Məhkəmə qərarları › İş №2(042)-950/2020

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-950/2020

04.11.2020 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-950/2020 04.11.2020 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 İsfəndiyar qızının, Cavabdeh2 və Cavabdeh3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 İsfəndiyar qızına, Cavabdeh2 Cavabdeh3 və Cavabdeh4 qarşı cavabdeh tərəfindən su xəttinə edilmiş maneələrə qadağa qoyulması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 İsfəndiyar qızına, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 evinə gedən su xəttinin bərpa edilməsi və cavabdehlər tərəfindən həmin su xəttinə etmiş olduqları maneələrə qadağa qoyulması tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etmiş, izahat verərək, bildirmişdir ki, Gədəbəy Bələdiyyəsinin xx xxxxxx 2002-ci il tarixli 15 saylı qərarına əsasən “Bələdiyyənin su təsərrüfatı haqqında qanunun” 18 və 19.0.1-ci maddələri nəzərə alınaraq X3 əvvəllər daimi istifadəsinə verilmiş “Göyyurd" adlanan sahədə “Şimşək vuran” talanın şərq tərəfində, X6 şəxsi həyətyanı sahəsinin ayaq tərəfində olan ərazidə yerləşən təbi su anbarı onu əhatə edən 100 m2 torpaq sahəsi ilə birlikdə onun daimi istifadəsinə verilmişdir. Həmin su anbarından şəxsi təsərrüfatlarında istifadə etmək üçün öz şəxsi hesabına su xətti çəkdirərək uzun müddət istifadə etmişdir. Hazırda cavabdehlər həmin bulağa xətlər çəkmişlər və həyətə su gəlmir. Halbuki sudan istifadə etmə haqqını özü ödəyir. Ona görə də iddia ərizəsinin təmin edilməsini xahiş edir. Cavabdeh1 məhkəmə iclasında ona qarşı olan iddia tələbini etiraf etməmiş, izahat verərək bildirmişdir ki, iddiaçının iddia etdiyi bulaq onunla birlikdə əhalinin ümumi istifadəsi üçün nəzərdə tutulmuş bir bulaqdır. O, vaxtilə həmin bulaqdan istifadə etmək üçün 600 manat pul ödəmişdir. Bunun əsasında qarşılıqlı razılaşma ilə bulaqdan həm iddiaçı, həm də onlar istifadə etmişlər. Həmin bulaqdan onun istifadə etmək hüququ vardır. İddiaçının evinə gedən su borularına heç bir maneə törətməmişdir. Ona görə də iddia tələbinin təmin edilməməsi haqqında qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdehlər Cavabdeh3 və Cavabdeh2 eyniməzmunlu izahatlar verərək iddia tələbinin təmin ediməməsini xahiş etmişlər. Cavabdeh4 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh4 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan Gədəbəy bələdiyyəsinin xx xxxxxxxx 2000-ci il tarixli iclasının 10 saylı protokolundan çıxarışdan görünür ki, “Bələdiyyənin su təsərrüfatı haqqında” Azərbaycan Respublikası qanununun 18-ci maddəsi rəhbər tutularaq şəhər sakini X5 Gədəbəy şəhərinin “Göyyurd" adlanan boş istifadəsiz sahədən təbii içməli sudan istifadə etmək üçün icazə verilmiş, X1 mənbəyindən istifadə etməzdən qabaq həmin ərazidə yaşayan əhalinin suya olan ehtiyacını nəzərə alaraq onların sudan ümumi istifadəsini təmin etmək üçün suyun mənbəyinə kiçik anbar tikintisini təmin etməsi, həmin su anbarından bir xətt orada yaşayan əhalinin istifadəsinə verməsi tapşırılmış, qalan su ehtiyatının öz şəxsi istifadəsi üçün həyətinə aprılmasına icazə verilmişdir. İşdə olan Gədəbəy bələdiyyəsinin xx xxxxxx 2000-ci il tarixli iclasının 15 saylı protokolundan çıxarışdan görünür ki, mərhum X3 adına verilmiş xx xxxxxxxx 2000-ci il tarixli qərar ləğv edilmiş, Bələdiyyənin “su təsərrüfatı haqqında qanunun” 18 və 19.0.1-ci maddələri nəzərə alınaraq X3 əvvəllər daimi istifadəsinə verilmiş “Göyyurd" adlanan sahədə “Şimşək vuran” talanın şərq tərəfində, X6 şəxsi həyətyanı sahəsinin ayaq tərəfində olan ərazidə yerləşən təbi su anbarı X2 daimi istifadəsinə verilmiş, İddiaçı daimi istifadəsinə verilmiş su anbarını əhatə edən ərazidən 100 m2 torpaq sahəsi daimi istifadə üçün onun mülkiyyətinə verilmiş, daimi istifadəsinə verilmiş kiçik su anbarının sanitariya qaydalarına əməl etməklə saxlanılması və ondan istifadə edən əhalinin içməli suya olan tələbatını nəzərə alaraq həmin sudan istifadə etmək üçün şərait yaradılmasını təmin etmək Fəxrimə Məmmədovaya tapşırılmışdır. İşdə olan Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(042)-922/2020 saylı qətnaməsinin surətindən görünür ki, X4 Cavabdeh1 qarşı iddia qaldırmaq üçün subyektiv hüququ olmadığı üçün iddia tələbi təmin edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin izahatlarını və işdə olan sənədləri təhlil edərək hesab edir ki, iddiatələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 152.3-cü maddəsinə əsasən, İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 158.1 və 158.1.2-ci maddələrinə əsasən əmlakdan istifadə hüququ mülkiyyət hüququ ilə yanaşı əmlak hüququ sayılır. Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. “Bələdiyyələrin su təsərrüfatı haqqında” Azərbaycan Respublikasının Qanununun 18-ci maddəsinə əsasən bələdiyyələr öz mülkiyyətində olan su təsərrüfatı obyektlərini Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq ümumi itsifadəyə, hüquqi və fiziki şəxslərin istifadəsinə, icarəsinə, habelə Azərbaycan Respublikası vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə verə bilərlər. Həmin Qanunun 22-ci maddəsinə əsasən bələdiyyələrin su təsərrüfatı haqqında qanunvericiliyin pozulması ilə bağlı olan mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında həll edilir. Beləliklə, məhkəmə araşdırmaları nəticəsində müəyyən edilmişdir ki, mübahisəli su obyekti Gədəbəy şəhərinin “Göyyurd" adlanan sahəsində yerləşir. Gədəbəy bələdiyyəsinin xx xxxxxxxx 2000-ci il tarixli qərarı ilə həmin su obyektindən istifadə etmək üçün X5 icazə verilmiş, su mənbəyindən istifadə etməzdən qabaq həmin ərazidə yaşayan əhalinin suya olan ehtiyacını nəzərə alaraq onların sudan ümumi istifadəsini təmin etmək üçün suyun mənbəyinə kiçik anbar tikintisini təmin etməsi, həmin su anbarından bir xətt orada yaşayan əhalinin istifadəsinə verməsi X5 tapşırılmış, qalan su ehtiyatının öz şəxsi istifadəsi üçün həyətinə aprılmasına icazə verilmişdir. Gədəbəy bələdiyyəsinin xx xxxxxx 2000-ci il tarixli iclasının 15 saylı qərarı ilə mərhum X3 adına verilmiş xx xxxxxxxx 2000-ci il tarixli qərar ləğv edilmiş, Bələdiyyənin “su təsərrüfatı haqqında qanunun” 18 və 19.0.1-ci maddələri nəzərə alınaraq X3 əvvəllər daimi istifadəsinə verilmiş “Göyyurd" adlanan sahədə “Şimşək vuran” talanın şərq tərəfində, X6 şəxsi həyətyanı sahəsinin ayaq tərəfində olan ərazidə yerləşən təbi su anbarı X2 daimi istifadəsinə verilmiş, İddiaçı daimi istifadəsinə verilmiş su anbarını əhatə edən ərazidən 100 m2 torpaq sahəsi daimi istifadə üçün onun mülkiyyətinə verilmiş, daimi istifadəsinə verilmiş kiçik su anbarının sanitariya qaydalarına əməl etməklə saxlanılması və ondan istifadə edən əhalinin içməli suya olan tələbatını nəzərə alaraq həmin sudan istifadə etmək üçün şərait yaradılmasını təmin etmək İddiaçı tapşırılmışdır. Həmin qərarlardan görünür ki, iddiaçıya tapşırılmışdır ki, digər sakinlərin də sudan istifadə etməsinin təmin edilməsi üçün əlavə olaraq yalnız bir xətt çəkilməlidir. Lakin cavabdehlər məhdud suyu olan bulağa bir neçə xətlər çəkmiş, nəticədə iddiaçının evinə həyətinə su çatmamışdır. Ona görə də iddia tələbi təmin edilməli, cavabdehlərin üzərinə hazırda fəaliyyətdə olan su anbarını işlək vəziyyətdə saxlamaq, iddiaçının sudan istifadə imkanlarının təmin edilməsi üçün həmin su anbarından başqa iddiaçının evinə gedən xətdən yuxarı səviyyədə çəkilmiş xətlə qoşulacaq əlavə su anbarını inşa etmək və yalnız əlavə su anbarına yığılan sudan istifadə etmək vəzifələri qoyulmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Аzərbаycаn Rеspublikаsı MPM-nin 216-227, 358-360 və 362-cı mаddələrini rəhbər tutаrаq, Qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh1, Cavabdeh2 Cavabdeh3 və Cavabdeh4 üzərinə hazırda fəaliyyət göstərən su anbarını işlək vəziyyətdə saxlamaq, İddiaçı sudan istifadə imkanlarının təmin edilməsi üçün onun istifadəsinə verilmiş su anbarına İddiaçı evinə gedən xətdən yuxarı səviyyədə çəkilmiş xətlə qoşulacaq əlavə su anbarını inşa etmək və yalnız əlavə su anbarına yığılan sudan istifadə etmək vəzifələri qoyulsun. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar