Məhkəmə qərarları › İş №2(043)-102/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-102/2022

25.01.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-102/2022 25.01.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, İddiaçı və cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X3 6 saylı Ərazi Məşğulluq Filialının müdiri X6 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X3 6 saylı Ərazi Məşğulluq Filialına qarşı “əmlakla təkrar təmin edilmə və maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X3 6 saylı Ərazi Məşğulluq Filialına (əvvəlki adı Gəncə-Kəpəz rayon Məşğulluq Mərkəzi) qarşı “əmlakla təkrar təmin edilmə və maddi ziyanın ödənilməsi” tələbinə dair iddia qaldıraraq, 20 baş qoyunun, 1 baş qoçun və 1000 manat vurulmuş maddi ziyanın və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 2018-ci ilin yay aylarında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təşkil olunmuş “Öz məşğulluğun inkişafı” layihəsi çərçivəsində Gəncə şəhəri Kəpəz rayon Məşğulluq İdarəsi tərəfindən təşkil edilmiş seminarlarda iştirak etmiş, seminarın sonunda onun biznes planı bəyənilmiş və o, müsabiqədən uğurla keçmişdir. Biznes planının həyata keçirilməsi üçün ona dövlətin büdcəsindən 5000 (beş min) manat pul ayrılmışdır. Lakin qeyd edilən məbləğ ona nağd olaraq verilməli olmasına baxmayaraq Gəncə şəhəri Kəpəz rayon Məşğulluq Mərkəzi (bundan sonra Mərkəz) ilə aralarında 23.07.2018-ci il tarixdə bağlanmış “Özünüməşğulluğa kömək göstərilməsinə dair” 12437 saylı müqaviləyə əsasən ona yerli cinsdən olan 20 baş qoyun və 1 baş qoç verilmişdir. Heyvanlar ona təhvil verilən zaman onların qoca və yararsız olduğunu görmüş, elə həmin vaxt etiraz etmiş və bu barədə akta qeyd vermişdir. Mərkəzin işçiləri ona təchizatçı şirkətin belə heyvanlar verdiyini bildirmiş və söz vermişlər ki, heyvanları tez bir vaxtda dəyişəcəklər. Lakin dəfələrlə rəsmi olaraq, yəni ərizə və teleqramlar vasitəsilə Mərkəzə müraciət etməyinə baxmayaraq cavabdeh yeni heyvanlarla təmin etməmişlər. Bundan başqa o, heyvanların Mərkəz tərəfindən dəyişdirləcəyinə inanıb, özündə olan heyvanların ölməməsi üçün əlindən gələni etməyə başlamış, o, 23 dekabr 2018-ci il tarixdən başlayaraq sonuncu heyvanın ölməsinə, yəni 2019-cu ilin avqust ayına qədər heyvanları yem, pres və vitaminli qidarla bəsləmişdir. Eləcə də heyvanların müalicəsi üçün Tilazin, Pekistrib və Trivit vitamin dərman preparatları almışdır. Heyvanlar üçün aylıq çəkdiyi xərc 100-120 manat təşkil etdiyindən, ümumilkdə həmin heyvanların 9 ay ərzində saxlanmasına görə 900- 1000 manat xərc çəkmişdir. Cavabdeh təşkilat bilə-bilə ona xəstə heyvanlar verdiyinə və heyvanları dəyişdirməyə söz verib əməl etmədiklərinə görə ona ziyan dəymişdir. Həmin ziyan cavabdeh tərəfindən ona ödənilməlidir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək əlavə olaraq bildirdi ki, heyvanlar ona Mərkəzin nümayəndəsinin iştirakı ilə axşam saatlarında hansısa fermaya aid tövlədə təhvil verilmiş, həmin vaxt ona seçim imkanı verilməmişdir. O, heyvanları götürdükdən sonra növbəti gün səhər baxarkən heyvanların qoca və xəstə olduqlarını, ağızlarında dişlərinin olmadığını görmüş, bu barədə dərhal Mərkəzin əməkdaşına məlumat vermişdir. Ona bildirilmişdir ki, öz narazılığını aktda qeyd etsin və qısa zamanda ona verilmiş heyvanlar sağlam olanlarla əvəzlənəcəkdir. Bundan sonra o aktda bu barədə müvafiq qeyd aparmışdır. Lakin üstündən günlər keçməsinə baxmayaraq onun heyvanları əvəzlənməmiş, o dəfələrlə müraciət etsə də ona hər dəfə yaxın vaxtlarda köməklik göstəriləcəyi deyilmişdir. Heyvanlar isə xəstəlikdən və qocalıqdan dolayı ölməyə başlamışdır. O, heyvanların ölməsi barədə də Mərkəzin əməkdaşına məlumat vermiş, lakin Mərkəzin əməkdaşları heç bir əməli tədbir görməmişdir. O ölmüş heyvanların cəsədlərinin şəkillərini Mərkəzin əməkdaşına göndərmişdir. Heyvanlardan 20si ölmüş, yalnız biri sağ qalmış və bala vermişdir. Mərkəzin əməkdaşları tərəfindən onun təsərrüfatına baxış keçirilmiş və heyvanların mövcud olmaması barədə protokol da tərtib edilmişdir. Ondan heyvanların ölməsinin səbəbi barədə baytar rəyi istənilmiş, o, baytara müraciət etsə də baytar rəy verməkdən imtina etmişdir. Bundan sonra ona deyilmişdir ki, təkrar özünüməşğulluğa cəlb edilməsi üçün iki il vaxt keçməlidir. O da iki ilin başa çatmasını gözləməli olmuşdur. Lakin həmin müddət başa çatdıqdan sonra ona təkrar özünüməşğulluğa cəlb edilməyəcəyi bildirilmişdir. Beləliklə, o cavabdeh tərəfindən yararsız heyvanların verilməsi nəticəsində özünüməşğulluq proqramında iştirak etmək hüququndan məhrum olmuş, eyni zamanda həmin heyvanların saxlanması üçün 1000 manat xərc çəkmək məcburiyyətində qalmışdır. Buna görə də iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdeh X3 6 saylı Ərazi Məşğulluq Filialının müdiri X8 iddia tələbini qəbul etməyərək bildirdi ki, heyvanlar vətəndaşa təqdim olunarkən götürüb-götürməməsi onun öz seçimidir. İddiaçı öz razılığı ilə heyvanları qəbul etmişdir. Heyvanları qəbul edərkən vətəndaşa hansı heyvanı seçmək hüququ verilmir, bununla belə onun heyvanları qəbul etməkdən imtina hüququ olmuşdur. İddiaçı heyvanları təhvil aldığı günün səhəri mərkəzə gələrək heyvanların qoca və xəstə olması ilə bağlı öz narazılığını bildirmişdir. Lakin heyvanlar təhvil alındıqdan sonra onlar bu barədə ona hər hansı kömək edə bilməzdilər. İddiaçı sonradan heyvanların ölməsi barədə onlara məlumat verdikdə iddiaçıya heyvanların hansı səbəbdən ölməsi ilə bağlı baytar rəyinin alınması zəruriliyi bildirilmişdir. Lakin iddiaçı belə bir rəy təqdim etməmişdir. Özünüməşğulluq proqramı çərçivəsində vətəndaşlara təqdim edilən heyvanlar X7 ilə hüquqi şəxslər arasında bağlanan müqavilələrə əsasən hüquqi şəxslər tərəfindən təchiz olunur. Əvvəllər həmin hüquqi şəxslərdən heyvanların sağlam olması barədə sənəd tələb olunmurdu. Hazırda isə təchizatçı hüquqi şəxslərdən heyvanların sağlam olması barədə X2 verdiyi rəy tələb olunur. İddiaçı bəzi ölmüş heyvanların cəsədlərinin şəklini Mərkəzin əməkdaşına göndərsə də həmin heyvanların həqiqətən də xəstəlikdən yoxsa iddiaçının özünün təqsiri üzündən ölməsini müəyyən etmək mümkün deyildir. İddiaçı heyvanların ölməsi barədə məlumatı heyvanları təhvil aldıqdan 4-5 ay keçdikdən sonra verməyə başlamışdır. Bu isə heyvanların iddiaçıya təhvil verilərkən xəstə olmasını istisna edir. Buna görə də hesab edir ki, iddia əsassız olduğu üçün rədd edilməlidir. Məhkəmə iclasında dindirilmiş şahid X9 izahat verərək bildirmişdir ki, o, X3 6 saylı Ərazi Məşğulluq Filialında işləyir. Özünüməşğulluq proqramı çərçivəsində iddiaçıya təsərrüfat yaradılması üçün 20 baş qoyun və 1 baş qoç təhvil verilmişdir. Heyvanların təhvil verilməsi bağlanmış müqaviləyə əsasən hüquqi şəxs tərəfindən həyata keçirilir. Heyvanların təhvil verildiyi yerdə layihəyə cəlb edilmiş şəxslər heyvanları təhvil alırlar və bu zaman onlara seçim hüququ verilmir. Təhvil-təslim zamanı Mərkəzin nümayəndəsi kimi o da iştirak etmiş, iddiaçı 20 baş qoyun və 1 baş qoçu təhvil aldıqdan sonra çıxıb getmişdir. Həmin yerdə aktın tərtib olunması mümkün olmadığından akt növbəti gün Mərkəzin inzibati binasında tərtib edilmişdir. İddiaçı aktın tərtibi üçün gələrkən verilmiş heyvanlarla bağlı narazılığını bildirmiş, heyvanların xəstə və qoca olduğunu, dəyişdirilməsini istədiyini demişdir. O da təchizatçı hüquqi şəxsin əməkdaşı ilə əlaqə saxlamış, ona deyilmişdir ki, heyvanlar növbəti dəfə dəyişdiriləcəkdir. O da bu barədə iddiaçıya məlumat vermişdir. Lakin sonradan heyvanların baytar rəyi olmadan dəyişdirilməsinin mümkün olmadığı deyilmiş və o da bu barədə iddiaçıya məlumat vermişdir. İddiaçı ona müxtəlif vaxtlarda bəzi ölmüş heyvanların cəsədlərinin şəkillərini göndərmiş və həmin heyvanların xəstəlik nəticəsində öldüyünü bildirmişdir. Bundan sonra iddiaçının təsərrüfatına baxış keçirilmiş, baxış zamanı heyvanların iddiaçının həyətində olmadığı aşkar edilərək bu barədə akt tərtib edilmişdir. Məhkəmə tərəflərin izahatlarını və şahidin ifadəsini dinləyib iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan “Özünüməşğulluğa kömək göstərilməsinə dair” işsiz şəxs İddiaçı ilə Mərkəzin direktoru V.V.Hüseynov arasında bağlanmış 23 dekabr 2018-ci il tarixli, 12437 nömrəli müqavilənin surətindən görünür ki, İddiaçı özünüməğulluğun təmin edilməsi üçün əmlak ilkin olaraq 24 ay müddətinə özünüməşğulluğu təmin etmək, biznesini inkişaf etdirmək, həmin müddət ərzində əmlakdan təyinatı üzrə istifadə etmək üçün verilmişdir. İşsiz şəxs tərəfindən müqavilənin şərtlərinə tam əməl olunduğu halda müqavilənin müddəti başa çatdıqdan sonra həmin əmlak işsiz şəxsin mülkiyyətinə verilir. Həmin müqaviləyə əlavə edilmiş 23 dekabr 2018-ci il tarixli aktdan görünür ki, İddiaçı müqavilə üzrə 20 baş qoyun və 1 baş qoçdan ibarət əmlak təhvil verilmiş, İddiaçı isə həmin əmlakı təhvil aldığı və heyvanların çox qoca və yararsız olması, çox narazı olması barədə qeyd aparmışdır. 24 may 2019-cu il tarixli aktın surətindən görünür ki, 24 may 2019-cu il tarixdə özününməşğulluqla əlaqədar biznes planının icrasını yoxlayarkən yerində baxış keçirilmiş, vətəndaşın dediyinə görə verilən heyvanlardan 20 baş qoş qoca və yararsız olduğundan tələf olmuş, lakin tələf olan heyvanlar barədə heç bir sənəd təqdim olunmamışdır. İş materiallarında olan Gəncə şəhəri Kəpəz rayon Məşğulluq Mərkəzinə ünvanlanmış 06.07.2020-ci il tarixli təkrar müraciətdən görünür ki, İddiaçı ona 20 baş qoyun və 1 baş qoçun təkrar verilməsinin təmin edilməsi barədə Mərkəzə müraciət etmişdir. Dövlət Məşğulluq Xidmətinin Gəncə-Kəpəz Rayon Məşğulluq Mərkəzinin direktoru V.Hüseynovun Gəncə şəhər İcra Hakimiyyətinə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Aparatının Daxili Nəzarət və Audut şöbəsinə ünvanlandığı arayışların məzmunundan görünür ki, Tağıyev X4 Mərkəzində işaxlaran vətəndaş kimi qeydiyyata alınmış, ona Gəncə Mənzil Kommunal X1 fəhlə (əmək haqqı 130 manat) və Gəncə 4000 MMC-də fəhlə (əmək haqqı işəmuzd ), 05.04.2018-ci il tarixdə ofisiant yeri ( əmək haqqı 180 manat) və “Milli marketdə” kassir yeri (əmək haqqı 200 manat) təklif edilmişdir. Əmək haqqı qane etmədiyini səbəb göstərərək İ. Tağıyev təklif edilən işlərdən imtina etmişdir. Əlavə olaraq İ. Tağıyevə özünüməşğulluq proqramı barədə məlumat verilmiş və təlimlərə cəlb olunması tövsiyyə edilmişdir. İ. Tağıyev bu təkliflə razılaşmış və 10 may 2018-ci il tarixdə təşkil edilmiş təlimə cəlb edilmişdir. Təlimi bitirdikdən sonra ona lazım olan aktivlərin veriləcəyi vaxt təkrar mərkəzə dəvət olunacağı barədə məlumat verilmişdir. Aktivlər təlimə cəlb olunmuş vətəndaşlara paylanıldığı vaxt İddiaçı də dəvət olunaraq ona çatası aktivlər verilmişdir. Dövlət Məşğulluq Xidmətinin Gəncə-Kəpəz Rayon Məşğulluq Mərkəzinin direktoru V.Hüseynovun Dövlət Məşğulluq Xidmətinin İşaxtaran və işsiz vətəndaşların sosial müdafiəsi şöbəsinə, Dövlət Məşğulluq Xidmətinə ünvanlandığı arayışların məzmunundan görünür ki, İddiaçı 05.03.2019-cu il tarixdə qoyunların yarasız, qoca, xəstə və bir neçəsinin də tələf olduğu barədə teleqramla müraciət etmiş, müraciəti ilə əlaqədar mərkəzə dəvət edilərək onunla ətraflı söhbət aparılmış, heyvanların qoca və xəstə olduğunu elə bu səbəbdən də onların 17 başının tələf olduğunu bildirmiş, 24.05.2019-cu il tarixdə İddiaçı yaşadığı ünvanda təkrar baxış keçirilmiş, baxış zamanı İddiaçı heyvanlardan daha 3 başının tələf olduğunu və 1 yanı balalı xırda buynuzlu heyvanı isə yaylağa göndərdiyini bildirmişdir. X11 tərəfindən təqdim edilmiş, iddiaçının R.Hacıyevə göndərdiyi fotoşəkillərə baxış zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən R.Hacıyevə 6 baş qoyunun cəsədinin fotoşəkilləri göndərilmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə əvəzsiz istifadə müqaviləsidir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X3 6 saylı Ərazi Məşğulluq Filialı özünüməşğullun inkişafı layihəsi çərçivəsində iddiaçının heyvandarlıq təsərrüfatı yaratması üçün onu 24 ay müddətinə əvəzsiz olaraq istifadə etməsi üçün 20 baş qoyun və bir baş qoçdan ibarət əmlakla təmin etmişdir. İddiaçı heyvanları təhvil aldıqdan dərhal sonra heyvanların xəstə və qoca olması ilə bağlı öz narazılığını bildirmiş, heyvanların dəyişdirilməsini tələb etmişdir. Cavabdeh orqanın əməkdaşı ilkin olaraq heyvanların qısa müddətdə dəyişdiriləcəyini bildirsə də sonradan bunun mümkün olmadığını bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 732-ci maddəsinə əsasən əvəzsiz istifadə müqaviləsinə görə, hər hansı əşyanı kirayəyə verən onu kirayəçinin istifadəsinə verməyi öhdəsinə götürür, kirayəçi isə həmin əşyanı kirayəyə verənə qaytarmağı öhdəsinə götürür, özü də bu öhdəlikləri iştirakçılar əvəzsiz icra etməlidirlər. 733.1-ci maddəsinə əsasən əvəzsiz istifadəyə verilən əşyanı kirayəyə verən kirayəçi qarşısında yalnız qəsdən və ya kobud ehtiyatsızlıq üzündən törədilmiş əməllər və ya qüsurlar üçün məsuliyyət daşıyır. Məhkəmə qeyd edir ki, hazırkı müqavilə əvəzsiz istifadə müqaviləsi olsa da dövlətin sosial proqramından irəli gələn məqsədlərə nail olmaq üçün bağlanmışdır və müqavilənin bağlanmasında məqsəd məhz kəndli heyvandarlıq təsərrüfatının yaradılması və inkişaf etdirilməsi olmuşdur. Bu baxımdan müqavilə üzrə verilmiş heyvanların qeyd olunan məqsədə çatmağa imkan verən, yəni sağlam heyvanlar olması zəruridir. Cavabdehin nümayəndəsi bildirmişdir ki, həmin heyvanlar təhvil verilərkən onların sağlam olması barədə sənədlər əvvəllər alınmırdı, hazırda isə həmin sənədlər təchizatçıdan tələb olunur. Belə olan halda məhkəmə qeyd edir ki, iddiaçının heyvanları təhvil alarkən dərhal onların yararsızlığı ilə bağlı öz etirazını bildirməsi də nəzərə alındıqda həmin heyvanların yararlı olmasını sübuta yetirmək vəzifəsi cavabdehin üzərinə düşür. Cavabdeh orqan isə bu barədə hər hansı sübut təqdim etməmişdir. Cavabdeh orqan heyvanların təchizatı zamanı lazımi diqqətliliyi göstərməmiş, iddiaçıya müqavilə şərtlərinə uyğun olan heyvanların təhvil verilməsi üzrə öz öhdəliyinə laqeyd yanaşmışdır. İddiaçının heyvanların yararsız olması barədə dərhal bildirdiyi etirazı ilə bağlı da hər hansı araşdırma aparmamış, ümumiyyətlə bu halla bağlı məsuliyyəti yalnız iddiaçının üzərinə qoyaraq hərəkətsizlik nümayiş etdirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Həmin Məcəllənin 459.1-ci maddəsinə əsasən zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir. İddiaçının təqdim etdiyi fotoşəkillərdən 6 baş qoyunun öldüyü müəyyən edilir. İddiaçı heyvanlardan iyirmi başının öldüyünü, yalnız birinin sağ qaldığını bildirsə də digər heyvanların ölməsi barədə hər hansı sübut təqdim etməmişdir. Eyni zamanda iddiaçı heyvanların saxlanması və onların müalicəsi üçün 1000 manat pul sərf etdiyini bildirsə də həmin xərcləri çəkməsi barədə də hər hansı sübut təqdim etməmişdir. Mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarından da göründüyü kimi cavabdeh öhdəliyin pozulmasına səbəb olan halı aradan qaldıraraq öhdəlik pozulmasa idi, mövcud olmalı olan vəziyyəti bərpa etməlidir. Buna görə də məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçının 6 baş qoyunla təmin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X3 6 saylı Ərazi Məşğulluq Filialının üzərinə İddiaçı yenidən altı baş qoyunla təmin etmək öhdəliyi qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar