Məhkəmə qərarları › İş №2(043)-1012/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1012/2021

18.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1012/2021 18.03.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia qaldıraraq, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli, 2(043)-2153/2013 saylı qətnaməsi əsasında tutulan alimentin məbləği dəyişdirilərək, xx xxxxxxxx 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 175 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri, Kəpəz Rayon Məhkəməsinin 18 noyabr 2013-cü il tarixli, 2(043)-2153/2013 saylı qətnaməsi ilə Cavabdeh xx.xx.2011-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün, hər ay 80 (səksən) manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi qət edilmişdir. O, hazırda həmin pul ilə uşağının tələbatını ödəyə bilmir. Cavabdeh maddi cəhətdən uşağına yardım göstərəcək iqtidarında olsa da, özü könüllü olaraq uşağına əlavə maddi yardım göstərmir. Onun maddi və mənəvi maraqlarını təmin etmir. 2021-ci il üçün ölkə üzrə yaşayış minimumu uşaqlar üçün 175 manat müəyyən edilmişdir. Ona görə də xx xxxxxxxx 2011-ci il təvəllüdlü X1 yetkinli yaşına çatandək saxlanılması üçün cavabdehdən hər ay 175 manat məbləğində aliment tutulmasını istəyir. Məhkəmə iclasında iştirak edən İddiaçı etiraz ərizəsi ilə razılaşmadığını bildirərək, 100 manat aliment verilməsi ilə razı deyildir və bundan başqa uşaq böyümüş və məktəbə getməyə başlamışdır. Bu da onun saxlanması üçün xərclərin artmasına səbəb olmuşdur. Buna görə də iddia tələbinin tam təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında göstərdi ki, o, iddiaçı ilə nikahları pozulduqdan sonra yenidən ailə qurmuş və həmin nikahdan onun bir övladı dünyaya gəlmişdir. Hal-hazırki maddi vəziyyəti yaxşı deyil və o, övladına təyin edilmiş alimentin 20 manat miqdarında artırılaraq 100 manat olmasını və iddianın qismən təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyərək, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)- 2153/2013 nömrəli, 18 noyabr 2013-cü il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün tutulan alimentin miqdarı artırılaraq hər ay 80 (səksən) manat sabit pul məbləğində alimentin İddiaçı qızının xeyrinə tutulması qət edilmişdir. İş materiallarına əlavə edilmiş AZ-İV seriyalı 171322 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2011-ci il tarixdə Gəncə şəhərində doğulmuş X1 atası Cavabdeh, anası İddiaçıdır; İş materiallarında olan AZ-İ seriyalı, 924902 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə Bədəlova Röyalə Şakir qızı arasında xx.xx.2013-cü il tarixdə nikah bağlanmış, nikah bağlandıqdan sonra ərə Hüseynov, arvada Hüseynova soyadı verilmişdir. İş materiallarında olan AZE seriyalı, 12845808 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.2015-ci il təvəllüdlü X2 atası Cavabdeh, anası Hüseynova Röyalə Şakir qızıdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 və 75.4-cü maddələrinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar və valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78-ci maddəsinə əsasən aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minumumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2021-cu il üçün yaşayış minumumu ölkə üzrə uşaqlar üçün 175 manat məbləğində müəyyən olunmuşdur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə görə hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmçinin, “Uşaq hüquqları haqqında” BMT Konvensiyasının 3-cü maddəsində uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi vurğulanmışdır. Məhkəmə, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-2153/2013 nömrəli, xx xxxxxx 2013-cü il tarixli qətnaməsindən keçən dövr ərzində ölkə üzrə yaşayış minumumundakı artım məbləğini əsas gətirərək hesab edir ki, yaşayış minimumunun artması iddiaçının maddi vəziyyətindəki dəyişiklik kimi qiymətləndirilməlidir. Belə ki, qətnamə ilə müəyyən edilmiş aliment məbləği dəyişmədiyi halda malların və xidmətlərin qiymətinin qalxması həmin aliment məbləği ilə uşağın maddi təminatının əvvəlki səviyyəsinin saxlanmasının mümkün olmadığını göstərir. Bundan başqa uşağın yaşının artması və onun hazırda məktəb yaşlı olması ilə əlaqədar olaraq uşağın saxlanması üçün tələb olunan xərclər də artmışdır. Lakin alimentin iddiaçı tərəfindən tələb olunduğu kimi müəyyən edilməsi üçün əlavə əsaslar (cavabdehin gəlirlərinin artması və s.) müəyyən edilmədiyindən iddia qismən təmin olunmalı, xx xxxxxxxx 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan alimentin miqdarı artırılaraq hər ay 125 (bir yüz iyirmi beş) manat sabit pul məbləğində müəyyən edilməli və bu miqdarda alimentin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli 8- 2/2016 saylı Qərarında qeyd edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 112.1.6-cı maddəsinə əsasən iddianın qiyməti ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda—ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir. İş üzrə məhkəmə xərci ödənilməli olan dövlət rüsumundan ibarətdir. İddiaçının tələbi alimentin alınması ilə bağlı olduğundan iddiaçı dövlət rüsumunun ödənilməsindən azad edilmişdir. İddianın qiyməti aylıq ödəmənin artırılması tələb edilən məbləğin bir illik məcmusu ilə müəyyən edildiyindən və bu məbləğ 500 manatdan artıq olduğundan, iddiaçının ödənilməsindən azad edildiyi 30 manat məbləğində dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 15 manat hissəsi Cavabdeh tutulub dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-2153/2013 nömrəli, 18 noyabr 2013-cü il tarixli qətnaməsi ilə xx xxxxxxxx 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan alimentin miqdarı artırılsın. xx xxxxxxxx 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 125 (bir yüz iyirmi beş) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. Artırılmış aliment məbləği qətnamə qanuni qüvvəyə mindiyi tarixdən tutulsun. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 15 (on beş) manat məbləğində dövlət rüsumu tutularaq, dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar