Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-904/2021 21.09.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X5 oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh ona vurulmuş maddi ziyana görə 1400 (bir min dörd yüz) manat məbləğində pulun və 30 manat ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, O, Gədəbəy rayonu, Əmir kəndində yaşayır. Təsərrüfatında mal-qara vardır. Mal-qaranı Gədəbəy rayonu ərazisində yerləşən "Bala keçi“ adlanan yaylaqda saxlayır. O, 04 sentyabr 2020-ci ildə bir baş dananın cəsədini “Bala keçi” adlanan yaylağın “Pir bulağı” adlanan ərazidə cəsədini tapmışdır. Onun danasını Balaxanım öldürmüşdür. Belə ki, onuna əvvəllər münasibətləri yaxşı olmamış, Balaxanım onu həmin yaylağa heyvan aparmağına narazılıq edərək hədələmişdir. Balaxanım hər dəfə ona - “sizə heç nə edə bilməsəm də, heyvanını öldürəcəm” demişdir. Ona məxsus bir baş dananın cavabdeh tərəfindən öldürürlməsi ilə bağlı polisə şikayət etsə də, də aparılmış araşdırmanın nəticəsi ilə bağlı ona mübahisənin mülki xarakterli olduğu üçün məhkəməyə müraciət etməsi izah edilmişdir. Ona görə də, məhkəməyə müraciət etməli olmuşdur. Cavabdehin mənə vurduğu maddi ziyan 1400 manat təşkil edir. Belə ki, Gədəbəy rayonu "xxxx" MMC tərəfindən verilmiş 03.08.2021 -ci il tarixli arayışa əsasən, 2021 -ci il tarixdə 1 ədəd iki illik erkək danının qiyməti 1300-1400 manat təşkil edir. Eləcə də, Gədəbəy rayon Polis Şöbəsinin təhqiqat bölməsində şikayəti ilə əlaqədar aşdırma aparılarkən AR Kənd Təsərrüfatı Nazirliyi X10 İnkişaf Mərkəzinə sorğu göndərilmiş, sorğuya verilmiş cavabla müəyyən edilmişdir ki, bir baş iki illik, diri çəkisi 300 kq olan dananın bazar qiyməti 04.09.2020-ci il tarixə 1400 manat təşkil edir. Odur ki, iddianın təmin edilməsini, məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. X1 məhkəmə iclasında bildirdi ki, o, keçən il iddiaçı gilə qonaq gəlmişdir. Həmin zaman iddiaçı ilə cavabdeh arasında heyvanın öldürülməsinə görə narazılıq olmuşdur. O, heyvanın öldürülməsini görməmişdir. X4 məhkəmə iclasında bildirdi ki, o, 2-3 gündür ki, qonaq gəlmişdir. İnək otaranlardan keçən il qeyd olana ərazidə heyvan öldürülməsini eşitmişdir. Hadisə baş verən zaman burda olmamışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, işdə olan AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Gədəbəy rayonu, Əmir kəndində qeydiyyatdadır. İşdə olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 05 mart 2021-ci il tarixli, qərarın surətindən görünür ki, İddiaçı “Bala keçi” adlanan yaylaq sahəsində ona məxsus iri buynuzlu heyvanın Cavabdeh tərəfindən öldürülməsi barədə ərizəsi araşdırılmış, 04 sentyabr 2020-ci il tarixdə “Bala keçi” yaylağında X2 məxsus bir baş iki illik diri çəkisi 300 kq olan dananın necə və hansı şəraitdə tələf olmasını müəyyən etmək mümkün olmamış və cinayət hadisəsi olmadığından cinayət işinin başlanmasının rədd edilmışdır. İşdə olan Gədəbəy rayonu "xxxx" MMC tərəfindən verilmiş 03 avqust 2021-ci il tarixli, 112 saylı arayışdan görünür ki, 2021-ci il tarixdə 1 ədəd iki illik erkək dana 1300-1400 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 14.2.2. Dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları. 14.2.3. Mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları. 14.2.4. Qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi. 14.2.5. Elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması. 14.2.6. Başqa şəxsə zərər vurulması. 14.2.7. Əsassız varlanma. 14.2.8. Fiziki və hüquqi şəxslərin digər hərəkətləri. 14.2.9. Qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə. Qeyd olunan hüquq normalarının dispozitiv şərtlərinə görə, iddiaçının cavabdehdən pul tələb etməsinin qanuni əsaslarının mövcudluğu üçün onlar arasında mülki hüquq və vəzifələrin yaranmasına səbəb olan hüquqi faktlardan hər hansı biri olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Göründüyü kimi, qeyd olunan maddi hüquq normalarının dispozitiv şərtlərinə görə, mülki hüquq pozuntusunun (delikt) olması, pozuntu nəticəsində cavabdehin əməli ilə iddiaçının əmlakına zərər vurulması, vurulmuş zərərlə pozuntu arasında səbəbli əlaqənin olması tələb olunur. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb ivə etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspert rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir . Qeyd olunan hüquq normaları baxımından məhkəmə qeyd edir ki, iddiaçı ona məxsus heyvanın ölməsində cavabdehin təqsirli hərəkətlərinin olmasını sübuta yetirməlidir. Lakin İddiaçı ona məxsus heyvanın cavabdeh tərəfindən öldürüldüyünü bildirsə də, həmin heyvanın cavabdeh tərəfindən öldürülməsini təsdiq edən heç bir mötəbər sübut məhkəməyə təqdim etmədi. Məhkəmə iclasında dindirilmiş şahidlər isə hadisəni görmədiklərini və sadəcə qeyd olunan hadisəni eşitdikləri bildirdilər. Cavabdeh isə Gədəbəy rayon Polis şöbəsində verdiyi izahatda qeyd edilən heyvanın hansı şəraitdə və necə tələf olmasını bilmədiyi bildirmiş və İddiaçı onun barəsində bildirdiklərini təkzib etmişdir. Eləcə də, İddiaçı müraciəti əsasında Gədəbəy rayon Polis şöbəsində aparılmış araşdırma materiallarına baxış keçirilmiş, həmin aşdırma nəticəsində qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda X2 məxsus bir baş dananın necə, kimin tərəfindən və hansı şəraitdə tələf olmasını müəyyən etmək mümkün olmaması qeyd edilmişdir. Məhkəmə qeyd edir ki, yalnız iddiaçının izahatı ilə iddiaçıya məxsus heyvanın cavabdehin təqsirli hərəkələri nəticəsində ölməsi və bunun nəticəsində ona maddi ziyan dəyməsi qənaətinə gəlmək mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə iş materiallarında sübutlara tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək hesab edir ki, iddiaçının cavabdehdən maddi zərərin əvəzinin ödənilməsi tələbinin hüquqi əsası mövcud olmadığından hazırkı iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən ödənilmiş dövlət rüsumu və hüquqi yardıma görə çəkilmiş xərc iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №2(042)-904/2021
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-904/2021
21.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver