Məhkəmə qərarları › İş №2(043)-1088/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1088/2021

02.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1088/2021 02.06.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X5 iclas katibliyi, İddiaçı və nümayəndəsi (vəkili) X4, Cavabdeh2 Xeyrəddin qızının iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Xeyrəddin qızına qarşı «pul» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Xeyrəddin qızına qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 Xeyrəddin qızı və Cavabdeh1 40515 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsində Cavabdeh2 Xeyrəddin qızının atasının adının iddia ərizəsində səhvən Tofiq kimi göstərilmişdir. Odur ki, cavabdeh Vəfanın atasının adının Tofiq deyil, Xeyrəddin kimi nəzərə alınmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, sahibkar kimi Daşkəsən şəhərində televizor, kondisioner satışı ilə məşğuldur. O, Gəncə şəhər Baş Polis İdarəsinə Cavabdeh2 Xeyrəddin qızının və Cavabdeh1 dələduzluq etməklə etibarından sui-istifadə edərək 40.515 manat dəyərində elektrik mallarını almalarını və pulunu verməmələri barədə şikayət ərizəsi vermiş, şikayət ərizəsi əsasında araşdırma aparılmış, araşdırma zamanı həmin şəxslərin həqiqətən də ondan 50.135 manat məbləğində elektrik malları alması, pulun cəmi 9620 manat ödənilməsi, qalan pulu isə qaytarmamaları müəyyən olunmuşdur. Cavabdehlərin əməlində cinayət tərkibi olmadığından məhkəməyə müraciət olunması izah olunmuşdur. Ona görə də, o, məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, Daşkəsən rayonunun Mollahasanlı kənd məktəbində ibtidai sinif müəlliməsi işləyən Cavabdeh2 Xeyrəddin qızını təxminən 18 ildir ki, tanıyır, 2019-cu ilin aprel ayının sonlarında Vəfa onunla telefon vasitəsi ilə əlaqə saxlayıb onun Gəncə şəhərində Cavabdeh1 adlı əmisi qızı olduğunu, onun özünün və Rəmidənin də çoxlu müştəriləri olduğunu bildirmişdir. Vəfa ondan nisyə elektrik mallarını Bakı şəhərindən sifariş edib ona verməsini və hər ay əvəzində 5000 manat verəcəyini bildirmişdir. O, işlədiyi mağazaya qarışıq və elektrik mallarını Bakı şəhərində Sübhan adlı topdan satış mağazası işlədən şəxsdən nisyə alıb, satdıqdan sonra da pulunu göndərmişdir, Vəfa bir neçə dəfə ona zəng vurub yalvarmışdır ki, öz pulunu, yəni xeyrini qoyub malları ona versin, o, özü malları paylacaq və malların pulunu da o, özü yığıb verəcəkdir. Vəfanın bir neçə dəfə zəngindən sonra o, Bakı şəhərində həmişə işlədiyi Sübhan adlı şəxsdən 01 may 2019-cu il tarixdən 29 may 2019cu il tarixədək 1 ədədi 700 manat dəyərində olan 2 ədəd 6 kiloqramlıq “Samsung” markalı paltaryuyan maşın, 1 ədədi 1000 manat olan 10 ədəd “Samsung” markalı 109 dioqnallı televizor, 1 ədədi 1050 manat olan, 16 ədəd “LG” markalı 8 kiloqramlıq paltaryuyan maşın, 1 ədədi 1100 manat olan 6 ədəd “LG” markalı 8 kiloqramlıq paltaryuyan maşın, 1 ədədi 1000 manat olan 5 ədəd “LG” markalı 8 kiloqramlıq paltaryuyan maşın, 1 ədədi 1250 manat olan 1 ədəd “Eurolux” markalı 100 kvadratlıq kondisoner, 1 ədədi 1250 manat olan 1 ədəd “Eurolux” markalı 100 kvadratlıq kondisoner, 1 ədədi 1250 manat olan 1 ədəd “Eurolux” markalı 100 kvadratlıq kondisoner və 1 ədədi 35 manat olan 1 ədəd “Eurolux markalı ütü sifariş vermiş, ümumilikdə o, 50135 (əlli min yüz otuz beş) manat dəyərində əşyaları Sübhandan alıb Vəfaya vermişdir. Malları o sifariş etmiş, Sübhan Bakı şəhərindən avtobusla Gəncə şəhərinə göndərmiş və o da Vəfaya zəng edib bu haqda bildirmiş, sonuncu da həmin əşyaları gedib Tahir adlı şəxsdən götürmüşdür. Mallar Yeni Bazar adlanan yerə avtombusla gəlmiş, Cavabdeh2 ona “WhatsApp”-la zəng edərək malların gəlib-gəlmədiyini, nə vaxt gələcəyini soruşmuşdur. O da Vəfaya malların gəldiyini və gedib götürməsini demişdir. O, avtobus sürücüsü Tahir adlı şəxsə zəng edərək ona demişdir ki, Cavabdeh2 gələcəkdir ona istədikləri mallardan verərsən. Onlarda gedib malları götürmüşlər. Onun satıcısı Pərvanə adlı xanım tərəfindən 2019-cu ilin aprel ayında Cavabdeh2 2 ədəd “Samsung” markalı 6 kq tutumu olan paltaryuyan maşın verilmişdir . Malları heç bir yerə imzalatmadan şifahi formada razılığa əsasən verilmişdir. Həmin əşyaların dəyərindən Vəfa ümumilikdə ona 9620 manat pul vermiş, lakin 40515 manat pulu hələ də qaytarmamışdır. Həmin əşyaları Vəfanı tanıdığı üçün nisyə vermişdir, Rəmidəni isə heç vaxt tanımamışdır. Vəfadan pulu tələb edəndə sonuncu bildirmişdir ki, əmisi qızı Rəmidə onu aldatmış və bütün qeyd etdiyi əşyaların hamısını satmış və pulu qaytarmır. O, ümumiyyətlə malları verdikdən sonra pulunu almaq üçün Rəmidəni bir və ya iki dəfə görmüşdür. O, hətta Vəfaya demişdir ki, pulu verə bilmirsə, verdiyi əşyaları özünə geri qaytarsın. Lakin, Vəfa bu günə qədər borclu olduğu 40515 manat pulu və ya həmin əşyaların özünü qaytarmamışdır. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, Vəfa pulunu Rəmidədən ala bilmədiyini bildirdiyi üçün həmin məsələni aydınlaşdırmaq üçün Rəmidə ilə görüşmüşdür. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) X8 iddiaçı ilə eyni məzmunlu izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 Xeyrəddin qızı iddia tələbini qəbul etməyərək bildirdi ki, İddiaçı təxminən 15 ildən çoxdur tanıyır. 2019-cu ilin aprel ayında əmisi qızı Cavabdeh1 tanışı Turanə ilə birlikdə ticarətlə məşğul olduğunu, əgər elektrik malları satan tanışı varsa ondan elektrik mallarını nisyə alıb ona və Turanəyə verməyi, onlar da satıb qazanc verəcəklərini ona bildirmişdir. Bu məqsədlə bu barədə əvvəl Gülnarın işçisi Pərvanəyə demiş, Pərvanə də Gülnarın özü ilə danışmağı məsləhət bilmişdir. Cavabdeh1 ona demişdirki, “Gülnarı razı sal sənin uşağın xəstədir, mal götürdükcə sənə hörmət edəcəm”. Satıcısı Gülnar xanımla telefonla danışmış, “Gülnar da nömrəmi ver mənimlə danışsınlar demişdir”. Gülnar onunla danışan zaman bildirmişdir ki, ya qızıl və ya bank kart gətirib təminat olaraq versinlər sonra nisyə mal verim. O, da Cavabdeh1 demişdir ki, “Gülnar xanım deyir kart yada qızıl qoysun verim”, Cavabdeh1 qızılın olmadığını amma kart qoyacağını bildirmişdir. Cavabdeh1 müştərisi Turanə xanımın qaynanası Atayeva Sədət xanıma məxsus içərisində 7000-8000 manatlıq kartı Gülnar xanımın satıcısına vermiş və bildirmişdir ki, pensiya kartıdır hər ayda 350 manat içərisinə pul köçür, kartı salıb heç yerdə yoxlamayın, hər ay sənin pulunu ödəyəcəm. Bundan sonra Cavabdeh1, anası Məhəbbət onlara gəlmişlər. Bu zaman Ramidənin anası Məhəbbət Gülnarı razı salaraq bildirmişdir ki, narahat olma malları ver qızım sənin mallarını batırmaz. Bundan sonra Cavabdeh1 özü zəng edərək Gülnar xanımla danışmış və demişdir ki, narahat olma 15-17 nəfər alverçi tanışım var, malları ona nisyə versin, satıb pulunu qaytaracam. Gülnar etibar edərək malları alver etməsi üçün onunla razılaşmışdır. Gülnar malları verməmişdən qabaq Cavabdeh1 anasına məxsus “Tekstilni” adlanan ünvanda yerləşən evə də getmişdir. Həmin vaxtı o da orada olmuşdur. Gülnar xanım Rəmidənin özü və əri ilə danışmışdır. Razılaşmalarına görə Gülnar onlara nisyə formasında elektrik malları verməli, onlar da o malları satıb hər ay pulunu verməli olmuşlar. Rəmidə, əri Ceyhun, Turanə və əri Fərid yaz sezonunda çoxlu müştərilərinin olmasını demişlər. Həmçinin Turanə də atası Arzunun “OPEL” markalı avtomobili ilə həmin elektrik mallarını satacağını bildirmişdir. Bundan başqa Rəmidə qayınatası Ağəlinin təqaüd kartını, Turanə də qayınanası Səadətin təqaüd kartını vermişlər ki, guya o kartların hər birində 7000 manat pul var, lakin kartda pul olmamışdır. Gülnar onlara inanaraq Bakıdan təxminən 50000 (əlli min) manatlıq elektrik malları sifariş vermiş və malları Gəncə şəhərində Yeni tikilən bazardan Turanənin atası Arzu özünün avtomobili ilə gəlib götürmüşdür. Bu malların gətirilib verilməsi 2019-cu ilin may ayının 1-dən 29-a qədər olan müddət ərzində olmuşdur. Malların hamısını Rəmidə, əri Ceyhun, Turanə, əri Fərid götürüb aparıb satmışlar. Lakin, Gülnarın pulunu verməmişlər. Cavabdeh1 təqdim etdiyi kartın içinin sonradan boş olması məlum olmuşdur. Gülnar xanımda ona demişdir ki, “sənin əmin qızıdır sən danış onunla bütün pulları ödəsin”. Bundan sonra Gülnar onu mağazaya çağırmış, o, Turanə ilə mağazaya getmiş, həmin vaxt Gülnar onu təhqir edərək döymüşdür. Gülnar pulunu ondan tələb etdiyindən, o, verilmiş elektirik avadanlıqlarının dəyərindən Rəmidə və Turanədən cəmi 9620 manat pulu alıb Gülnara vermişdir. Lakin, sonradan Cavabdeh1 elektirik avadanlıqlarının pullarını verməmiş, ailəvi olaraq evlərini sataraq Bakı şəhərinə köçüb getmişlər. Onun tərəfindən 2019-cu ilin may ayının 1-dən 29-a qədər olan müddət ərzində Gülnar xanıma zəng edilərək 5 ədəd “Samsung” markalı paltaryuyan maşın, hər birinin dəyəri 1200 manat olmaqla və 1 ədəd “LG” markalı televizor dəyəri 1000 manat olmaqla şəxsən sifariş edilmişdir, həmin malları görməmişdir və həmin malları Turanə adlı xanım “Təzəbazar” adlanan yerdən gedib götürmüşdür. Rəmidə ona demişdir ki, sənin uşağın xəstədir sənə köməklik edəcəm, sən sifariş ver, malları alıb-satanda hər maldan 30 manat sənə pul verəcəm, o buna görə sifariş etmişdir. Əlavə olaraq bildirdi ki, iddiaçı tərəfindən təqdim edilmiş SD diskdə olan səs yazıları ona məxsusdur. Məhkəmədən iddia tələbinin ona münasibətdə rədd edilməsini xahiş etdi. Cavabdeh2 vəsatəti əsasında şahid qismində dindirilmiş X1 ifadə verərək bildirdi ki, Ramidə ilə 5 il bundan qabaq alver etmiş, o, Vəfanı Rəmidənin əmisi qızı kimi tanımışdır. Rəmidənin bir dəfə evinə gedəndə Vəfanı orada görmüşdür. Rəmidə ona demişdir ki, cehizlik əşyalar verəcəm, sən də qohuma və tanışa üstünə pul qoyub satarsan. O da razılaşaraq ətrafında tanıdığı şəxsləri həmin malları alınması üçün cəlb etmişdir, Rəmidə də həmin müştəriləri onun əlindən almağa başlamış və müştərilərə özü birbaşa çıxmış, onu ortadan çıxarmışdır. O sonradan görmüşdür ki, Rəmidə malları onun xəbəri olmadan tapdığı müştərilərə satmağa başlayıb. Rəmidə təxminən 2 il bundan qabaq qaçıb gedib və onu görməmişdir. Cavabdeh2 vəsatəti əsasında şahid qismində dindirilmiş X7 ifadə verərək bildirdi ki, 30 nömrəli uşaq bağçasında tərbiyəçi işləyir. Heç bir tərəflə qohumluğu və ədavəti yoxdur. X15 Rzayeva ilə alver etmişdir. Turanə Rəmidədən paltaryuyan maşınlar götürüb satmışdır. Elektrik mallarını onlar Rəmidədən almışlar, onun özü şəxsən Rəmidəyə pul vermişdir. Qızı dediyinə görə həmişə malları Rəmidədən alıb. Qızı təxminən Rəmidədən 10-11 dənə paltaryuyan maşın götürüb, sonra həmin malları tanışına satıb. O, Cavabdeh2 mal almamışdır. X11 ayrıca malda sifariş edib, Gülnar xanıma onlarında borcu var, onu ayrıca ödəyəclər. O, Vəfanı Rəmidə ilə birlikdə gəlib getməsini görmüşdür. Onun əri Rəmidənin sifariş verdiyi malları gedib özünə məxsus avtomobil ilə götürmüşdür. Onlar alqı-satqını Rəmidə ilə etmişlər, Vəfa ilə alqı-satqı etməmişlər. İş materiallarına əlavə olunmuş İddiaçı şikayət ərizəsi əsasında qəbul edilmiş 06 avqust 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar və Gəncə şəhər BPİ-nin İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi, polis kapitanı X9, icraatımda olan HK-1/481 nömrəli materiallın surətindən görünür ki, toplanmış materiallarda cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanılması rədd edilmiş, İddiaçı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Həmin qərarla müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh2 Xeyrəddin qızına 01 may 2019-cu il tarixdən 29 may 2019-cu il tarixədək 50135 (əlli min yüz otuz beş) manat dəyərində elektrik mallarını nisyə olaraq verməsində məqsədi pul gəliri əldə etmək niyyətində olmuşdur. Həmçinin iki ay ərzində Cavabdeh2 9620 (doqquz min altı yüz iyirmi) manat satılan əşyaların pulunu da almışdır. İş materiallarına əlavə edilmiş SD diskdən görünür ki, Cavabdeh2 Xeyrəddin qızı öz səsini yazaraq İddiaçı göndərmiş, həmin səs yazılarında Cavabdeh2 Xeyrəddin qızı İddiaçı elektrik avadanlığı sifariş vermiş, aylıq ödənişlərin verilməyəcəyi halda elektrik mallarının digər şəxslərə verilməsini dayandıracağını bildirmiş və nisyə verilmiş malların pulunu hər aylıq ödənişlərini yığıb verəcəyini söz vermiş, ona verilmiş bank kartlarının boş olduğunu və yeni bank kartı verildiyini, mal alan şəxslər tərəfindən onun aldadıldığını, səhv etdiyini və bütün müştərilərdən pulları yığıb qaytaracağını bildirmişdir. Məhkəmə proses iştirakçılarını izahatını və təqdim edilmiş sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, məhkəmə baxışında müəyyən edilmişdir ki, aralarında olan şifahi razılaşmaya əsasən cavabdeh Cavabdeh2 Xeyrəddin qızı İddiaçı 01 may 2019-cu il tarixdən 29 may 2019-cu il tarixədək olan müddətdə 50135 (əlli min yüz otuz beş) manat dəyərində elektrik mallarını hissə-hissə ödəmək şərti ilə nisyə almış, Cavabdeh2 aldığı elektrik mallarını qazanc əldə etmək məqsədi ilə hissə-hissə ödəmək şərti ilə digər şəxslərə satmış, elektrik mallarının dəyərinə görə yığılmış puldan cəmi 9620 manatı Cavabdeh2 Xeyrəddin qızı tərəfindən İddiaçı verilmiş, digər elektrik mallarının dəyərinə görə isə 40515 manat pulun iddiaçı olan satıcıya qaytarılmaması müəyyən olunmuşdur. Cavabdeh2 Xeyrəddin qızı 40515 manat dəyərində pulun geri qaytarılmamasını həmin malların onda deyil, Cavabdeh1 olmasını, həmin malları Rəmidənin iddiaçı ilə razılığı əsasında nisyə verildiyini və onun bundan xəbərinin olmadığını, borcu Rəmidənin qaytarmalı olduğunu bildirsə də məhkəmə hesab edir ki, Cavabdeh2 bu dəlilləri əsassızdır və məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları ilə və digər sübutlarla təkzib edilir. Belə ki, müəyyən olunur Cavabdeh2 ilə İddiaçı əvvəllər bir-birlərini tanımış, İddiaçı Cavabdeh1 tanımamış və onunla heç bir alqı-satqı razılaşması olmamış, Cavabdeh2 nisyə elektrik mallarını verilməsi üçün İddiaçı şəxsən müraciət etmiş və elektrik mallarının alınması üçün sifariş etdiyini bildirmişdir. Həmçinin Cavabdeh2 Xeyrəddin qızı İddiaçı göndərdiyi öz səs yazılarında elektrik avadanlığı sifariş vermiş, aylıq ödənişlərin verilməyəcəyi halda elektrik mallarının digər şəxslər verilməsini dayandıracağını bildirmiş və nisyə verilmiş malların pulunu hər aylıq ödənişlərini yığıb verəcəyinə söz vermiş, ona verilmiş bank kartlarının boş olduğunu və yeni bank kartı verildiyini, mal alan şəxslər tərəfindən onun aldadıldığını, səhv etdiyini və bütün müştərilərdən pulları yığıb qaytaracağını bildirmişdir. Bundan əlavə Cavabdeh2 öz dəlillərini təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmiş, elektrik mallarının alınıb-satılması barədə şifahi qaydada razılaşma iddiaçı Gülnar ilə cavabdeh Vəfa arasında olmuş, elektrik mallarının cavabdeh Rəmidəyə iddiaçı tərəfindən verildiyi və aralarında razılaşma olması sübut olunmamışdır. Məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh2 nisyə alqı-satqı müqaviləsi üzrə götürdüyü öhdəliyi tam icra etməmiş, aldığı malın dəyərinin bir qismini ödəyib, əşyalar görə borcun çox hissəsini ödəməməklə, iddiaçı ilə aralarında bağlanmış şifahi nisyə alqısatqı müqaviləsinin şərtlərini pozmuşdur. Odur ki, iddia tələbi Cavabdeh2 Xeyrəddin qızına münasibətdə təmin edilməli, nisyə alınmış əşyaların dəyəri olan 40515 manat Cavabdeh2 Xeyrəddin qızından tutularaq iddiaçıya ödənilməlidir. İddia tələbi Cavabdeh1 münasibətdə rədd edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 91.3-cü maddəsinin tələbin görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmə ödənilmiş 30 manat dövlət rüsumunun da Cavabdeh2 Xeyrəddin qızından iddiaçının xeyrinə tutulmasını əsaslı hesab edir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh2 Xeyrəddin qızından nisyə alınmış malın dəyəri qismində 40515 (qırx min beş yüz on beş) manat pul və məhkəmə xərci qismində ödənilmiş dövlət rüsumu olaraq 30 manat tutularaq, İddiaçı ödənilsin. İddia tələbi Cavabdeh1 münasibətdə rədd edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar