Məhkəmə qərarları › İş №2(042)-94/2024

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-94/2024

15.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-94/2024 15.01.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X8 oğlunun katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 14 saylı X9 Mərkəzinin etibarnamə üzrə nümayəndəsi X3 və Cavabdeh iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 14 saylı X9 Mərkəzinin Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 14 saylı X9 Mərkəzi məhkəmədə iddia qaldıraraq cavabdeh Gədəbəy rayonu, İnəkboğan kənd sakini Cavabdeh dövlət meşə fonduna vurmuş olduğu 110 manat ziyanlığın ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 14 saylı X9 Mərkəzinin əməkdaşları tərəfindən meşələrin qorunub mühafizə olunma vəziyyətini araşdırmaq məqsədi ilə 20 sentyabr 2023 -cü il tarixdə Saratovka meşəbəyliyinin 5 saylı meşə dolayısında qəfləti yoxlama aparılmışdır. Belə ki, vətəndaş özünə məxsus 5 (beş) baş iri buynuzlu mal-qaranı otardığı, 0.50 ha sahənin içərisində göyrüş və fıstıq cinsindən olan meşə əkinlərinə ziyan vurduğu üçün təqsirli bilindiyinə görə barəsində akt və İnzibati protokol tərtib edilmişdir. Bununla da o, Azərbaycan Respublikası Nazirlər Kabinentinin 31 yanvar 2019-cü il tarixli 30 saylı qərarının 1 nömrəli əlavəsinin 2-ci hissəsinin tələblərini pozduğuna əsasən dövlət meşə fonduna 110 manat məbləğində ziyan vurmuşdur. İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 14 saylı X9 Mərkəzinin etibarnamə üzrə nümayəndəsi X5 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə oxşar izahat verdi və əlavə olaraq bildirdi ki, ola bilər ki, foto şəkillərdə olan heyvanlar cavabdehə məxsus olmasın, lakin cavabdehə məxsus heyvanlar da həmin ərazidə olmuşdur. Həmin foto şəkillər səhvən əlavə olunmuşdur. Həmin heyvanlar cavabdehin həyətinə getmiş və həmin heyvanlar cavabdehə təhvil verilmişdir. Həmçinin ola bilər ki, hazırda cavabdehə məxsus üç baş heyvan olsun, lakin həmin vaxt beş baş heyvan cavabdehə təhvil verilmişdir. Cavabdeh uzun müddətdir ki, heyvanlarını meşə ərazisində otarır. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etmədi və izahat verərək bildirdi ki, aktda onun beş baş mal-qarasının olması qeyd edilmişdir. Lakin onun üç baş mal-qarası varıdır. Bu barədə o nümayəndəlikdən arayış almışdır. Həmçinin aktda ona mal-qaranın təhvil verilməsi qeyd edilmiş, lakin meşə idarəsi işçiləri tərəfindən ona mal-qara təhvil verilməmişdir. Foto şəkillərdə olan heyvanlar ona məxsus deyildir. Heyvanların ona təqdim edildiyi zaman foto şəkillər çəkilməmiş və rəsmiləşdirilməmişdir. Onlara məxsus heyvanlar pay torpaq sahəsində otlayır. Onun akt tərtib edilməsindən və mal-qaranın təhvil verilməsindən xəbəri olmamışdır. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. X7 məhkəmə iclasında bildirdi ki, o, Gədəbəy rayonu, Novoivanovka kəndində yaşayır. Meşələrin İnkişafı Xidmətinin 14 saylı X9 Mərkəzinin Gədəbəy meşəbəylikləri üzrə meşə əkin mühəndisi vəzifəsində işləyir. Cavabdehin beş baş mal-qarası meşə ərazisində olan əkin sahəsinə girmişdir. Onlar həmin heyvanları meşə ərazisinin əkin sahəsindən çıxarmışdır. Həmin zaman 14 saylı X9 Mərkəzinin müavini-baş meşəbəyi, meşə gözətçisi də orda olmuşdur. Mal-qaranı cavabdehin həyətinə gətirərək, cavabdehə təhvil verilmişdir. Cavabdehin özünə də mal-qarasını meşə ərazisinə buraxmaması barədə xəbərdarlıq edilmişdir. X1 məhkəmə iclasında bildirdi ki, o, Gədəbəy rayonu, Çobankənd kəndində yaşayır. Meşələrin İnkişafı Xidmətinin 14 saylı X9 Mərkəzinin, Saratovka meşəbəyliyinin 5 saylı meşə dolayısında meşə gözətçisi vəzifəsində işləyir. Meşə ərazisində yerləşən çəpərdə bir neçə mal-qara olmuşdur. Orda olan mal-qaraları öz sahiblərinə təhvil vermişlər. Həmin heyvanların içərisində cavabdehə məxsus 5 baş mal-qara olmuşdur. Cavabdehə məxsus 5 baş mal-qaranı sonuncuya təhvil vermişlər. Cavabdehə mal-qarasını meşə ərazisinə buraxmaması barədə xəbərdarlıq edilmişdir. X2 məhkəmə iclasında bildirdi ki, Gədəbəy rayonu, Əyrəvəng kəndində yaşayır. Cavabdeh onun qonşusudur. Cavabdehin özünə məxsus üç iribuynuzlu heyvanı vardır. Cavabdehə məxsus heyvanları tanıyır. Foto şəkillərdə olan heyvanlar cavabdehə məxsus heyvanlar deyildir. X15 məhkəmə iclasında bildirdi ki, Gədəbəy rayonu, Əyrəvəng kəndində yaşayır. Cavabdehə məxsus üç iribuynuzlu heyvanı varıdır. Cavabdeh heyvanlarını pay torpaq sahəsində saxlayır. Cavabdehə məxsus heyvanları tanıyır. Foto şəkillərdə olan heyvanlar cavabdehə məxsus heyvanlar deyildir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslıdır. Belə ki, işdə olan 20 sentyabr 2023-cü il tarixdə tərtib edilmiş aktın təsdiq edilmiş surətindən görünür ki, 20 sentyabr 2023-cü il tarixdə Saratovka meşəbəyliyinin 5 saylı meşə dolayısında yoxlama aparılmış, yoxlama zamanı müəyyən olunmuşdur ki, Cavabdeh özünə məxsus 5 (beş) baş iri buynuzlu mal-qaranı otardığı, 0.50 ha sahənin içərisində göyrüş və fıstıq cinsindən olan meşə əkinlərinə ziyan vurmuşdur. İşdə olan meşə qanunvericiliyinin pozulmasına dair qiymətləndirmə cədvəlin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh tərəfindən meşə fonduna vurulmuş ziyan 110 manat məbləğində müəyyən edilmişdir. İşdə olan 20 sentyabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolun və 02 oktyabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın təsdiq edilmiş surətindən görünür ki, Əsgərov X10 rayonu Saratovka meşəbəyliyinin 5 saylı meşə dolayısında meşə əkinində qanunsuz mal-qara otaraq meşə qanunvericiliyini pozduğuna görə Azərbaycan Respublikasının İXM-nin 253.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. İşdə olan Gədəbəy RİHB-nın Arıqıran kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 16 noyabr 2023-cü il tarixli, 1127 saylı arayışdan görünür ki, RİH başçısının Arıqıran kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2021-2025-ci illəri əhatə edən 08 nömrəli ev təsərrüfatlarının uçotu kitabının 79-cu səhifəsinə 669 nömrəli şəxsi hesaba əsasən qeyd edilmişdir və ərazidə yaşayır. Təsərrüfatbaşına kitabda adlarına üç baş iribuyuzlu mal-qara var. Beləliklə, məhkəmədə müəyyən edildi ki, 20 sentyabr 2023-cü il tarixdə Saratovka meşəbəyliyinin 5 saylı meşə dolayısında yoxlama aparılmış, yoxlama zamanı müəyyən olunmuşdur ki, Cavabdeh özünə məxsus iri buynuzlu mal-qaranı otardığı, 0.50 ha sahənin içərisində göyrüş və fıstıq cinsindən olan meşə əkinlərinə ziyan vurmuşdur. Vurulmuş ziyan 110 manat məbləğində müəyyən edilmişdir. Eləcə də, inzibati tənbeh vermə haqqında qərarla Əsgərov X10 rayonu Saratovka meşəbəyliyinin 5 saylı meşə dolayısında meşə əkinində qanunsuz mal-qara otararaq meşə qanunvericiliyini pozduğuna görə Azərbaycan Respublikasının İXM-nin 253.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Qərar mübahisələndirilməmiş, qanuni qüvvəsini almışdır. Məhkəmə həmçinin cavabdehin təqdim etdiyi şahidlərin ifadələrinə tənqidi yanaşır, həmin ifadələrin cavabdehin mülki hüquqi məsuliyyətdən yaxa qurtarması məqsədi daşıyır. Həmçinin iddiaçının nümayəndəsi iş materllarında olan foto şəkillərdəki heyvanların cavabdehə məxsus olmadığını, heyvanlar çox olduğundan işdəki foto şəkillərin səhv düşdüyünü bildirmişdir. Ona görə də, məhkəmə işdə olan heyvanların şəklini sübut kimi qəbul etmir. Buna baxmayaraq məhkəmə iddiaçının gətirdiyi arqumentləri əsaslı sayır. Cavabdeh qanunsuz hərəkətləri nəticəsində meşə fonduna ziyan vurulması məhkəmə iclasında dindirilmiş şahid ifadələri, iş materiallarında olan akt və inzibati xəta haqqında qərarla öz təsdiqini tapır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Meşə Məcəlləsinin 15-ci maddəsinə əsasən, meşə fondu sahələrindən istifadə hüququnun əsasları aşağıdakılardır: müqavilələr; məhkəmə qərarları; bu Məcəllə ilə yol verilən digər əsaslar. Meşə sahələrindən istifadə hüququ, kütləvi servitut istisna olmaqla, meşə fondu sahələrinin icarə müqaviləsinin dövlət qeydiyyatından keçdiyi, meşəqırma bileti, order, meşə bileti alındığı vaxtdan əldə edilir. Azərbaycan Respublikası Meşə Məcəlləsinin 16-cı maddəsinə əsasən, meşə fondu sahələrindən istifadə hüququ meşə fondu sahəsinin (torpaqlarının) icarə müqaviləsinin, meşəqırma biletinin, orderin, meşə biletinin əsasında yaranır. Həmin Məcəllənin 25-ci maddəsinə əsasən, meşəqırma bileti oduncaq və ikinci dərəcəli meşə materiallarının tədarükü, daşınması üçün hüquq verən sənəddir. Həmin Məcəllənin 64-cü maddəsinə əsasən, meşə gəliri köküstü oduncaq buraxılışı və meşədən digər istifadələrə görə, habelə meşə fonduna vurulan zərər və itkiyə görə ödəmələrdən ibarətdir. Ödəmələr meşə məzənnələri əsasında hesablanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən. mülki hüquq pozuntusu hüquqla və ya qanunla müdafiə edilən başqa şəxslə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Göründüyü kimi, meşə fondu sahələrindən istifadə hüququ Azərbaycan Respublikası Meşə Məcəlləsinin 15-16-cı maddələrində qeyd edilən əsaslarla yaranır. Lakin məhkəmədə müəyyən edildi ki, cavabdehin meşə fonduna aid olan ərazidə mal-qara otararkən (saxlayarkən) heç bir icazə sənədi və ya istifadə hüququ olmamışdır. Belə olan halda, cavabdehin qanunsuz hərəkətləri nəticəsində meşə fonduna ziyan dəymişdir. Odur ki, iddiaçı vurulmuş ziyanın cavabdeh tərəfindən ödənilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı ona maddi zərər vurulmasını, maddi zərərin cavabdehin təqsirli hərəkəti nəticəsində vurulmasını təqdim etdiyi həqiqiliyi və mötəbərliyi şübhə doğurmayan sənədlərlə tam sübuta yetirdi. Azərbaycan Respublikası MPM-in 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslarda, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Toplanmış sübutlara tətbiq edilməli hüquq normalarına uyğun qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh hüquqa zidd hərəkətləri nəticəsində iddiaçıya vurduğu maddi zərəri tam həcmdə ödəməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.14-cü maddəsinə əsasən, məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar. MPM-in 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 110 (bir yüz on) manat məbləğində pul tutularaq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 14 saylı X9 Mərkəzinə ödənilsin. Cavabdeh 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar