Məhkəmə qərarları › İş №2(042)-98/2025

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-98/2025

28.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-98/2025 28.01.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul tələbi barədə” iddiası üzrə mülki iş (açar sözlər: mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr, maddi ziyanın ödənilməsi) Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, İsmayılov Nuru Sahib oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi barədə” iddiasına dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: I. Mülki işin mahiyyəti

1. İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh 1.500 manat pulun və ödənilmiş 35 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh onun doğma qardaşıdır. Əvvələr mehirban olmuşlar, son dövrlər mərhum atası Oruc Süleymanov tərəfindən özünə məxsus olan həyətyanı torpaq sahəsindən vəsiyyətnamə qaydasında ona torpaq sahəsi verdiyi üçün cavabdehlə onların münasibətləri pozulmuşdur. Cavabdeh 2019-cu il tarixdə ona 1.000 manat pul lazım olduğunu bildirmiş və o, xx.xx.2019-cu il tarixdə Bakı şəhəri Sabunçu rayonu ərazisində yerləşən poçt vasitəsi ilə cavabdehə 1.000 manat pul göndərmişdir və qəbzi ərizəsinə əlavə etmişdir. Bundan başqa Cavabdeh qayını X1 xx.xx.2021-ci il tarixdə yenidən cavabdehə 500 manat pul lazım olduğunu bildirmiş və o cavabdehlə telefon əlaqəsi yaratdıqdan sonra cavabdehin qayını Orxan Ayvazovdan yazlı iltizam alaraq sonuncuya 500 manat pul vermişdir. Həmin iltizamı da iddia ərizəsinə əlavə etmişdir. Üstündən 3 ilə yaxın müddət keçməsinə baxmayaraq cavabdeh ona çatası pulu vermək istəmir. O, zəng edib pulunu istədikdə cavabdeh onu telefonda təhqir edir. Həmin məbləği o, borc olaraq cavabdehə göndərmişdir. O, məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etməli olmuşdur.

II. Tərəflərin mövqeləri:

3. İddiaçı məhkəməyə teleqram göndərərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir.

4. İddiaçı 09 yanvar 2025-ci il tarixli məhkəmə iclasında iddia tələbini müdafiə etmiş və əlavə olaraq bildirmişdir ki, İmranın arvadı xəstə olduğuna görə 2019-cu ilin may ayında İmrana sonuncunun qayını vasitəsi ilə 500 manat borc pul vermişdir. Daha sonra cavabdehə poçtla 1.011 manat pul göndərmişdir. Həmin zaman cavabdeh arvadını Gürcüstan Respublikasına həkimə apardı. Cavabdehin arvadı sağaldıqdan sonra o, cavabdehdən pulunu istəmiş, lakin cavabdeh ona - “nə pul, məndə sənin pulun yoxdu” demişdir. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

5. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etmədi və izahat verərək bildirdi ki, İddiaçı yalan danışır, ona dediyi qədər pul göndərməmişdir. Onun arvadı xəstə deyil. İddiaçının danışdıqlarının hamısı böhtandı. Odur ki, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş edir.

III. Məhkəmə baxışının hədləri:

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin, hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

İV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. Məhkəmə cavabdehi dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

8. Belə ki, iş materiallarında olan; - "xxxx" MMC-nin xx.xx.2019-cu il tarixli, ********* nömrəli qəbzinin surətindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh 1.000 manat məbləğində pul göndərilmişdir.

9. İddia üzrə sübutetmə vəzifəsi bölüşdürərkən qeyd olunmalıdır ki, iddiaçı ilk növbədə tələb etdiyi məbləğdə pulun cavabdehə verdiyini sübut etməlidir. İddiaçı cavabdehə 1.000 manat məbləğində borc verməsi halının sübutu qismində poçt qəbzi təqdim etmişdir. Cavabdeh isə qeyri-müəyyən izahat verməklə, nə iddiaçının ona pul verməsini tamamilə təkzib etməmiş, nə də ki aldığı pul məbləğini iddiaçıya qaytarmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir.

10. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: - "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. - ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. - ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”.

11. Azərbaycan Respublikası Müki Məcəlləsinin; - 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. - 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 740.1-ci maddəsinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. - 740.2-ci maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. - 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

12. Məhkəmə tərəflərin izahatını və iş materiallarını tədqiq edərək hesab edir ki, cavabdehin iddiaçıdan 1.000 manat məbləğində borc pul alması və həmin məbləği iddiaçıya qaytarmaması məhkəmə iclasında sübuta yetirilir. Lakin, iddia tələbi qalan hissədə, yəni 500 manat məbləğində pulun iddiaçı tərəfindən cavabdehə borc verilməsi hissəsində sübuta yetirilmədiyindən iddia həmin hissədə əsassızdır.

13. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalı, Cavabdeh 1.000 manat məbləğində pul tutulub İddiaçı verilməlidir.

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

15. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.

V. Nəticə:

16. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 233.1, 360 və 362-ci maddələrini rəhbər tutub, məhkəmə

qət etdi:

İddia qismən təmin edilsin. Cavabdeh 1.000 (bir min) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 35 (otuz beş) manat məbləğində pul tutulub İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir.

Hakim: Zamiq Rəsulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar