənmədən deyil, infeksion xəstəlikdən ölmüşlər. Ona görə də iddia tələbinin təmin edilməməsini xahiş edir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə iclasında şahid kimi dindirilmiş X1 ifadə verərək, bildirmişdir ki,o,cavabdehi əczaçı kimi tanıyır. O, kənd baytarı Allahverdinin məsləhəti ilə həmin dərmandan öz heyvanlarına vermiş, onun heyvanları tələf olmamış, sağalmışlar. Lakin dərmanın adını bilmir. İşdə olan xx.xx.2025-ci il tarixli Yarma Protokolundan görunur ki, iddiaçıya məxsus heyvanlar iynə vurulduqdan sonra zəhərlənmə nəticəsində tələf olmuşlar. İşdə olan Azərbaycan Qida Təhlükəsiliyi X3 X2 Protokolundan görunur ki, heyvanlarda infeksiya aşkar edilməmişdir. İşdə olan Gədəbəy Rayonu Heyvanların Sağlamlığı Baytarlıq Xidməti İdarəsinin 12 may 2025-ci il tarixli Aktından görünür ki,heyvanların yarılması nəticəsində hec bir xəstəliyə şübhə yaranmamış, heyvanların zəhərlənmə nəticəsində ölmələrinə şübhə yaranmışdır. İşdə olan Gədəbəy Rayon Anar MMC-inin Arayışından görünür ki,mərkəzi bazarda ikiaylıq xıdrabuynuzlu heyvanların alış-satış qiyməti 152-171 manat təşkil eidr. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərfələrin izahatlarını və işdə olan sənədləri təhqiq edərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2. və 14.2.6-cı maddlərinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, cavabdeh baytar həkimi olmadığı və heyvanları müayinə etmək hüququ olmadığı halda, iddiaçıya məxsus heyvanları müayinə etmiş, diaqnoz qoymuş və heyvanların müalicə olunması üçün hansı dərmanın verilməsini müəyyən etmişdir. İddiaçı cavabdehin müəyyən etdiyi dərmanları özünə məxsus heyvanlara verdikdən sonra 22 baş heyvan tələf olmuşdur. Heyvanların tələf olması səbəblərini müəyyən edilməsi üçün müayinələr aparılmış və onların iynə vurulduqdan sonra zəhərlənmə nəticəsində tələf olmaları müəyyən edilmişdir. Məhkəmə heyvanlardan birinin qiymətinin Arayışda göstərilmiş aşağı həddə, yəni, 152 manat olmasını qəbul etməklə cavabdeh tərəfindən iddiaçıya 3344 manat miqdarında zərər vurulması nəticəsinə gəlir. Ona görə də iddia tələbi qismən təmin edilməli, Cavabdeh 3344 manat zərər və ödənilmiş 86 manat dövlət rüsumunun 45 manat hissəsi alınaraq, İddiaçı verilməlidir. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, qət etdi : İddia tələbi qismən təmin edilsin. Cavabdeh 3344 manat və 45 manat məhkəmə xərci alınaraq, İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-893/2025
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-893/2025
15.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver