Məhkəmə qərarları › İş №2(042)-913/2025

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-913/2025

27.08.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-913/2025 27.08.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maneələrin aradan qaldırılması tələbi barədə” iddiası üzrə mülki iş (açar sözlər: mənzil mübahisələri, kommunal xidmətlərdən istifadəyə yaradılan maneələrin aradan qaldırılması) Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Quliyeva Nübar Yusif qızının katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maneələrin aradan qaldırılması tələbi barədə” iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: I. Mülki işin mahiyyəti

1. İddiaçı məhkəmədə iddia qaldıraraq, Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən 125.70 kvm fərdi yaşayış evində kommunal xidmətlərdən (elektrik enerjisi, qaz və su) istifadəsi ilə bağlı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 yaratdığı maneələrin aradan qaldırılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, hazırki iş üzrə cavabdehlərdən Cavabdeh1 keçmiş qayınatası, Cavabdeh2 isə keçmiş qayınanasıdır. Cavabdeh1 ona qarşı Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən özünə məxsus 125.70 kvm fərdi yaşayış evindən çıxarılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etdikdən və Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 iddiası təmin edilmədikdən bir müddət sonra hazırki iş üzrə cavabdehlər onlarla birgə yaşadığı evdə ona kommunal xidmətlərdən (elektrik enerjisi, qaz və su) istifadə etməyə qoymurlar. O, məcbur olub dəfələrlə özünə yemək bişirmək üçün anasının yaşadığı evə getmişdir. Cavabdehlər tərəfindən yaradılan bu maneələr artıq dözülməz həddə çatmışdır. Ona görə də, hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

II. Tərəflərin mövqeləri:

3. İddiaçı məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə oxşar izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi.

4. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəməyə etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddiaçının onlara məxsus evdən çıxarılması tələbinə dair iddia tələblərinin təmin edilməməsinə baxmayaraq iddiaçının həmin fərdi yaşayış evindən istifadə hüquqları barədə ayrıca qətnamə çıxarılmamış, iddiaçının qazdan, işıqdan və sudan hansı qaydalar üzrə istifadə etməsinə dair dəqiq normalar müəyyən edilməmişdir. Ancaq məlum qətnamə üzrə iddiaçının evindən çıxarılmasına dair iddiası təmin edilməmişdir. Əgər məhkəmənin qanuni qüvvəsini almış qətnaməsi əsasında iddiaçının evində qoyulmuş sayğac əsasında istifadə olunan işıq, qaz və sudan istifadə müəyyən edilərsə, həmin istifadə nəticəsində ödəməli olduğu pul məbləğini mübahisəsiz qaydada ödəyərsə, təbii ki, o halda istifadə etməsinə heç kim mane olmaz.

5. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasında etiraz ərizəsində göstərilənlərə oxşar izahat verdilər və iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdilər.

III. Məhkəmə baxışının hədləri:

6. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin, hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

İV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir.

8. Belə ki, mülki iş materiallarında olan; - Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 125.70 kv.m fərdi yaşayış evi Cavabdeh1 adına xx.xx.2024-cü il tarixdə, ********** qeydiyyat nömrəsi ilə qeydə alınmışdır. - Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(042)-195/2025 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı evdən çıxarılma tələbinə dair iddiası təmin edilməmişdir. - nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X3 və İddiaçı nikahlarını xx.xx.2009-cu il tarixdə Gədəbəy rayon Qeydiyyat şöbəsində bağlamışlar.

9. Məhkəmə iclasında müəyyən edildi ki, cavabdehlər X2 valideynləridir. X3 və İddiaçı 2006-cı ildə qeyri-rəsmi ailə qurmuşlar və Ç.X1 atası Cavabdeh1 məxsus, sonuncunun adına mülkiyyət hüquqları xx.xx.2024-cü il tarixdə qeydə alınmış fərdi yaşayış evinə köçmüş və yaşamışdır. X3 və İddiaçı birgə nikahlarından dörd övladları anadan olmuşdur. X3 və İddiaçı faktiki ailə münasibətləri pozulmuşdur və hazırda məhkəmənin icraatından aralarında olan nikahın pozulması tələbi barədə mülki iş vardır. İddiaçı 19 ildir ki, sözgedən fərdi yaşayış evində yaşayır. iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı evdən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etsə də, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(042)-195/2025 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəsini almışdır. İddiaçı hazırda məhkəməyə müraciət edərək, Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən 125.70 kv.m fərdi yaşayış evində kommunal xidmətlərdən (elektrik enerjisi, qaz və su) istifadəsi ilə bağlı cavabdehlər tərəfindən yaradılan maneələrin aradan qaldırılmasını tələb edir.

10. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(042)-195/2025 saylı qətnaməsi ilə ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh1 adına qeydə alınmış 125.70 kv.m fərdi yaşayış evinə İddiaçı istifadə hüququnun olması müəyyən edilmişdir. Qətnamə qanuni qüvvəsini almışdır. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(042)-195/2025 saylı qətnaməsi hal-hazırda qüvvədədir və hazırki iş üçün preyudisial əhəmiyyətə malikdir.

11. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair xx.xx.2016-cı il tarixli qərarında göstərilir ki, Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. -Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. -Yalnız məhkəmə tərəfindən qanunla nəzərdə tutulmuş qaydada müəyyən edilmiş, yoxlanılmış və qiymətləndirilmiş faktlar preyudisial əhəmiyyət daşıyır. Mülki prosessual qanunvericiliyə görə isə məhkəmə tərəfindən faktların, halların müəyyən edilməsi, yoxlanılması və qiymətləndirilməsi yalnız məhkəmə aktının əsaslandırıcı hissəsində öz əksini tapmalıdır. Qətnamənin əsaslandırıcı hissəsi baxılan işin mahiyyəti üzrə nəticə çıxarılması üçün əsas yaradaraq mühüm əhəmiyyət daşıyır. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativhüquqi aktlar göstərilməlidir (Mülki Prosessual Məcəllənin 220.4-cü maddəsi).

12. Beləliklə, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir.”

13. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Ş.Məmmədlinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 24 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 18 iyul 2022-ci il tarixli, qərarına əsasən, Konstitusiya Məhkəməsi Plenumunun məhkəmə aktlarının preyudisiallığı ilə bağlı formalaşdırdığı hüquqi mövqeyinə görə, preyudisiya institutunun məntiqi əsasını qanuni qüvvəyə minmiş məhkəmə qərarının həqiqiliyi prezumpsiyası təşkil edir. Müvafiq prosessual qanunvericiliyin məhz preyudisiya ilə bağlı bu tələbini nəzərə alaraq Plenum “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin şərhi ilə bağlı adıçəkilən Qərarında hesab etmişdir ki, bu Qərar qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə həll olunmuş mübahisələrə şamil olunmur.

14. Göründüyü kimi, hazırda qüvvədə olan və hazır ki iş üzrə preyudisial əhəmiyyətə malik olan məhkəmə qətnaməsi ilə İddiaçı mübahisəli fərdi yaşayış evinə dair istifadə hüququnun olması müəyyən edilməmişdir.

15. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.

16. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.

17. Məhkəmə qeyd edir ki, istifadə hüququ şəxsin yalnız həmin evdə fiziki yaşamağı deyil, həminçinin yaşayış üçün zəruri şəraitdən, o cümlədən kommunal xidmətlərdən istifadəsini də əhatə edir. Kommunal xidmətlərdən istifadəyə maneə yaradılması iddiaçının həmin evdən istifadə hüquqlarını həyata keçirməsini mümkünsüz edir. Cavabdehlərin iddia tələbi ilə bağlı məhkəmədə gətirdikləri arqumentlərdən də görünür ki, cavabdehlər sözgedən fərdi yaşayış evi üzrə iddiaçının kommunal xidmətlərdən istifadəsinə maneə yaratmalarını təkzib etmirlər.

18. Beləliklə məhkəmə qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, iddia təmin edilməli, ünvan 1 ünvanında yerləşən, Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2024-cü il tarixdə, ********** nömrə ilə qeydə alınmış sahəsi 125.70 kv.m olan fərdi yaşayış evi üzrə kommunal xidmətlərdən (elektrik enerjisi, qaz və su) İddiaçı istifadəsinə Cavabdeh1 və Cavabdeh2 tərəfindən yaradılan maneələr aradan qaldırılmalıdır.

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddia tələbi təmin edildiyindən dövlət rüsumu cavabdehlərə aid edilməlidir.

V. Nəticə:

20. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 233.1, 360 və 362-ci maddələrini rəhbər tutub, məhkəmə

qət etdi:

İddia təmin edilsin. ünvan 1 ünvanında yerləşən, Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2024-cü il tarixdə, ********** nömrə ilə qeydə alınmış sahəsi 125.70 kv.m olan fərdi yaşayış evi üzrə kommunal xidmətlərdən (elektrik enerjisi, qaz və su) İddiaçı istifadəsinə Cavabdeh1 və Cavabdeh2 tərəfindən yaradılan maneələr aradan qaldırılsın. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir.

Hakim: Zamiq Rəsulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar