Məhkəmə qərarları › İş №2(043)-1022/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1022/2021

18.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1022/2021 18.06.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq, Cavabdeh 29300.729 manat əsas borc, 4920.809 manat faiz borcu, 6000 manat əldən çıxmış fayda və 30,40 manat dövlət rüsumunun tutulub İddiaçınə (bundan sonra İddiaçı MMC) verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehlə İddiaçı MMC arasında olan şifahi razılaşmaya əsasən cavabdeh İddiaçı MMC-dən nisyə qaydada şirniyyat və qənnadı məhsullarını götürərək pulunu 30 gün müddətində ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh tərəfindən həmin məhsulların götürülməsinə dair İddiaçı MMC-nin “Alınmış mallara görə hesablaşma vərəqəsi” kitabında qeydiyyat aparılmış və cavabdeh həmin kitabda öz borcunu təsdiqləmişdir. Cavabdeh götürdüyü malların cəmindən 29300.729 manat pulu ödəməmişdir. Bundan əlavə cavabdeh pulu vaxtında ödəməyərək gecikdirdiyi üçün illik 5 faiz olmaqla cəmi 4920,08 manat məbləğində faiz pulu və əldən çıxmış faydaya görə isə 6000 manat hesablanmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, cavabdeh 12 fevral 2016-cı il tarixdən etibarən İddiaçı MMC ilə şifahi razılaşma əsasında İddiaçı MMC-yə məxsus şirniyyat və qənnadı məhsullarını nisyə qaydada müxtəlif mağazalara paylayaraq daha sonra həmin malların pulunu alıb İddiaçı MMC-yə ödəmişdir. Daha sonra, yəni 06 iyun 2016-cı il tarixdə cavabdehlə əmək müqaviləsi bağlanılmış və cavabdeh İddiaçı MMC-yə ticarət nümayəndəsi vəzifəsinə qəbul edilmişdir. Cavabdehin əsas əmək funksiyası şirkətə məxsus olan malların mağazalara paylanması, satılmış malların pulunun alınması və İddiaçı MMC-yə təhvil verilməsi olmuşdur. Eyni tarixdə cavabdehlə tam maddi məsuliyyət haqqında müqavilə bağlanılmışdır. Cavabdeh əmək müqaviləsi bağlananadək şirkətdən götürdüyü və mağazalara payladığı malların şirkətə qaytarılmamış məbləği 31525,28 manat olmuş, əmək müqaviləsi bağladıqdan sonra da onunla eyni qaydada hesablaşmağa davam etmişlər. 05.07.2017-ci il tarixdə cavabdeh öz əmək vəzifələrini kobud şəkildə pozduğundan onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Cavabdeh son olaraq 12.03.2018-ci il tarixdə qalıq borcundan 5000 manat pul ödəmiş və yekun olaraq 29300,729 manat borcu qalmışdır. Cavabdeh həmin məbləği əsassız olaraq aaytarmadığı və özündə saxladığı üçün illik 5 faizlə 4920,08 manat məbləğində gecikdirmə faizi və əldən çıxmış faydaya görə isə 6000 manat əlavə borc hesablanmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işin faktiki hallarını araşdırıb və məhkəmə iclasında tədqiq edilmiş sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan 06 iyun 2016-cı il tarixli 094 saylı əmək müqaviləsinin surətindən və əmək müqaviləsi bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh İddiaçı MMC-yə ticarət nümayəndəsi vəzifəsinə qəbul edilmişdir, onun əmək funksiyaları sırasında satış planına uyğun olaraq geniş əhatəli və keyfiyyətli distribusiyanı həyata keçirmək, marşrut siyahısı üzrə daimi olaraq müştərilərə baş çəkmək, müştərilərlə bağlanmış müqaviləyə uyğun olaraq satılmış malların pulunu almaq, həmin gün kassa mədaxil orderi yazaraq maliyyəçi menecerə və ya firmanın kassasına təqdim etmək və s. nəzərdə tutulmuşdur. İş materiallarında olan 06 iyun 2016-cı il tarixli tam maddi məsuliyyət haqqında müqavilədən görünür ki, Cavabdeh tutduğu ticarət nümayəndəsi vəzifəsinə uyğun olaraq satış nöqtələrinin sifarişləri əsasında malların tam həcmdə satış nöqtələrinə təhvil verilməsini, satışının düzgün və planlaşdırılmış şəkildə həyata keçirilməsini, satılmış malların pullarının yığılmasını, ona etibar və həvalə edilmiş malların və maliyyə vəsaitlərinin qeydiyyata alınmasını, qorunmasını, saxlanmasını təmin etmək üçün tam maddi məsuliyyəti öz öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş 05 iyul 2017-ci il tarixli “Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı” əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. İddiaçı MMC-nin “Alınmış mallara görə hesablaşma vərəqəsi” adlandırılan sənədlər toplusu məhkəmə baxışında tədqiq edilmiş və aidiyyəti hissələri çıxarış edilərək iş materiallarına əlavə olunmuşdur. Həmin sənədlərdən görünür ki, Cavabdeh 12.02.2016-cı il tarixdən etibarən İddiaçı MMC-dən müxtəlif dəyərdə mallar verilmiş, Cavabdeh tərəfindən isə müxtəlif vaxtlarda ödənişlər olunmuşdur. Sənədlərə əsasən sonuncu dəfə mallar 19 may 2017-ci il tarixdə verilmiş, sonuncu dəfə mallara görə ödəniş isə 12.03.2018-ci il tarixdə olmuşdur. Tərəflər arasında əmək müqaviləsinin bağlandığı tarixə borc qalığı 31525,28 manat, hesablaşmanın başa çatdığı 12 mart 2018-ci il tarixə borc qalığı 29300,729 manat olmuşdur. Tərəflər arasında iki müxtəlif hüquq münasibəti mövcud olmuşdur. 12 fevral 2016-cı il tarixdən 06 iyun 2016-cı il tarixədək tərəflər şifahi qaydada bağlanmış tapşırıq müqaviləsi əsasında əməkdaşlıq etmişdir. Həmin münasibətlər sonradan cavabdehin əmək müqaviləsi əsasında tutduğu ticarət nümayəndəsi vəzifəsinin funksiyaları ilə oxşar olsa da məhkəmə hesab edir ki, bu münasibətə ticarət nümayəndəsi haqqında müqavilə kimi qiymət verilə bilməz. Çünki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 789.3-cü maddəsinə əsasən ticarət nümayəndəsi haqqında müqavilə yazılı formada bağlanır. Buna görə də həmin dövrdəki münasibətlərə tapşırıq müqaviləsi ilə bağlı qaydalar şamil olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Həmin Məcəllənin 782.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur. Tərəflər arasında 06 iyun 2016-cı il tarixdə əmək müqaviləsi və tam maddi məsuliyyət haqqında müqavilə bağlandıqdan sonra isə onların arasındakı hüquq münasibətləri əmək münasibətləri çərçivəsinə salınmışdır. İddiaçının nümayəndəsinin izahatından və alınmış mallara görə hesablaşma vərəqələrindən də göründüyü kimi onlar arasındakı hesablaşma qaldığı yerdən davam etmiş, malların qalığı, borc qalığı və ödənilən məbləğlər əvvəlki hesablaşmanın ardınca həyata keçirilmişdir. Bu baxımdan cavabdehin əmək müqaviləsi bağlandıqdan sonra ödədiyi məbləğlər ilk növbədə köhnə borcların, yəni əmək münasibətlərindən əvvəl yaranmış borcların silinməsinə yönəlmişdir. Hesablaşma vərəqələrində mallara görə ödəniş qrafasındakı rəqəmlərə əsasən cavabdeh 06 iyun 2016-cı il tarixdən 12 mart 2018-ci il tarixədək ümumilikdə 290891,66 manat ödəniş etmişdir. O cümlədən cavabdeh 16.07.2016-cı il tarixədək götürdüyü mallar üzrə ümumilikdə 35700,776 manat ödəniş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 440.1-ci maddəsinə əsasən əgər kreditorun xeyrinə olaraq borcluya müxtəlif öhdəliklərdən irəli gələn bir neçə oxşar icra həvalə edilmişdirsə və icra edilənlər bütün borcların ödənilməsi üçün yetərli deyildirsə, borclunun icra zamanı seçdiyi öhdəlik ödənilir, borclu seçmədikdə isə ödəniş müddəti birinci çatan borc ödənilir. Tərəflər arasında hesablaşma vərəqəsində göstərilən ödənişlərin məhz hansı mallar üçün ödənildiyi qeyd olunmamışdır. Yəni, iddiaçı icranın hansı öhdəliyə yönəldiyini seçməmişdir. Həm bu baxımdan, həm də tərəflər arasındakı münasibətlərin davamlı xarakter daşıması və cavabdehin vəzifəsinin paylanmış malların pullarını yığaraq iddiaçıya təhvil verməkdən ibarət olması baxımından edilmiş ödənişlərin xronoloji baxımdan daha köhnə borcların ödənilməsinə yönəldiyi aşkardır. Mülki Məcəlləsinin qeyd olunan normasına əsasən cavabdeh şifahi tapşırıq müqaviləsi üzrə öhdəliyini 16 iyul 2016-cı il tarixdə tam şəkildə icra etmişdir. Cavabdehin hazırkı qalıq borcu onun əmək münasibətlərinə əsasən üzərinə götürdüyü tam maddi məsuliyyətdən irəli gəlir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinə əsasən işçi əmək müqaviləsi üzrə işçi əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək, əməyin təhlükəsizliyi normalarına əməl etmək, işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq, dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq, iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq, fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək, əmək qanunvericiliyinin tələblərinə əməl etmək vəzifələrini daşıyır. Həmin Məcəllənin 199-cu maddəsinin “a” bəndinə əsasən işçi qanunazidd hərəkətləri ilə vurduğu ziyana görə saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda tam həcmdə maddi məsuliyyət daşıyır. Həmin Məcəllənin 200-cü maddəsinin 1-ci hissəsinə əsasən istər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər. Tərəflər arasındakı əmək münasibətlərinin xarakterinə və cavabdehin əmək funksiyalarına uyğun olaraq onların arasındakı tam maddi məsuliyyət haqqında müqavilə qanunvericiliyin tələbinə uyğundur. Bununla yanaşı məhkəmə qeyd edir ki, hazırkı icra edilməmiş öhdəlik əmlak xarakterli öhdəlikdir, əmək münasibətlərindən irəli gəlir və fərdi əmək mübahisəsi hesab olunur. Bu baxımdan həmin tələbə iddia müddəti şamil olunur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 287-ci maddəsinə əsasən fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır. Həmin Məcəllənin 288-ci maddəsinin “ğ” bəndinə əsasən işçinin işəgötürənə vurduğu maddi və ya mənəvi ziyanın məbləğinin müəyyən edilməsi və ödənilməsi fərdi əmək mübahisəsinin predmetidir. Həmin Məcəllənin 296-cı maddəsinin 5-ci hissəsinə əsasən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. Cavabdeh 05.07.2017-ci il tarixdə işəgötürən tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilmiş, həmin günə aid olan hesablaşma vərəqəsində cavabdehin malların qalığına görə təhvil verilməmiş 34366,282 manat borcu olduğu göstərilmiş, lakin həmin vaxtdan dörd ilə yaxın keçdikdən sonra işəgötürən iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəməyə bu növ iddiaların verilməsi müddəti bir il müəyyən edildiyindən və işəgötürən zərər və onun miqdarı barədə işçini işdən azad etdiyi gündən məlumatlı olduğundan həmin müddət ötürülmüşdür. Buna görə də iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 357-361-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar