Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-961/2020 06.11.2020 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsihakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, X1nın və Cavabdeh iştirakları ilə X1nın Cavabdeh qarşı birgə nikah dövründə bankdan götürülmüş kreditin müştərək qaydada ödənilməsi tələbinə dair mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: X1 Cavabdeh qarşı birgə nikah dövründə əldə edilmiş kreditin aralarında bölünərək ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. X1 məhkəmə iclasında iddia ərizəsini müdafiə etmiş, izahat verərək, bildirmişdir ki, 2014-cü ildə cavabdehlə qeyri-rəsmi ailə qurmuş və nikahlarını xx.xx.2015-ci il tarixdə, Gədəbəy rayonu İHB-nın Qaradağ kənd İƏD üzrə nümayəndəlikdə rəsmləşdirilmişlər. Birgə nikahdan iki uşaqları olmuşdur. Gədəbəy Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(042)-1199/2019 nömrəli qətnaməsi ilə cavabdehlə aralarında qeyd edilmiş nikah ləğv edilmişdir. xx xxxxxxxx 2019-cu ildə birgə yaşadıqları dövrdə onun adına Kapital bankın Gədəbəy rayon filialından üç min yüz manat nağd kredit almışlar. Həmin kreditlə cavabdeh özünə avtomobil almışdır. Nikahları pozulduqdan sonra cavabdehə kreditin ödənilməsi ilə bağlı müraciət etsə də o, kreditin ödənilməsinə kömək etməyəcəyini bildirmişdir.Ona görə də, iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasında iddia ərizəsinə etiraz etmiş izahat verərək bildirmişdir ki, iddiaçı ilə 2019-cu ilin fevral ayında faktiki olaraq, ayrılmışlar. İddiaçı isə krediti 2019-cu ilin sentyabr ayında almışdır. Bankdan götürülmüş kreditdən onun xəbəri olmayıb. Sonradan bilmişdir ki, iddiaçı bankdan kredit götürmüş və onu anasının evinin təmirinə xərcləmişdir. Hazırda həmin krediti iddiaçının anası ödəyir. İddiaçı ilə nikahları pozulduqdan sonra kreditin ödənilib ödənilməməsi haqqında məlumatı yoxdur. Ona görə də, iddia ərizəsinin təmin edilməməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan kredit müqaviləsindən görünür ki, X3xx.xx.2019-cu il tarixdə kredit götürmüşdür. İşdə olan Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, X3 və Cavabdeh arasında olan nikah pozulmuşdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin izahatlarını, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 31.1-ci maddəsinə əsasən ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Məcəllənin 32.2.1-ci və 32.2.2-ci maddələrinə əsasən ər-arvadın hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri, ər-arvadın ümumi gəlirləri hesabına əldə etdikləri daşınar və daşınmaz əmlaklar ər-arvadın ümumi birgə mülkiyyəti sayılır. Məcəllənin 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Məcəllənin 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Məcəllənin 41.1-ci maddəsinə əsasən ər-arvaddan birinin öhdəlikləri üzrə ödəmə yalnız onun şəxsi əmlakına və ər-arvadın ümumi əmlakı bölünərkən həmin əmlakdan ona çata biləcək paya yönəldilə bilər. Məcəllənin 41.2-ci maddəsinə əsasən ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ərarvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilir. Bu əmlak kifayət olmadıqda, həmin öhdəliklər üzrə ərarvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, sübutetmə yükü üzərinə düşməsinə baxmayaraq, iddiaçı tərəfindən öz öhdəliyi üzrə alınmış vəsitin ailə ehtiyacları üçün istifadə edildiyini sübut edə bilməmiş, krediti 2019-cu ilin sentyabr ayında aldığı, cavabdehlə 2019-cu ilin fevral ayından etibarən faktiki olaraq, ayrıldığını bildirmişdir. Ona görə də iddia təmin edilməməlidir. İddia ərizəsi təmin edilmədiyindən iddiaçının mülki işə məhkəmədə baxılması üçün ödədiyi 10 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-961/2020
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-961/2020
06.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver