Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-1094/2022 17.03.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlu, İddiaçı X3 İstismarı İdarəsinə qarşı «borcun silinməsi» tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə dair məsələyə baxaraq, müəyyən etdi : İddiaçı X3 İstismarı İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 İstismarı idarəsi tərəfindən qanunsuz olaraq yazılmış 518,40 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, iddia ərizəsini nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmədən iddiaçıya geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsində cavabdeh kimi X3 İstismarı İdarəsi qeyd edilmişdir. Mülkiprosessual qanunvericiliyə əsasən prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar (Mülki Prosessual Məcəllənin 50.1 və 50.3-cü maddələri). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43.1-ci maddəsinə əsasən hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. Kommersiya hüquqi şəxslərin dövlət reyestri məlumatları üzrə axtarış zamanı X3 İstismarı İdarəsi adlı hüquqi şəxs müəyyən edilməmişdir. Bununla belə ölkədə qaz istismarı ilə bağlı faəliyyəti həyata keçirən hüquqi şəxsin “X1” olduğu müəyyən edilir. İddiaçının cavabdeh kimi göstərdiyi adda hüquqi şəxs mövcud olmadığından iddia ərizəsində cavabdehin faktiki olaraq göstərilmədiyi məlum olur. Belə olan halda iddia ərizəsinin icraata qəbul edilməsi və baxılması mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 149.2.2-ci maddəsinin tələbinə əsasən, ərizədə işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları göstərilməlidir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinin tələbinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinin tələbinə əsasən, iddia ərizəsinin qaytarılmasına səbəb olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə İddiaçı izah edir ki, hazırki iddia tələbini o, “X1”nə qarşı irəli sürməli, iddia ərizəsini MPM-in 36.9-cu maddəsinə əsasən yaşadığı yer üzrə Gədəbəy rayon Məhkəməsinə və ya həmin Məcəllənin 35.2-ci maddəsinə əsasən “X1”nin hüquqi ünvanı üzrə Bakı şəhəri Xətai rayon məhkəməsinə müraciət etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 149, 152, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l ı r: İddiaçı X3 İstismarı İdarəsinə qarşı «borcun silinməsi» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №2(043)-1094/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-1094/2022
17.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver