Məhkəmə qərarları › İş №2(042)-976/2023

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-976/2023

02.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-976/2023 02.10.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, Orucov Anar Möhübbət oğlunun katibliyi ilə, iddiaçı X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddiası üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X3 məhkəmədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia qaldıraraq, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 əsassız varlandıqları 2321 manat məbləğində pulun, habelə dövlət rüsumu əvəzi ödənilmiş 34 manatın alınaraq, ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlərə iddiaçının tələbinə dair əsaslandırılmış etirazlarının olduğu halda, öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olmaları barədə qanunla müəyyən edilmiş qaydada bildiriş göndərilmiş, lakin, cavabdehlər tərəfindən iddiaçının tələbinə dair hər hansı etiraz daxil olmamışdır. İddiaçı X3 iddia tələbini onunla əsaslandırmışdır ki, Gədəbəy şəhər sakini Cavabdeh2 06 may 2023-cü il tarixdə onu ailə qurmaq məqsədi ilə qaçırmış, 10 may 2023-cü il tarixdə pulunun olmadığını bildirmiş və tamkartını ona verməsini xahiş etmişdir. O, tamkart üzrə ödəmədə gecikmə olanda üzərinə faiz gəldiyin demiş və verə bilməyəcəyini bildirmişdir. Cavabdeh2 onu hədələmiş və kartı zorla kartı ondan almışdır. Cavabdehlər toyda ona hədiyyə edilən dəst qızılları toydan sonra saxta qızıllarla dəyişdirmiş, Cavabdeh2 demişdir ki, onu bir aya boşayacaqdır. Bundan sonra o, başa düşmüşdür ki, Aydın əvvəlcədən digər cavabdeh olan anası Cavabdeh1 ilə əlbir olaraq, toy etmişlər və özlərinə pul yığsınlar. Cavabdehlər sonradan onu evdən cıxarmışlar. Cavabdehlər ona məxsus Beynəlxalq Bank ASC-ə aid 4127 2044 4989 9713 nömrəli tamkart kredit kartından 2000 manat pulu çıxararaq həmin məbləğdə pulunu ələ keçirmişlər. O, Aydından kartını tələb etdikdə, o, kartın anasında olduğunu demişdir. Aydının anasından kartı tələb etdikdə isə, o, kartı qırmaq istəmiş, kart qırılmadıqda kartını qatlayıb zərər vurmuşdur. Eləcə də Aydın ondan 3000 manat istəmiş, “həmin pulu polisə verməsəm, məni tutacaqlar” deyərək onu aldatmışdır. O, elə məbləğdə pulunun olmadığını demiş, cavabdehlər onda olan 480 manat pulu ondan almışlar. Hazırda cavabdehlər həmin puldan 159 manatı qaytarmışlar. Aydının hərəkətləri nəticəsində münasibətləri pozulmuş, Aydın onu bıçaqla öldürməklə hədələmişdir. Aydının anası olan digər cavabdeh 2000 manatı və üzərinə gələn faiz pulu, əlavə olaraq 480 mantadan qalmış 321 manatıda odəyəcəyinə dair iltizam vermişdir. Ona görə də iddia tələbinin təmin edilməsini xahiş edir. İşdə olan xx.xx.2023-cü il tarixli iltizamdan görünür ki, Cavabdeh1 oğlu Cavabdeh2 xx.xx.2023-cü il tarixdə qeyri rəsmi qaydada ailə qurduğu X2 məxsus ABB bankın 4127 2044 4989 9789 9713 nömrəli tamkart kredit kartından 2000 manat pul çıxardığını etiraf edərək, 2000 manat əsas məbləğdə pulu və gecikdirdiyi və ödənilmədiyi üçün bank tərəfindən üzərinə gələcək faiz cərimə və sair olmaqla tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan Qəbzdən görünür ki, X3 tərəfindən məhkəmədə iddia qaldırılarkən 34 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə işin faktiki hallarını araşdırıb, iş materiallarında olan sübutları tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehlərə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehlərin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Məcəllənin 284-5.2-ci maddəsinə əsasən, cavabdehlər bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məcəllənin 284-6.3.-cü maddəsinə əsasən, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, ödənilmiş dövlət rüsumu və bank xidməti haqqı iddia tələbi təmin olunduğundan cavabdehlərə aid edilməlidir. Beləliklə, işdə olan sənədlərlə müəyyən edilmişdir ki, cavabdehlər iddiaçının pulunu ələ keçirərək, onun hesabına əsassız olaraq varlanmışlar. Ona görə də iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1, ümumilikdə 2321 manat borc və 34 manat ödənilmiş dövlət rüsumunun əvəzi, cəmi 2355 (iki min üç yüz əlli beş) manat alınaraq, iddiaçı X2 ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPMnin 216-220, 227, 233.1, 284-1 – 284-6, və 360-cı maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh2 və Cavabdeh1, ümumilikdə 2321 manat və 34 manat ödənilmiş dövlət rüsumunun əvəzi, cəmi 2355 (iki min üç yüz əlli beş) manat alınaraq, X2 verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar