Məhkəmə qərarları › İş №2(042)-97/2024

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-97/2024

12.02.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-97/2024 12.02.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X1 oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “avtomobil yolunan istifadəyə edilən maneələrin aradan qaldırılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq Gədəbəy rayonu, Gər-Gər kəndində yerləşən xüsusi mülkiyyətində olan evinə gedən avtomaşın yoluna Cavabdeh tərəfindən edilən maneələrin (hər hansı formada) və çirkab sularının başqa istiqamətə yönəltməsinə qadağa qoyulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsinin onunla əsaslandırmışdır ki, o, Gədəbəy rayonunun Gər-Gər kəndində yaşayır. Cavabdeh ilə yaxın qonşu olmaqla yaxın qohumluq əlaqələri də var. Onun evinə və həyətinə gedən avtomaşın yolu cavabdehin tövləsinin arxa hissəsindən keçir. Cavabdeh evinin damından və tövləsinin damından axan suları yola buraxmaqla yanaşı onların avtomaşın yolunun kənarına daş parçaları düzərək avtomaşının normal şəkildə gediş-gəlişinə manelər yaradır. Bununla yanaşı saxladığı mal-qarasının sidiyini avtomaşın yoluna buraxır və gediş-gəliş zamanı üfünətli iyi ətrafı bürüyür. O, bununla bağlı dəfələrlə cavabdehə, eləcə də kənd bələdiyyəsinə müraciətlər etsə də bir müsbət nəticə əldə olunmamışdır. Onun yaşadığı fərdi yaşayış evinə dair DƏDRX-nin 11 saylı Ərazi İdarəsi tərəfrindən xx.xx.2023-cü il tarixdə verilmiş çıxarışlar vardır. Cavabdeh onların həmin yoldan istifadə etmələrinə maneələr yaradır. Onlar bu mübahisənin dinc yolla həll edilməsinə çalışsalar da cavabdeh onların təkliflərini qəbul etmir və onların istifadələrində olan avtomaşın yoluna hər hansı formada maneçiliklər yaradır. O, məcburiyyət qarşısında qalaraq bu mübahisənin həlli üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Odur ki, Cavabdeh tərəfindən onun evinə gedən avtomaşın yoluna edilən maneələrə qadağa qoyulmasını və çirkab sularını başqa istiqmətə yönəltməsini istəyir. İddiaçı məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə oxşar izahat verdi və əlavə olaraq bildirdi ki, cavabdeh onların yaşadığı evə gedən avtomobil yoluna daş düzür. Evinin və tövləsinin damından axan suları yola axır, novalça qoymamyıb. Həmçinin cavabdehin evinə gedən yola giriş-çıxış üçün qoyulmuş darvaza çölə açılır və onların gediş gəlişinə maneələr yaradır. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etmədi və izahat verərək bildirdi ki, iddiaçının evinə olan gediş-gəliş yoluna hər hansı maneə yaratmır. Mübahisəli darvaza 60 ildir ki qoyulub və heç bir maneə yaratmır. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, işdəki sübutları və digər materialları araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işdə olan Gədəbəy RİHB-nın Gərgər kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 06 aprel 2023-cü il tarixli, 266 saylı arayışdan görünür ki, Aslanov X2 RİHB-nın Gərgər kənd İƏD üzrə nümayəndəliyinin 2021-2025-ci illəri əhatə edən 05 saylı ev təsərrüfatlarının uçotu kitabının 65-ci səhifəsində, 414-cü şəxsi hesaba əsasən qeydiyyatdadır. İşdə olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Gədəbəy rayonu, Gərgər kəndində yerləşən 0.0123 ha torpaq sahəsi İddiaçı adına xx.xx.2023-cü il tarixdə, ********** nömrə ilə qeydə alınmışdır. İşdə olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023cü il tarixdə tərtib edilmiş, 505-9-112 invertar nömrəli texniki pasportun surətindən görünür ki, Gədəbəy rayonu, Gərgər kəndində yerləşən İddiaçı məxsus fərdi yaşayış evinin və onun yerləşdiyi torpaq sahəsinin planı əks olunmuşdur. İşdə olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş Torpaq sahəsinin planı və ölçüsü sənədinin surətindən görünür ki, Gədəbəy rayonu, Gərgər kəndində yerləşən İddiaçı məxsus 0.0123 ha torpaq sahəsinin planı və kadastr göstəriciləri əks olunmuşdur. İşdə olan yerində müayinə iclasının protokolundan görünür ki, iş üzrə mübahisəli avtomobil yolu Gədəbəy rayonu, Gərgər kəndində yerləşir. İddiaçı və Cavabdeh istifadəsində olan torpaq sahələri həmsərhəddir, qonşudur. İddiaçı evinə və həyətinə gedən avtomaşın yolu cavabdehin tövləsinin arxa hissəsindən keçir. Evin və tövlənin damından yağış və qar sularının müəyyən istiqamətə axması üçün novalçalar quraşdırılmamışdır. Evin və tövlənin damından axan yağış və qar suları İddiaçı yaşadığı evin gediş-gəliş yoluna axır. Həmçinin mübahisəli gediş-gəliş yolunun kənarına daş parçaları düzülmüşdür. Cavabdeh evinin həyətinə giriş-çıxış üçün darvaza quraşdırılmışdır. Darvaza avtomobil yoluna tərəf açılır. Məhkəmədə iddiaçının nümayəndəsinin izahatı və tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Gədəbəy rayonu, Gərgər kəndində yerləşən 0.0123 ha torpaq sahəsi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış, fərdi yaşayış evinin texniki pasportu tərtib edilmişdir. İddiaçı məhkəmədə iddia qaldıraraq, fərdi yaşayış evinə gedən avtomobil yolundan istifadə etməsinə Cavabdeh tərəfindən maneələr yaradıldığını iddia etmişdir. İddiaçının iddia tələbinin qanuni əsaslarını Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsi və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2 və 157.4-cü maddələri təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Qeyd olunan maddi hüquq normalarının hüquqi şərtlərinin mövcudluğu üçün, iddiaçı tərəfindən edilən müdaxilələrə son qoyulması tələb olunan avtomobil yolu qanunla nəzərdə tutulmuş yol olmalı, həmin yoldan iddiaçının istifadə etməsinə cavabdeh tərəfindən maneələr yaradılmalı və həmin maneələr qanunsuz olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan hüquq normasının tələbinə görə, iddiaçı avtomobil yolunun gedişgəlişinə maneələrin aradan qaldırılmasını tələb etdiyi torpaq sahəsinin (evin) mülkiyyətçisi olmasını, həmin torpaq sahəsinə (evə) gedən yolun qanunla nəzərdə tutulmuş yol olmasını və cavabdeh tərəfindən həmin yoldan istifadəsinə maneələrin yaradılmasını sübut etmə vəzifəsi daşıyır. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçının avtomobil yolunun gediş-gəlişinə maneə aradan qaldırılmasını tələb etdiyi torpaq sahəsi və fərdi yaşayış evi onun xüsusi mülkiyyətində olmaqla daşınmaz əmlakın dövlət reyestrində adına qeydə alınmışdır. Tərəflər iddiaçıya məxsus torpaq sahəsinə və fərdi yaşayış evinə qanunla nəzərdə tutulmuş avtomobil yolunun hazırki iş üzrə mübahisəli avtomobil yolu olmasını mübahisələndirmirlər. Yerində müayinə iclası zamanı cavabdehə məxsus evin və tövlənin damından axan yağış və qar sularının müəyyən istiqamətə axıdılması üçün novalçalar quşadırılmadığı, evin və tövlənin damından axan suların mübahisəli avtomobil yoluna axdığı, avtomobil yolunun kənarına daş parçalarının düzüldüyü, cavabdehə məxsus evin darvazasının çölə doğru, yəni yola doğru açılması və bu hərəkətlərin (hərəkətsizliyin) nəticəsində iddiaçıya məxsus evə və torpaq sahəsinə gediş-gəliş üçün nəzərdə tutulmuş avtomobil yolunun daralmasına və yararsız hala düşməsinə səbəb olur. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı mülkiyyət hüquqlarını rahat və maneəsiz şəkildə həyata keçirmək üçün həmin yoldan istifadə etməyə və istifadəsinə yaradılan maneələrin aradan qaldırılmasını tələb etməkdə haqlıdır. Məhkəmə iddia tələbinin çirkab sularının başqa istiqamətə yönəltməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi bu hissədə aydın və konkret şəkildə - çirkab sularının mənbəyi və hansı istiqamətə yönəldilməsi göstərilməmişdir. Odur ki məhkəmə iddia tələbinin bu hissədə təmin edilməməsi qənaətinə gəlir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv və məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Gədəbəy rayonu, Gərgər kəndində yerləşən İddiaçı məxsus olan fərdi yaşayış evinə gedən avtomobil yolundan istifadəsinə Cavabdeh tərəfindən yaradılan hər cür maneələr aradan qaldırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman dövlət rüsumu ödəmişdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumu, cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 307-311, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Gədəbəy rayonu, Gərgər kəndində yerləşən İddiaçı məxsus olan fərdi yaşayış evinə gedən avtomobil yolundan istifadəsinə Cavabdeh tərəfindən yaradılan hər cür maneələr aradan qaldırılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi Cavabdeh alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar