Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1100/2021 18.03.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X3 iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının artırılması» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2010-cu il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün aliment məbləğinin artılaraq hər ay 200 (iki yüz) manat miqdarında təyin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-3730/16 nömrəli xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən xx.xx.2010-cu il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün borclu Cavabdeh xx.xx.2016-cı il tarixdən başlayarq hər 117 (bir yüz on yeddi) manat miqdarında aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-3730/16 nömrəli xx.xx.2016-cı il qətnaməsi üzrə Cavabdeh tərəfindən ödənilən 117 (bir yüz on yeddi) manat aliment pulu ilə o övladına baxmaqda çətinlik çəkir. Bu günkü günün tələblərin və maddi imkanın aşağı olması nəzərə almaqla 117 (bir yüz on yeddi) manat məbləğ çox azdır. Əlavə olaraq onu da qeyd etmək istəmişdir ki, övladı məktəb hazırlığına gedir. Məhkəmə iclasında İddiaçı iddia tələbinə uyğun ifadə verərək bildirdi ki, hal-hazırda heç bir yerdə işləmir. Əvvəllər “Gəncə Mall” ticarət mərkəzində işləmişdir. Lakin, pandemiya ilə əlaqədar işləmir. Uşağın yaşı artdığı və böyüdüyü üçün xx xxxx 2016-cı il tarixli qətnamə ilə təyin olunmuş 117 manat aliment uşağın tələbatlarını qarşılamır. Cavabdeh heç bir əlavə xərcdə ona köməklik etmir və heç bir maddi köməklik göstərmir. Ona görə də hazırda məcburiyyət qarşısında qalıb Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia qaldırmalı olmuşdur. İddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq, cavabdehin aylıq gəlirləri və qazancı barədə sübutunun olmadığını bildirdi. Məhkəmə iclasında Cavabdeh ifadəsində bildirdi ki, 2-ci dəfə evlənməmişdir. Hazırda Tovuz şəhər X9 adına Uşaq Musiqi məktəbində skripka müəllimi vəzifəsində işləyir, aylıq əmək haqqı olaraq 171,57 manat alır və əlavə gəlir yeri yoxdur. Ona görə də alimentin artırılmasına razı deyil və iddianı qəbul etmir. xx.xx.2016-cı il tarixli qətnamə ilə təyin olunmuş 117 manat alimenti zorla ödədiyindən dəyişdirilmədən saxlanılmasını istəyir. Məhkəmədən bu halların nəzərə alınaraq iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra hesab edir ki, tərəflərin faktiki nikahından doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün sabit pul məbləğində müəyyən edilən alimentin miqdarının artırılması hissəsində iddia qismən təmin edilməlidir. Belə ki, iddia ərizəsinə əlavə olunmuş Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(043)-3730/2016 nömrəli qətnaməsinin surətindən görünür ki, Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(043)-422/2014 nömrəli qətnaməsi ilə xx.xx.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı dəyişdirilərək hər ay 117 (bir yüz on yeddi) manat sabit pul məbləğində müəyyən edilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş AZ-İİİ seriyalı, 982200 nömrəli doğum haqqında şəhadətnamənin əsli ilə üzləşdirilmiş surətindən görünür ki, X4 xx.xx.2010-cu il tarixdə Gəncə şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarına əlavə olunmuş Gəncə şəhər Nizami rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, 345 nömrə ilə qeyd edilmiş, xx.xx.2015-ci il tarixli, AZ-İ 224616 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında nikah xx.xx.2015-ci ildə pozulmuşdur. İş materiallarına əlavə edilmiş Gəncə şəhər MKTİB-nin 5 nömrəli xidmət sahəsinin xx.xx.2021-ci il tarixli, 48 nömrəli arayışından görünür ki, İddiaçı ünvan 1 mənzil 28 ünvanında yaşayır. İş materiallarına əlavə edilmiş X2 İdarəsinin xx.xx.2021-ci il tarixli, 07 saylı arayışından görünür ki, Cavabdeh Tovuz şəhər X9 adına Uşaq Musiqi məktəbində skripka müəllimi vəzifəsində işləyir, aylıq əmək haqqı 2020/2021-ci tədris ilində tutulmalar çıxıldıqdan sonra 171,57 manat təşkil edir. Məhkəməyə təqdim edilmiş sübutların bilavasitə tədqiqi zamanı aydın oldu ki, iddia ərizəsinə əlavə olunmuş Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(043)-3730/2016 nömrəli qətnaməsi ilə Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(043)-422/2014 nömrəli qətnaməsi ilə xx.xx.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı dəyişdirilərək hər ay 117 (bir yüz on yeddi) manat sabit pul məbləğində müəyyən edilməsi qət edilmişdir. Lakin, həmin vaxtdan uzun müddət keçmiş, uşaq böyüdüyü və onun xərclərinin artdığı üçün qət edilmiş 117 manat məbləğdə aliment uşağın saxlanması üçün yetərli olmadığından, cavabdeh uşağın saxlanması üçün iddiaçıya əlavə maddi yardım göstərmədiyindən, iddiaçı hazırki iddia tələbi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh isə gəlirinin az olduğu üçün alimenti ödəməkdə çətinlik çəkdiyini və hazırda alimentin məbləğinin artırılması ilə razı olmadığını və iddianın rədd edilməsini bildirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyasının 34-cü maddəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə görə uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 5-ci maddəsində deyilir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə görə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq huququ vardır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə görə isə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinin tələbinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinin tələbinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən olunmuşdur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016cı il tarixli 8-2/2016 №-li Qərarının 8.14-cü bəndində məhkəmələrin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanması qeyd edilmişdir. Məhkəmə hesab edir ki, alimentin artırılması tələbi iddiaçının müəyyən etdiyi məbləğdə deyil, qismən təmin edilməlidir. Belə ki, hazırda ödənilən 117 manat məbləğində aliment xx.xx.2016-cı il tarixdə məhkəmə tərəfindən müəyyən edilmiş, həmin tarixdən beş ilə yaxın müddət keçmiş, yaşayış minimumu, uşaq böyüdükcə onun tələbatı və saxlanma xərcləri artmışdır. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbinə görə bilavasitə məhkəmə iclasında tədqiq edilən, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, həmin sübutlar bir-birini tamamlamaqla iddiaçının tələbinin qismən əsaslı olmasına dəlalət edir. Məhkəmə yuxarıda qeyd olunan qanunvericiliyin normalarını, məhkəmə iclası zamanı müəyyən olunmuş halları, uşağın maddi tələbat səviyyəsini, tərəflərin maddi və ailə vəziyyətini, tərəflərin yüksək gəliri olması barədə sübutun məhkəməyə təqdim edilməməsini nəzərə alaraq, habelə hazırda uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu səviyyəsini və uşağı saxlamaq vəzifəsinin hər iki valideynə aid olduğunu nəzərə alaraq, tərəflərin birgə ailə münasibətindən doğulmuş uşağın təminatının mümkün qədər maksimal saxlanması üçün iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə tərəflərin birgə nikahından doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(043)- 3730/2016 nömrəli qətnaməsi ilə müəyyən edilmiş, hər ay 117 manat sabit pul məbləğində tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh hər ay 140 (bir yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı xeyrinə verilməlidir. İddia tələbi üzrə miqdarı dəyişdirilmiş (artırılmış) hissədə alimentin tutulması, qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. İddia tələbi digər hissədə təmin edilməməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunun ödənilməsindən azad olunurlar. Həmin Qanunun 8.1.1-ci maddəsinin tələbinə görə iddianın qiyməti 500 manatadək olduqda məhkəməyə verilən iddia ərizələrindən 20 (iyirmi) manat məbləğində dövlət rüsumu tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə görə aliment alınması haqqında iddialarda bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinin tələbinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək, məhkəmə hesab edir ki, İddiaçı olduğundan dövlət rüsumunun ödənilməsindən azad edildiyi üçün ona hər ay cavabdeh tərəfindən ödənilməli artırılmış hissədə 23 manat sabit pul məbləğində alimentin bir il ərzində məcmusu 500 manatdan az təşkil etdiyindən, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.1-ci maddəsinə əsasən Cavabdeh 20 (iyirmi) manat məbləğində dövlət rüsumu tutularaq, dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 235.1.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli, 2(043)- 3730/2016 saylı qətnaməsi ilə müəyyən edilmiş sabit pul məbləğində alimentin miqdarı artırılaraq, xx.xx.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay 140 (bir yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı xeyrinə verilsin. Artırılmış hissədə alimentin tutulması, qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh 20 (iyirmi) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(043)-1100/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1100/2021
18.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver