Məhkəmə qərarları › İş №2(042)-9/2023

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-9/2023

17.05.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-9/2023 17.05.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, İddiaçı və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı maneə və müdaxilələrə son qoyulması tələbinə dair mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı qarşı cavabdehlər tərəfindən istifadəsində olan yarımçıq tikiliyə qanunsuz olaraq qoyulmuş qapının bağlanmasına və onun istifadə hüququna verilmiş sahəyə edilən maneələrə və hər hansı formada edilən müdaxilələrə son qoyulması tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etmiş, izahat verərək bildirmişdir ki, Cavabdeh1 2011-ci ildə ailə qurmuş, 2017-ci ilə qədər birgə yaşamışlar. Birgə ailə münasibətlərindən iki övladları olmuşdur. Onlar ayrıldıqdan sonra Gədəbəy Rayon Məhkəməsinin qətnaməsi ilə cavabdehlərin evinə istifadə hüququ tanınmış və o, azyaşlı uşaqlarla birlikdə həmin evə köçürülmüşdür. Cavabdehlər onun evdə yaşamasına maneələr yaratdıqlarına görə yenidən məhkəməyə müraciət etmiş, məhkəmə qətnaməsi ilə onun evdən istifadə qaydaları müəyyən edilmiş, qətnamə icra edilmiş, ev arakəsmə ilə iki hissəsyə bölünmüşdür. Lakin bundan sonra Cavabdeh2 ona aid hissədə hamam kimi nəzərdə tutulmuş yarımçıq tikilinin pəncərəsini sökərək, yerində qapı quraşdırmış, yarımtikilinin qapısını daşla hörmüşdür. Bu isə onun hüquqlarının pozulmasına səbəb olmuşdur.Ona görə də iddia tələbinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasında iddia tələbinə etiraz etmiş, izahat verərək, bildirmişdir ki, Cavabdeh1la iddiaçı arasında ailə münasibətləri pozulmuş və onun razılığı ilə iddiaçı azyaşlı uşaqlarla birlikdə onun mülkiyyətində olan evinə köçürülmüşdür. Bundan sonra iddiaçı istifadə qaydalarının müəyyən edilməsi tələbi ilə məhkəməyə müraciət etmiş, Gədəbəy Rayon Məhkəməsinin qərarı ilə iddia tələbi təmin edilmişdir. Lakin bundan sonra o, apellyasiya şikayəti vermiş və həmin qətnamə ləğv edilmişdir. Həmin ev onun mülkiyyəti və sahibliyindədir. İddiaçının həmin evə yalnız istifadə hüququ tanınmışdır. İddiaçıya evlə əlaqədar əlavə hüquqların verilməsi, onun mülkiyyət, sahiblik və istifadə hüquqlarını poza bilər. Ona görə də iddia tələbinin təmin edilməməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Cavabeh Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə işdə iştirak etməyən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan Gədəbəy Rayon Məhkəməsinin 23 aprel 2019-cu il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh2 məxsus fərdi yaşayış evindən və yardımçı sahələrdən istifadə hüququnun tanınması və onun azyaşlı uşaqlarla birlikdə həmin evə köçürülməsi qət edilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin izahatlarını, işdə olan sənədləri və işin faktiki hallarını araşdıraraq, belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ bəndinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, cavabdehlər tərəfindən iddiaçının azyaşlı uşaqları ilə birlikdə Cavabdeh2 məxsus evdə yaşamaları üçün hər hansı bir maneə yaradılmamaışdır. Cavabdeh 2019-cu ildən etibarən uşaqları ilə birlikdə yardımçı tikililərdən istifadə etməklə həmin evdə yaşayır. İddiaçının məhkəmə qətnaməsində nəzərdə tutulmamış yeni qaydaların tətbiq edilməsi, qapının sökülməsi haqqında tələblərinin təmin edilməsi isə cavabdehlərin mülkiyyət, sahiblik və istifadə hüquqlarının pozulmasına səbəb ola bilər. Ona görə də iddia tələbi təmin edilməməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Аzərbаycаn Rеspublikаsı MPM-nin 216-227, 358-360 və 362-cı mаddələrini rəhbər tutаrаq, QƏT ETDİ: İddia tələbi təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar