Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-925/2021 21.09.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X5 oğlunun katibliyi, İddiaçı və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən ona vurulmuş maddi ziyana görə 560 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin, cəmi 590 manat məbləğində pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında göstərdi ki, O, Gədəbəy rayonu, Nərimankənd kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Yaşadığı ünvanda həyətyanı torpaq sahəsi və fərdi yaşayış evi vardır. Torpaq sahəsində kənd təsərrüfatı məhsulları əkir. 2021-ci ildə o həyətyanı torpaq sahənin 7 sot hissəsində lobya əkmişdir. Hazırda cavabdeh olan şəxslər onun qonşularıdır. Onlar özlərinə məxsus ev quşlarını (qazlarını) onun lobya sahəsinə dəfələrlə buraxaraq məhsulunu yararsız hala salmışlar. O, dəfələrlə onlara xəbərdarlıq etsə də, heç bir nəticəsi olmamışdır. Sonuncu dəfə 30 iyul 2021-ci ildə cavabdehlərə məxsus ev quşu olan 12 ədəd qaz onun lobya sahəsinə girdiyinə görə o qazları tövləyə salmışdır. Bundan sonra o Cavabdeh2 xəbərdarlıq etmişdir ki, qazları ona maddi ziyan vurmuşdur və ziyanını ödədikdən sonra qazları verəcəkdir. Bundan sonra Cavabdeh2 DİN-nin 102 xidmətinə şikayət etmiş, Gədəbəy rayon Polis şöbəsinin Təhqiqat bölməsində araşadırma aparılarkən Cavabdeh2 özü də izahatında özünə məxsus qazların ona ziyan vurduğunu etiraf etmişdir. Ona görə də, o, cavabdehlərdən onun lobya sahəsinə vurduqları ziyanın əvəzinin ödənilməsini istəyir. Həmçinin, cavabdehlərin ona vurduğu ziyan 560 manat təşkil edir. Belə ki, X11 İnkişaf Mərkəzi tərəfindən verilmiş 11.08.2021-ci il tarixli rəyə əsasən, mərkəzin əməkdaşları ona məxsus həyətyanı torpaq sahəsinin 7 sotunda əkilmiş lobya bitkisinə baxış keçirmiş, baxış zamanı həmin sahədəki lobya bitkisinə 25 faiz ziyan dəydiyi müəyyən edilmişdir. Belə ki, 1 hektara 32 ton nəzərdə tutulan orta məhsuldarlığı nəzərə alınsa, ona dəyən ziyan aşağıdakı kimi olar: 1 ha - 32 ton; 7 sot - 2240 kq, 25 % - 560 kq. Eləcə də Gədəbəy rayonu "xxxx" MMC tərəfindən verilmiş 12.08.2021-ci il tarixli, 113 nömrəli arayışa əsasən, 2021-ci il tarixdə mərkəzi bazarda 1 kq yaşıl lobyanın alış-satış qiyməti 0.80-1 manat təşkil edir. Bu hesabla cavabdehlər tərəfindən ona 560 manat maddi ziyan dəymişdir. Odur ki, ziyanın əvəzinin cavabdehlər tərəfindən ödənilməsini tələb etməkdə haqlıdır. Odur ki, o, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında ona qarşı olan iddia tələbini etiraf etmədi və izahatında göstərdi ki, onun qazları iddiaçının əkin sahəsinə girməmişdir. İddiaçı ona şər, böhtan atır. Lakin, buna baxmayaraq iddiaçı qazların ona məxsus lobya sahəsinə girərək ziyan vurduğunu bildirmiş və onun qazlarını tövləyə salmışdır. O, isə DİN-nin 102 xidmətinə zəng etmişdir. Bundan sonra polis əməkdaşları gəlib qazları iddiaçıya məxsus tövlədən çıxamışdır. Odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. X2 məhkəmə iclasında bildirdi ki, o, X9 Mərkəzinin rəisi vəzifəsində işləyir. 11 avqust 2021-ci il tarixdə iddiaçının ərizəsinə əsasən əkin sahəsinə baxış keçirilmiş, məlum olmuşdur ki, iddiaçının əkib-becərdiyi 7 sot lobya sahəsinə 20-25 faiz ziyan dəymişdir. Rəydə ümumilikdə 560 kq zərər dəyməsi qeyd edilsə də, qeyd edilən çəki inandırıcı deyildir. İddiaçıya məxsus 7 sot əkin sahəsinin 2 sotu hissəsinə ziyan dəymişdir. Odur ki, iddiaçının əkin sahəsinə ümumilikdə 240 kq zərər dəyməsi daha inandırıcıdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarında olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işdə olan AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Gədəbəy rayonu, Nərimankənd kəndində qeydiyyatdadır. İşdə olan X10 kitabında 03.03.2010-cu il tarixdə, 34 nömrə ilə uçota alımış AN 151430 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin surətindən görünür ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli, 01 nömrəli qərarı ilə X1 3089.13 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 06 avqust 2021-ci il tarixli qərarın surətindən görünür ki, Cavabdeh2 ona məxsus 12 ədəd ev quşu olan qazların qonşusu Elmarın lobya sahəsinə girməsinə görə tövləyə salması və onun qaytarılması barədə ərizəsi araşdırılmış və cinayət hadisəsi olmadığından cinayət işi başlanması rədd edilmişdir. İşdə olan Gədəbəy rayon X7 tərəfindən verilmiş 11 avqust 2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı müraciəti əsasında Gədəbəy rayonu, Nərimankənd kəndində ona məxsus həyətyanı torpaq sahəsindəki 7 sot əkilmiş lobya bitkisinə baxış keçirilmiş və bais zamanı müəyyən edilmişdir ki, həmin sahədəki lobya bitkisinə 25 faiz ziyan dəymişdir. Belə ki, hektara 32 ton nəzərdə tutulan orta məhsuldarlığı nəzərə alaraq İddiaçı dəymiş ziyan aşağıdakı kimi olar: 1 ha - 32 ton; 7 sot - 2240 kq, 25 % - 560 kq. İşdə olan Gədəbəy rayonu "xxxx" MMC tərəfindən verilmiş 12 avqust 2021-ci il tarixli, 113 saylı arayışdan görünür ki, 2021-ci il tarixdə mərkəzi bazarda 1 kq lobyanın qiyməti 0.80-1 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM-in) 14.1-ci maddəsinə əsasən, Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 14.2.2. Dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları. 14.2.3. Mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları. 14.2.4. Qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi. 14.2.5. Elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması. 14.2.6. Başqa şəxsə zərər vurulması. 14.2.7. Əsassız varlanma. 14.2.8. Fiziki və hüquqi şəxslərin digər hərəkətləri. 14.2.9. Qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə. Qeyd olunan hüquq normalarının dispozitiv şərtlərinə görə, iddiaçının cavabdehlərdən pul tələb etməsinin qanuni əsaslarının mövcudluğu üçün onlar arasında mülki hüquq və vəzifələrin yaranmasına səbəb olan hüquqi faktlardan hər hansı biri olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələbi və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspert rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Qeyd olunan hüquq normaları baxımından məhkəmə qeyd edir ki, iddiaçı ona məxsus olan əkin sahəsinə cavabdehlərə məxsus qazların girməsini, bunun nəticəsində ona maddi ziyan dəydiyini və bu ziyanın vurulmasında cavabdehin təqsirli hərəkətlərinin olmasını sübuta yetirməlidir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli, 01 nömrəli qərarı ilə X1 3089.13 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin 7 sot hissəsində iddiaçı lobya bitkisi əkmişdir. Əkin sahəsinə qazların girməsi və bitkinin 25 faizinin yarasız hala salması, işdə olan sübutlarla, şahid ifadəsi, eləcə də Gədəbəy rayon X4 arayışı ilə öz təsdiqini tapır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı mübahisəli torpaq sahəsinin 7 sot hissəsindən 2021-ci ildə əldə ediləcək məhsulun 25 faiz hissəsinin dəyərini əldən çıxmış fayda olaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tələb etməkdə haqlıdır. Məhkəmə iclasında dindirilmiş şahid X9 Mərkəzinin rəisi Quliyev Eldar rəydə göstərilənləri qismən qəbul edərək, cavabdehlərin iddiaçıya məxsus lobya sahəsinə qazlarının girməsi nəticəsində iddiaçıya 240 kq zərər dəydiyini bildirdi. Belə olan halda, X9 Mərkəzi tərəfindən verilmiş rəyi qismən nəzərə almaqla məhkəmə qeyd edir ki, iddiaçıya məxsus lobya sahəsinə cavabdehlərə məxsus qazların girməsi nəticəsində iddiaçıya 240 kq lobya məhsulu ziyan dəymişdir. Məhkəmə əldən çıxmış fayda olan lobya məhsulunun qiyməti məsələsini həll edərkən hesab edir ki, cavabdehlərdən alınmalı olan lobya məhsulunun dəyəri müəyyən edilərkən iş materiallarında olan Gədəbəy rayonu "xxxx" MMC tərəfindən verilmiş 12 avqust 2021-ci il tarixli, 113 saylı qiymətləndirmə barədə arayışda qeyd edilmiş qiymətlərin aşağı həddi əsas götürülməlidir. Bu hesabla mübahisəli 240 kiloqram lobyadan 192 manat (240 x 0.80 manat = 192 manat) qazanc əldə etmək olardı. Azərbaycan Respublikasının MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda dövlət rüsumu tərəflər arasında bərabər bölünməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı əldən çıxmış fayda olaraq vurulmuş maddi ziyana görə 192 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 15 manat, cəmi 207 manat məbləğində pul alınıb İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233.1-ci və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı əldən çıxmış fayda olaraq vurulmuş maddi ziyana görə 192 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 15 manat, cəmi 207 manat məbləğində pul alınıb İddiaçı verilsin. Dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №2(042)-925/2021
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-925/2021
21.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver