Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1049/2021 20.04.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Aslanov Eltun Elman oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı “xxxx” MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə ümumilikdə 4416 manat 60 qəpik borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 4446 manat 60 qəpik pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, “xxxx” MMC ilə bağladığı xx.xx.2020 və xx.xx.2020-ci il tarixli müqavilələrə əsasən, Paltaryuyan Samsung, Soyuducu Samsung və Samsung LED markalı televizor almış və nəticədə 4416 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2980,8 manat (18 ay x 165,6 manat + 0 manat ilkin ödəniş) olan Paltaryuyan Samsung, Soyuducu Samsung üçün ümumilikdə 3524 manat 80 qəpik olmaqla ondan, 2980 manat, 80 qəpik ödənilməmiş hissə, 544 manat dəbbə pulu; xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 700,8 manat (12 ay x 58,4 manat + 0 manat ilkin ödəniş) olan Samsung LED televizor üçün 891 manat 80 manat olmaqla, ondan 700,8 manat ödənilməmiş hissə, 191 manat dəbbə pulu hesablanmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia ərizəsinin dəqiqləşməsi barədə ərizə təqdim edərək bildirdi ki, iddia ərizəsində borclu tərəfindən ödənilmiş məbləğ kimi qeyd olunan 3681,6 manat səhvən yazılmışdır. İddiaçı alqı-satqı müqavilələri üzrə heç bir ödəniş etməmişdir. Odur ki, həmin məbləğin borc məbləği kimi qəbul edilib, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin cavabdeh məhkəmə iclasına gəlmədiyindən Azərbaycan Respublikası MPM-in 147 və 185.5-ci maddələrinə əsasən, məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Cavabdeh ilə “xxxx” MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli 20122512 nömrəli müqavilədən görünür ki, Cavabdeh “xxxx” MMC-dən alqı-satqı qiyməti 2980,8 manat olan məhsulu (Paltaryuyan Samsung, Soyuducu Samsung) ilkin ödəniş etmədən, aylıq ödəniş 165,6 manat olmaqla 18 ay müddətinə ödəmək şərtilə almışdır. İş materiallarına əlavə edilmiş Cavabdeh ilə “xxxx” MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli № 20122541 nömrəli müqavilədən görünür ki, Cavabdeh “xxxx” MMCdən alqı-satqı qiyməti 700,8 manat olan məhsulu (Samsung LED televizor) ilkin ödəniş etmədən, aylıq ödəniş 58,40 manat olmaqla 12 ay müddətinə ödəmək şərtilə almışdır. Tərəflər arasında bağlanmış müqavilələrdə nəzərdə tutulmuşdur ki, alıcı ödəmə cədvəli üzrə ödənişlərini vaxtında ödəməzsə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 (bir) faizi həcmində cərimə (penya) ödəyir. İş materiallarında olan maliyyə və ödəniş cədvəlinə əsasən Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli 20122512 nömrəli və xx.xx.2020-ci il tarixli 20122541 nömrəli müqavilələr üzrə cavabdeh heç bir ödəniş etməmiş, onun hal-hazırda 4416,6 manat (3681,6 manat əsas borc və 735 manat cərimə) ödənilməmiş borcu qalmışdır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə xx.xx.2020-ci il tarixdə borcun ödənilməsi, əks təqdirdə borcun tələb edilməsi üçün məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq məktubu göndərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq əşyaların nisyə alqı-satqısı barədə müqavilələr bağlanmışdır. İddiaçı (satıcı) müqavilələr üzrə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, müqavilə predmeti olan əşyaları cavabdehə (alıcı) təhvil vermişdir. Cavabdeh (alıcı) isə müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun iddiaçı qarşısında yuxarıda göstərilən məbləğdə icra edilməmiş pul öhdəliyi vardır. İddiaçının təqdim etdiyi sübutlar əsas borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Qeyd edilənlərə və Mülki Məcəllənin 425, 427, 442, 448 və 600.4-cü maddələrinin göstərişinə əsaslanaraq məhkəmə hesab edir ki, həmin pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, iddiaçının təqdim etdiyi sübutlar borcun düzgün hesablandığını təsdiq edir, cavabdeh isə iddia tələbini təkzib edəcək heç bir sübut təqdim etməmişdir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı satdığı əşyaların dəyərini cavabdehdən tələb etməkdə haqlıdır. Bundan başqa, iddiaçı müqavilələrə isnad edərək cavabdehdən gecikdirilmiş ödənişlərə görə xx.xx.2020-ci il tarixli 20122512 nömrəli müqavilə üzrə 544 manat; xx.xx.2020-ci il tarixli 20122541 nömrəli müqavilə üzrə isə 191 manat cərimə tələb etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehin maddi vəziyyətini və tələbkarın əmlak mənafelərini nəzərə alaraq, borc məbləğinə nəzərən tənasübsüz sürətdə yüksək olan dəbbə pulunun miqdarının azaldılmasını və dəbbə pulunun xx.xx.2020-ci il tarixli 20122512 nömrəli müqavilə üzrə 50 manat; xx.xx.2020-ci il tarixli 20122541 nömrəli müqavilə üzrə 20 manat məbləğində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası qismən təmin edilməli, nisyə alqı-satqı müqavilələri üzrə 3681,6 manat ödənilməmiş borc və 70 manat dəbbə pulu olmaqla, cəmi 3751,6 manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsaslanaraq və Mülki Prosessual Məcəllənin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli 20122512 nömrəli və xx.xx.2020-ci il tarixli 20122541 nömrəli alqı-satqı müqavilələri üzrə yaranmış 3681,60 manat əsas borc və 70 manat cərimə olmaqla, cəmi 3751,60 manat (üç min yeddi yüz əlli bir manat altmış qəpik) pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat pul tutularaq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №2(043)-1049/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1049/2021
20.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver