Məhkəmə qərarları › İş №2(043)-1078/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1078/2020

18.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1078/2020 18.02.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Vəli Əsgər oğlunun sədrliyi ilə İddiaçı «xxxxxxxxxxx» X1 Cavabdeh qarşı pul tələbinə dair kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında ərizəsi üzrə mülki işə baxaraq MÜƏYYƏN ETDİ: «xxxxxxxxxxx» MMC məhkəməyə ərizə ilə müraciət edərək “HOFFMAN” markalı, soyuducu üçün 1092 manat ödənilməmiş hissə, 109 manat cərimə olmaqla, ümumilikdə 1201 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1231 manat pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. O, iddia tələbini bununla əsaslandırmışdır ki, cavabdehlə aralarında bağlanmış xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən cavabdeh ondan “HOFFMAN” markalı soyuducu almış və nəticədə 1201 manat borcu yaranmışdır. Belə ki, cavabdeh müqavilə şərtlərini pozduğundan alqı-satqı qiyməti 1512 manat olan soyuducu üçün 1092 manat ödənilməmiş hissə, 109 manat cərimə olmaqla, cəmi 1201 manat borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ isə 420 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndi üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, cavabdeh müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehə xx.xx.2020-ci il tarixli bildiriş göndərməklə ona iddia tələbinə dair əsaslandırılmış etirazını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunsa da cavabdehdən iddiaya dair etiraz daxil olmamışdır. Məhkəmə iş üzrə sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Beləki, işmateriallarınaəlavəedilmiş: «xxxxxxxxxxx» MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilədən görünür ki, satıcı alıcıya dəyəri 1332 manat olan “HOFFMAN” NF – 177SD markalı soyuducunu qiyməti 180 manat olan 4 illik yeni qızıl zəmanətlə birgə cəmi 1512 manata dəyərini hissə-hissə ödəmə şərti ilə satmışdır. Alıcı aldığı malın dəyərini müqavilədə göstərilən ödəmə tarixində şərtsiz ödəyəcəyi və ödəmənin hər gecikdiyi gün üçün ümumi məbləğin 1%-i miqdarında cərimə ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. Cavabdeh həmin müqavilə üzrə 18 ay ərzində hər ay 84 manat ödəniş etmək öhdəliyini də üzərinə götürmüşdür. xx.xx.2020-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən «xxxxxxxxxxx» MMC-dən dəyəri 1512 manat olan “HOFFMAN” markalı soyuducunu 18 ay müddətinə ödəmək şərti ilə almışdır. Ümumi borcundan qalan 1092 manat borcunu hissə-hissə ödəməli olduğu halda öhdəliklərini tam yerinə yetirməmişdir. Hazırda cavabdehin iddiaçıya 1092 manat əsas, 109 manat cərimə olmaqla, cəmi 1201 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Göründüyü kimi, tərəflər arasındakı münasibətlər və onların qarşılıqlı öhdəlikləri aralarında bağlanmış müqavilədən yarandığından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386, 425 və 427-ci maddələrinin tələbinə görə onlardan hər biri həmin müqavilə üzrə öhdəliklərini vicdanla və vaxtında icra etməli idilər. Lakin işin faktiki halları və məhkəmə iclasında tədqiq edilmiş sübutlardan bəlli olur ki, iddiaçı nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliklərini yerinə yetirsə də, cavabdeh qarşılıqlı öhdəliklərini tam və vaxtında icra etməmişdir. Beləliklə, məhkəmə göstərilənlərə əsasən hesab edir ki, 1092 manat məbləğində əsas borc cavabdehdən alınaraq iddiaçıya ödənilməldir. Həmçinin, tərəflər arasında bağlanmış müqaviləyə əlavənin 2-ci bəndinə əsasən müştəri ödəniş cədvəli üzrə ödənişləri vaxtında ödəməzsə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq peniya ödəyir. Yuxarıda qeyd olunan cədvəldən görünür ki, cavabdeh ödənişləri gecikdirməklə müqavilə şərtlərini pozduğuna görə 109 məbləğində cərimə borcu hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Odur ki, hesablanmış cərimə borcu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Bundan başqa, xərclərlə bağlı məsələni müzakirə edən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən onun xeyrinə cavabdehdən tutulmalıdır. Beləliklə, məhkəmə göstərilənləri nəzərə alıb və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5, 284-6, 357-360-cı maddələrini rəhbər tutub QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh iddiaçı «xxxxxxxxxxx» MMC-nin xeyrinə müqavilə üzrə yaranmış 1092 manat əsas borc, 109 manat cərimə borcu və 30 manat dövlət rüsumu olmaqla, cəmi 1231 (bir min iki yüz otuz bir) manat məbləğində pul tutulsun. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vəli Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar