Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1101/2022 16.06.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Zaman Şakir oğlunun sədrliyi, X10 iclas katibliyi, İddiaçı və vəkili X11, Cavabdeh1, Cavabdeh2 nümayəndəsi X7 və vəkili X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 onun xeyrinə borclu 38400 (otuz səkkiz min dörd yüz) manat və ödənilmiş dövlət rüsumu əvəzinə 205 manat məbləğində pul vəsaitinin alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, 2018-ci il tarixdə hazırki iş üzrə cavabdehlərə məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Sevinc qəsəbəsi, Şıxəli Qurbanov adına bağçılıq-yoldaşlıq birliyi, sahə 46 ünvanında yerləşən bağ evini ilkin ödəniş olaraq 17000 manat verməklə almışdır. Cavabdehlərin hər ikisi bu barədə notariusda ərizə verərək evin ona satılmasına etiraz etmədiklərini bildirmişlər. Hətta Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(043)-3176/2021 sayli qətnaməsinin işin halları bölməsində qeyd edilmişdir ki, “Cavabdeh1 xx.xx.2018-ci il tarixli 8İ-1732 reyestr nömrəli ərizəsinin surətindən görünür ki, ipoteka ilə yüklü olan Gəncə şəhəri, ünvan 2 ünvanda yerləşən bağ evini Goranboy rayon sakini İddiaçı ipoteka kreditinin qalan hissəsinin onun tərəfindən ödənilməsi şərti ilə 17000 manat məbləğində razılaşaraq satmış, pulu nağd şəkilində tam almış və bağ evini təhvil vermişdir. Cavabdeh2 xx.xx.2018-ci il tarixli, 8İ-1733 reyestr nömrəli ərizəsinin surətindən görünür ki, əri Cavabdeh1 oğluna məxsus Gəncə şəhəri Kəpəz rayonu, Sevinc (indiki Məhsəti) qəsəbəsi, Ş.Qurbanov adına BYB, 46 sayli ünvanda yerləşən bağ evinin və torpaq sahəsinin satılmasına razılıq vermişdir. Həmin evi ona aldıqdan sonra 14400 (on dörd min dörd yüz manat) evin təmirinə pul xərcləmişdir. Həmin ev ipoteka predmenti olduğundan əlavə olaraq ümumilikdə 7000 manata yaxın pulu "xxxx" ASC-yə ödəmişdir. Bundan sonra iddiaçı Cavabdeh2 Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsində Cavabdeh1 qarşı birgə nikah dövründə əldə olunmuş əmlakdan ½ hissədə payının müəyyən edilməsi və ½ hissədə ipoteka öhdəliyinin onun üzərinə qoyulması tələbinə dair iddia qaldırmış, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(043) 3176/2021 saylı qətnaməsi ilə Gəncə şəhəri 3 saylı notariat ofisi tərəfindən 13 08 2013-cü il tarixdə 48-510 reyestr nömrə ilə təsdiq edilmiş alğı-satqı ipoteka müqaviləsi üzrə tərəflərin birgə nikah dövründə əldə etdikləri Gəncə şəhəri, Şıxəli Qurbanov adına bağçılıq yoldaşlıq birliyi sahə 46 ünvanında yerləşən bağ evindən ½ hissədə Cavabdeh2 və ½ hissədə Cavabdeh1 payları müəyyən edilmişdir. X16 ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2013-cü il tarixli, KM 412 saylı kredit müqaviləsi üzrə Cavabdeh2 ilə Cavabdeh1 arasında olan nikahlarının pozulduğu xx.xx.2019-cu il tarixdən kredit müqaviləsinin bitdiyi dövrədək ödəniş qrafikinə əsasən hər ay ödənilməli olan borc məbləğinin ½ hissəsi Cavabdeh2 aid edilmiş və onun tərəfindən hər ay Cavabdeh1 ödənilməsi qət edilmişdir. O, dəfələrlə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 verdiyi ümumilikdə pulunu tələb etsə də, onlar onun haqlı tələbinə məhəl qoymamışlar. Bu səbəbdən iddia ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında İddiaçı ifadə verərək bildirdi ki, ipoteka ilə yüklü olan Gəncə şəhəri ünvan 6 ünvanda yerləşən bağ evini ipoteka kreditinin qalan hissəsinin onun tərəfindən ödənilməsi şərti ilə 17.000 (on yeddi min) manat məbləğində pulu nağd şəkildə ödəyərək almışdır. Həmin evi aldıqdan sonra evin təmirinə 14400 manat pul xərcləmişdir. Həmin ev ipoteka predmenti olduğundan əlavə olaraq evin girovdan azad olub ona satılması məqsədilə ümumilikdə 7000 manata yaxın pulu "xxxx" ASC-yə ödəmişdir. Lakin, daha sonra Cavabdeh1 ona zəng edərək, həyat yoldaşı olan Cavabdeh2 ilə aralarında mübahisə yarandığını və sonuncunun həmin evin ½ hissəsinə mülkiyyət hüququnun yarandığını, evi satmaq istəmədiyini bildirmişdir. O, ev satılan zaman Cavabdeh2 tərəfindən verilmiş razılıq ərizəsinin sonradan ləğv olunmasını bilməmişdir. Cavabdehlərdən evi satmadıqları halda evin təmirinə, onun girovdan azad olunmasına və evin alınması üçün avans olaraq ödədiyi pulları tələb etsə də cavabdehlər həmin pulu qaytarmamışlar. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul edərək izahatında göstərdi ki, İddiaçı ona qarşı qaldırdığı iddia tələbini qəbul edir. Belə ki, 2018-ci ildə mülkiyyətində olan Gəncə şəhəri ünvan 6 ünvanda yerləşən bağ evini İddiaçı satmaqla bağlı onunla razılıq əldə etmişdir. Həmin vaxt qeyd olunan ev ipoteka ilə yüklü olduğundan bu barədə notarial alğı-satqı müqaviləsinin bağlanması mümkün olmamışdır. Belə olan halda Sahil evin alınması ilə bağlı avans olaraq ona 17000 manat pul vermiş və aralarında olan razılaşmaya əsasən evin girovdan çıxarılması üçün onun banka olan borcunu İddiaçı ödəməli idi. Beləcə Sahil evin girovdan azad olunması üçün Gəncəbanka təxminən 7000 manata yaxın pul ödəmişdir. Həmin dövrdə Sahil evin təmirinə təxminən 14400 manat pul xərcləmişdir. Lakin keçmiş arvadı Elnada ilə aralarında mübahisə olduğundan Elnada birgə nikah dövründə əldə olunan həmin evin bölünməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Kəpəz Rayon Məhkəməsinin qətnaməsinə əsasən Gəncə şəhəri ünvan 6 ünvanda yerləşən bağ ev onunla Elnada arasında bölünmüşdür. Odur ki, iddia tələbinin təmin edilməsinə etiraz etmir. Əlavə olaraq bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi X7 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, İddiaçı, Kəpəz rayon məhkəməsində cavabdeh olaraq qızı Cavabdeh2 və sabiq qızının əri Cavabdeh1 qarşı 38.000 manat və ödənilmiş 205 manat dövlət rüsumunun alınıb verilməsi tələbinə dair iddia ərizəsi ilə müraciət edibdir. İddiaçı iddia ərizəsində qeyd edib göstərmişdir ki, Gəncə şəhəri, Kəpəz rayonu, Sevinc qəsəbəsi, Şixəli Qurbanov adına bağçılıq-yoldaşlıq birliyi sahə 46 ünvanında yerləşən bağ evini ilkin ödəniş olaraq 17.000 manat verməklə almışdır. O, iddiaçının iddia ərizəsinə ona aid olan hissəsinə etiraz edir. İddia ərizəsində qeyd edib göstərdikləri həqiqətə uyğun deyil yalan və iftiralardan ibarətdir. Belə ki, Cavabdeh1 ilə Cavabdeh2 arasında 16 dekabr 2008-ci il tarixdə nikah qeyd edilməklə ailə qurmuşlar. Birgə nikahdan xx.xx.2010-cu il tarixdə X17 və xx.xx.2011-ci il tarixdə X15 anadan olmuşdur. Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 27 may 2019-cu il tarixli, 2(043)-390/19 saylı qətnaməsi ilə nikahları pozulmuşdur. Kamil ilə Elnada birgə nikah dövründə 2013-cü ildə ipoteka yolu ilə aldıqları Gəncə şəhəri, Kəpəz rayonu, Ş.Qurbanov adına BYB 46 ünvanında olan (Məhsəti qəsəbəsindən) 4 (dörd) sot torpaq sahəsinin içində 3 (üç) otaq, dəhliz, mətbəx, hamam, tualetdən ibarət olan evi almışlar. 2013-2018-ci ilin noyabr ayına kimi həmin evdə ailəliklə bir yerdə yaşamışlar. 2018-ci il tarixdə Cavabdeh1, məktəb uzaq olduğundan uşaqları məktəbə aparıb gətirməkdə çətinlik çəkdiyi üçün evi satıb atası Musazadə Familin yaşadığı evin yaxınlığından torpaq sahəsi alıb ev tikdirmək qərarına gəlmişdir. Musazadə X13 xəbəri olmadan atası ilə evin satılması barədə məsləhətləşdikdən sonra 2018-ci il noyabr ayında Elnadanı aldadaraq Gəncə şəhəri 1 saylı notariat kontoruna apararaq sənədlərə qol çəkdirmişdir. Elnada notariusda sənədlərə qol çəkəndə notariat kontorunda notarius tərəfindən nə üçün sənədlərə qol çəkməyinin barəsində ona heç nə izah olunmamışdır. Elnada həmin günü notariat kontorunda Sahili görməmiş və notariat kontorunda Sahilin kimə pul verib verməməyindən də xəbəri olmamışdır. Notariat kontorundan evə gəldikdən sonra Cavabdeh1 qızı Elnadaya “baş etibarnamə ilə artıq evi satdıq, evin əşyalarını atam Familin evinə yığırıq”-demişdir. Elnada həmin günü narazılığını bildirmişdir ki, qayınatası Familin evi darısqal olduğundan onların ailəlikcə burada yaşamaqları olduqca çətin olacaqdır. Bundan sonra, Kamil və Famillə Elnada arasında narazılıq yaranmış və 2018-ci il noyabr ayının təxminən 5-də Elnadanı döyüb evdən çıxararaq onun evinə göndərmişlər. Elnada atası evinə gələndən sonra, məsələni açıb ona demiş və birlikdə Gəncə 1 saylı notariat kontoruna gedib evin satılması barədə verdiyi razılıq ərizəsinin xitam edilməklə etibarsız sayılması barədə ərizə vermişdir. Kamil və Famil notariusda razılıq ərizəsinin ləğv edilməsindən xəbərləri olsa da buna əhəmiyyət verməmişlər. Mübahisəli evin Kamil ilə aralarında ½ hissə ilə bölünməsi üçün 2019-cu ildən məhkəmə prosesləri davam edir. Evin sənədləri tam qaydasında olmadığından və evin satılıb satılmaması barədə sənədlərinin verilməsi üçün vəkil tərəfindən Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fonduna yazılı müraciət edilmişdir. Mübahisəli evi 2013-cü ildə alan zaman evin sığorta edilməsi üçün Elnada məsul şəxs olaraq banka dəvət olunaraq ipoteka predmetində ərlə arvadın eyni hüquqlu olmaları və gələcəkdə ailədə hər hansı bədbəxt bir hadisə olarsa, ərin və yaxud arvadın sosial vəziyyəti ağır olduğu bir halda sosial yardım alınması müəyyən olunarsa ödənilməmiş yerdə qalan kreditin banka ödənilməsi sığorta şirkəti tərəfindən həyata keçirilməsi izah olunduqdan sonra müqavilə sənədlərinə imza etmişdir. Hazırda Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin mübahisəli evin sabiq Kamil ilə Elnada arasında ½ hissə ilə bölünməsinə dair 24 dekabr 2021-ci il tarixli, 2(043)-3176/2021 saylı qətnamə var. Sahilin Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli məlum qətnaməsindən sonra məhkəmədə Elnadaya münasibətdə iddia qaldırması olduqca əsassızdır. İddiaçının 2019cu il tarixdən mübahisəli ev barəsində gedən məhkəmə proseslərindən xəbəri olduğu bir halda heç bir narahatçılıq keçirməməsi və evin məsələsini obyektiv həlli üçün heç bir yerə müraciətlər etməmişdir. Odur ki, iddia tələbinin Cavabdeh2 münasibətdə təmin edilməməsini, Cavabdeh1 aid hissədə isə təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi və vəkili X3 digər nümayəndə Bayram Hüseynovun ifadəsində göstərdiyi xüsusatlara oxşar ifadə verərək, iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş edir. 19 may 2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, O, fərdi qaydada ustalıq edir. İddiaçı tanıyır, iddiaçı onun qonşusu olmuşdur. O, Sahilin Gəncə şəhəri Kəpəz rayonu, Sevinc qəsəbəsi, Şıxəli Qurbanov adına bağçılıq-yoldaşlıq birliyi sahə 46 ünvanında yerləşən bağ evində bir çox təmir işləri görmüşdür. Həmin evdə Sahilin özü, yoldaşı və uşaqları yaşamışdır. Həmin evdə alçipan, kafel, metlak, kombi sistemini və.s digər işləri görmüşdür. Ümumilikdə evin təmirinə 20000 manatdan çox xərc çəkilmişdir. Gəncə şəhəri, Kəpəz rayonu, Sevinc qəsəbəsi, Şıxəli Qurbanov adına bağçılıq-yoldaşlıq birliyi sahə 46 ünvanında yerləşən bağ evinin təmiri təxminən 2022-ci ilin mart-aprel ayında yekunlaşmışdır. Həmin evin təmiri ilə bağlı İddiaçı tərəfindən ona artıqlaması ilə zəhmət haqqı ödənilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(043)-3176/2021 nömrəli qətnaməsindən görünür ki, Gəncə şəhəri 3 saylı notariat ofisi tərəfindən xx.xx.2013-cü il tarixdə 4Ə-510 reyestr nömrə ilə təsdiq edilmiş alğı-satqı ipoteka müqaviləsi üzrə tərəflərin birgə nikah dövründə əldə etdikləri Gəncə şəhəri, Şıxəli Qurbanov adına bağçılıq yoldaşlıq birliyi sahə 46 ünvanında yerləşən bağ evindən ½ hissədə Cavabdeh2 və ½ hissədə Cavabdeh1 payları müəyyən edilməsi, Cavabdeh1 ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2013-cü il tarixli, K/M 412 saylı kredit müqaviləsi üzrə Cavabdeh2 ilə Cavabdeh1 arasında olan nikahlarının pozulduğu xx.xx.2019-cu il tarixdən kredit müqaviləsinin bitdiyi dövrədək ödəniş qrafikinə əsasən hər ay ödənilməli olan borc məbləğinin ½ hissəsi Cavabdeh2 aid edilməsi və onun tərəfindən hər ay Cavabdeh1 ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(104)-1092/2022 nömrəli qətnaməsindən görünür ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(043)-3176/2021 saylı qətnaməsi «Cavabdeh1 ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2013-cü il tarixli K/M 412 saylı kredit müqaviləsi üzrə Cavabdeh2 ilə Cavabdeh1 arasında olan nikahlarının pozulduğu xx.xx.2019-cu il tarixdən kredit müqaviləsinin bitdiyi dövrədək ödəniş qrafikinə əsasən hər ay ödənilməli olan borc məbləğinin ½ hissəsinin Cavabdeh2 aid edilməsi və onun tərəfindən hər ay Cavabdeh1 ödənilməsi» hissəsində ləğv olunması, həmin hissə üzrə yeni qətnamə çıxarılmaqla xx.xx.2013-cü il tarixli kredit müqaviləsi əsasında yaranmış öhdəlik iddiaçı Cavabdeh2 və Cavabdeh1 ümumi borcu hesab edilməklə onların hər birinin payına uyğun olaraq müəyyən edilməsi, qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarına əlavə edilmiş 50 (əlli) ədəd kassa-məxaric orderindən görünür ki, ipoteka yüklü olan Gəncə şəhəri, ünvan 2 ünvanda yerləşən bağ evi üçün İddiaçı 7210,37 (yeddi min iki yüz on manat otuz yeddi qəpik) manat "xxxx" ASC-yə ödəmişdir. İş materiallarına əlavə edilmiş Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2021ci il tarixli, **********17 nömrəli məktubun surətindən görünür ki, Şıxəli Qurbanov adına bağçılıq yoldaşlığı birliyinin xx.xx.1988-ci il tarixli 11 nömrəli protokolu və xx.xx.1999-cu il tarixli arayışı, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Gəncə şəhər şöbəsinin xx.xx.2013-cü il tarixli, TŞ-13-82A saylı rəyi və xx.xx.2013-cü il tarixli A № 445181 saylı torpaq sahəsinin planı və ölçüsünə əsasən X8 bağ evinin tikintisi üçün Gəncə şəhəri, Gəc zavodu, 1A adlanan ərazidən 0.04 ha torpaq sahəsi ayrılmışdır, torpaq sahəsinin nömrəsi 46-dır. Gəncə şəhər Baş memarının 2013-cü il tarixli razılaşdırılmış eskiz-layihəsi, Gəncə Şəhər Kəpəz Rayon İcra Hakimiyyəti başçısının təsdiq etdiyi xx.xx.2013-cü il tarixli bağ evinin qəbulu aktı və xx.xx.2013-cü il tarixli 834 saylı sərəncamına əsasən bu torpaq sahəsində inşa edilmiş bağ evi X5 adına qeydiyyata alınmışdır və ona Gəncə şəhəri, Kəpəz rayonu, Sevinc qəsəbəsi, Şıxəli Qurbanov adına bağçılıq yoldaşlığı birliyi, sahə 46-da 0.039 ha torpaq sahəsində yerləşən bağ evinə (tikili “A”-da 49.7 kvm üç yaşayış otaqları, 64.0 kvm yardımçı sahə, 16.9 kvm açıq eyvan, 41.0 kvm talvar) xx.xx.2013-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. 3 saylı notariat kontorunun xx.xx.2013-cü il tarixli 4Ə-1-434 saylı alğı-satqı müqaviləsinə əsasən bu əmlak X1 və ona xx.xx.2013-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. 3 saylı notariat kontorunun xx.xx.2013-cü il tarixli 4Ə-02-510 saylı alğı-satqı Və ipoteka müqaviləsinə əsasən bu mülk Cavabdeh1 satılmışdır və ona xx.xx.2013-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. "xxxx" ASC-nin xx.xx.2013-cü il tarixli 1166 saylı məktubunda Sevinc qəsəbəsi, Şıxəli Qurbanov adına bağçılıq yoldaşlığı birliyi, sahə 46-da yerləşən bağ evinin xx.xx.2043-cü il tarixədək yüklü edildiyi göstərilmişdir. Cavabdeh1 xx.xx.2013-cü il tarixli ********** qeydiyyat nömrəli yüklülük çıxarışı verilmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 xx.xx.2008-ci il tarixdə nikahlarını rəsmi qeyd etdirməklə ailə qurmuşlar. xx.xx.2013-cü il tarixdə X12 mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Sevinc qəsəbəsi, Ş.Qurbanov adına BYB sahə 46 ünvanında yerləşən əmlakı Cavabdeh1 43000 (qırx üç min) manata satmış, mənzilin dəyərinin 6500 manatı ipoteka qoyanın özü tərəfindən, 36500 manatı isə kreditor ipotekasaxlayan tərəfindən 13 avqust 2013-cü il tarixli kredit müqaviləsinə əsasən ipotekaqoyana verilmiş kredit vəsaiti hesabına ödənilməsi, kreditin illik faiz dərəcəsi 4 faiz olmaqla son ödəmə tarixi 13 avqust 2043-cü il tarixədək müəyyənləşdirilmişdir. Gəncə şəhəri, Sevinc qəsəbəsi Şıxəli Qurbanov adına BYB sahə 46 ünvanında yerləşən bağ evi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 adına rəsmi reyestrdə qeydə alınmış və həmin bağ evini xx.xx.2013-cü ildən 13 avqust 2043-cü il tarixədək xx.xx.2013-cü il tarixli, K/M 412 saylı kredit müqaviləsi üzrə "xxxx" ASC-yə ipoteka qoymuşdur. Daha sonra isə Cavabdeh1 ipoteka ilə yüklü olan Gəncə şəhəri, ünvan 2 ünvanda yerləşən bağ evini İddiaçı ipoteka kreditinin qalan hissəsinin onun tərəfindən ödənilməsi şərti ilə 17000 manat məbləğində razılaşaraq satmış, pulu nəğd şəkilində Cavabdeh1 tam alımış və bağ evini təhvil vermişdir. Həmçinin, bu barədə Cavabdeh2 əri Cavabdeh1 məxsus Gəncə şəhəri, ünvan 2 ünvanda yerləşən bağ evinin və torpaq sahəsinin satılmasına razılıq vermişdir. Lakin, sonra Cavabdeh2 notariat kontorunda razılıq ərizəsini xx.xx.2018-ci il tarixdə ləğv etdirmişdir. Cavabdehlər arasında mübahisə yaranmış və Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 27 may 2019-cu il tarixli, 2(043)-390/2019 nömrəli qətnaməsi ilə, cavabdehlərin arasında olan nikah pozulmuşdur. Cavabdeh2 keçmiş əri Cavabdeh1 qarşı “birgə nikah dövründə əldə olunmuş əmlakdan ½ hissədə payının müəyyən edilməsi və 1/2 hissədə ipoteka öhdəliyinin onun üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi məhkəməyə müraciət etmişdir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 27 may 2019-cu il tarixli, 2(043)- 390/2019 nömrəli qətnaməsinə əsasən Gəncə şəhəri 3 saylı notariat ofisi tərəfindən xx.xx.2013-cü il tarixdə 4Ə-510 reyestr nömrə ilə təsdiq edilmiş alqı-satqı ipoteka müqaviləsi üzrə tərəflərin birgə nikah dövründə əldə etdikləri Gəncə şəhəri, Şıxəli Qurbanov adına bağçılıq yoldaşlıq birliyi sahə 46 ünvanında yerləşən bağ evindən ½ hissədə Cavabdeh2 və ½ hissədə Cavabdeh1 payları müəyyən edilməsi, Cavabdeh1 ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2013-cü il tarixli K/M 412 saylı kredit müqaviləsi üzrə Cavabdeh2 ilə Cavabdeh1 arasında olan nikahlarının pozulduğu xx.xx.2019-cu il tarixdən kredit müqaviləsinin bitdiyi dövrədək ödəniş qrafikinə əsasən hər ay ödənilməli olan borc məbləğinin ½ hissəsi Cavabdeh2 aid edilməsi və onun tərəfindən hər ay Cavabdeh1 ödənilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh1 apellyasiya şikayəti vermiş və Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(104)-1092/2022 nömrəli qətnaməsinə əsasən, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(043)-3176/2021 saylı qətnaməsi «Cavabdeh1 ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2013-cü il tarixli K/M 412 saylı kredit müqaviləsi üzrə Cavabdeh2 ilə Cavabdeh1 arasında olan nikahlarının pozulduğu xx.xx.2019-cu il tarixdən kredit müqaviləsinin bitdiyi dövrədək ödəniş qrafikinə əsasən hər ay ödənilməli olan borc məbləğinin ½ hissəsinin Cavabdeh2 aid edilməsi və onun tərəfindən hər ay Cavabdeh1 ödənilməsi» hissəsində ləğv olunması, həmin hissə üzrə yeni qətnamə çıxarılmaqla xx.xx.2013-cü il tarixli kredit müqaviləsi əsasında yaranmış öhdəlik iddiaçı Cavabdeh2 və Cavabdeh1 ümumi borcu hesab edilməklə onların hər birinin payına uyğun olaraq müəyyən edilməsi, qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanması qət edilmişdir. İddiaçı bağ evini aldıqdan sonra təmir xərcləri üçün 14.400 manat məbləğində pul xərcləmiş və həmin bağ evi ipoteka predmeti olduğundan əlavə olaraq 7.210,37 manat məbləğində pulu "xxxx" ASC-yə ödəmişdir. Cavabdeh2 Gəncə şəhəri, Kəpəz rayonu, Sevinc qəsəbəsi, Ş.Qurbanov adına BYB sahə 46 ünvanında yerləşən bağ evindən pay əldə etdiyi üçün iddiaçı cavabdehlərə verdiyi, ümumilikdə 38.400 manat tələb etsə də cavabdehlər ödəniş etməmişdir. Buna görə də İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 onun xeyrinə borclu 38,400 (otuz səkkiz min dörd yüz) manat və ödənilmiş dövlət rüsumu əvəzinə 205 manat məbləğində pul vəsaitinin alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 nümayəndələri iddia tələbinin E.Musazadyə aid hissəsində əsassız olduğunu bildirərək, iddia tələbinin həmin hissədə təmin edilməməsini xahiş etmişlər. Cavabdeh1 iddianı tamamilə etiraf etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İnsan Hüquqlarının və X9 Haqqında Konvensiyanın 6-cı maddəsinin («Ədalətli məhkəmə araşdırması hüququ») 1-ci hissəsində qeyd olunur ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə, işin müəyyən edilmiş hallarına qiymət verərək, belə qənaətə gəlir ki, mübahisə predmeti olan Gəncə şəhəri, Kəpəz rayonu, Sevinc qəsəbəsi, Ş.Qurbanov adına BYB sahə 46 ünvanında yerləşən bağ evinin cavabdehlərin birgə nikah dövründə əldə olunmuş əmlakı olması və Cavabdeh2 iddia tələbinin ona qarşı olan hissəsini əsassız hesab etməsi nəzərə alınmalıdır. Bu səbəbdən də mübahisəyə ər-arvadın birgə mülkiyyəti ilə bağlı ailə və mülki qanunvericiliyə əsasən hüquqi qiymət verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Həmin Məcəllənin 225.2-ci maddəsinə əsasən, nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Həmin Məcəllənin 225.3-cü maddəsinə əsasən, daş-qaş və digər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və i.a.) nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır. Həmin Məcəllənin 225.4-cü maddəsinə əsasən ər-arvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin. Əgər nikah kontraktında və ya ərlə arvadın razılaşmasında ayrı qayda nəzərdə tutulubsa, bu qayda tətbiq edilmir. Həmin Məcəllənin 225.5-ci maddəsinə əsasən ərin (arvadın) öhdəlikləri üzrə tutma onun mülkiyyətində olan əmlaka, habelə onun ərlə arvadın ümumi əmlakındakı payına bu şərtlə yönəldilə bilər ki, nikah kontraktında ayrı qayda nəzərdə tutulmuş olmasın. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsində nikah müddətində ər-arvadın əldə etdikləri əmlakın onların ümumi birgə mülkiyyəti olduğu təsbit edilmişdir. Ər-arvadın birgə mülkiyyəti-payı məlum olmayan mülkiyyət olduğundan ər-arvadın birgə mülkiyyətdəki payı həmin əmlakın bölünməsi yolu ilə müəyyən olunur və nəticədə ümumi birgə mülkiyyət münasibətlərinə xitam verilir. Həmin Məcəllənin 32.2-ci maddəsinə görə, ər-arvadın ümumi birgə mülkiyyətinə, onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.), ər–arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər–arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər–arvadın qazandığı hər hansı sair əmlak daxildir. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ərarvadın hər birinin əmlakıdır). Həmin Məcəllənin 35-ci maddəsinə əsasən nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər. Həmin Məcəllənin 36.1-ci maddəsinə əsasən, ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Həmin Məcəllənin 36.3-cü maddəsinə əsasən, mübahisə olduqda, ər–arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər–arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 37.1-ci maddə sində deyilir ki, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı əmlakdakı payları bərabər hesab edilir. Göründüyü kimi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 xx.xx.2008-ci il tarixdə nikahlarını rəsmi qeyd etdirməklə ailə qurmuşlar və xx.xx.2013-cü il tarixdə X12 mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Sevinc qəsəbəsi, Ş.Qurbanov adına BYB sahə 46 ünvanında yerləşən əmlakı Cavabdeh1 satmış, həmin ünvanda yerləşən bağ evi Cavabdeh1 adına rəsmi reystrdə qeydə alınmışdır. Lakin, sonra cavabdehlərin aralarında yaranan mübahisəyə görə tərəflərin nikahı məhkəmə qətnaməsi ilə pozulmuşdur. Həmçinin, daha sonra Gəncə şəhəri, Şıxəli Qurbanov adına bağçılıq yoldaşlıq birliyi sahə 46 ünvanında yerləşən bağ evindən ½ hissədə Cavabdeh2 və ½ hissədə Cavabdeh1 payları müəyyən edilmişdir. Göstərilən xüsusatlar Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(043)-3176/2021 nömrəli qətnaməsi ilə də öz təsdiqini tapmışdır. Qeyd olunan xüsusatlar həm də işin mübahisəsiz halıdır. Eyni zamanda iddiaçının cavabdehlərin mülkiyyətində olan Gəncə şəhəri, Şıxəli Qurbanov adına bağçılıq yoldaşlıq birliyi sahə 46 ünvanında yerləşən bağ evin almaq barədə Cavabdeh1 ilə razılığa gəlməsi, sonuncuya bu məqsədlə avans olaraq 17000 manat pul verməsi, həmin evin girovdan (ipotekadan) azad olunması üçün iddiaçı tərəfindən 7210,37 manat pulun "xxxx" ASC-yə ödənilməsi, eyni zamanda evin təmirinə 14400 manat pulun xərclənməsi məhkəmə iclasında müəyyən olunmaqla yanaşı həm də işin mübahisəsiz halıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.6-ci maddəsinə əsasən istər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. Həmin Məcəllənin 157.7-ci maddəsinə əsasən, vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Məhkəmə hesab edir ki, İddiaçı Gəncə şəhəri, Kəpəz rayonu, Sevinc qəsəbəsi, Ş.Qurbanov adına BYB sahə 46 ünvanında yerləşən bağ evinin alınması üçün ilkin ödəniş olaraq 17.000 (on yeddi min) manat məbləğində pulu Cavabdeh1 verməsi tərəflərin ifadəsi və Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(043)-3176/2021 nömrəli qətnaməsi ilə də öz təsdiqini tapmışdır. Bundan başqa həmin bağ evinin təmiri üçün çəkilmiş 14400 (on dörd min) manat məbləğində xərc cavabdehin və şahidin ifadəsi ilə sübuta yetirilmişdir. Həmçinin, həmin bağ evi ipoteka predmeti olduğundan iddiaçı tərəfindən 7.218,37 (yeddi min iki yüz on səkkiz manat otuz yeddi qəpik) manat məbləğində pulun "xxxx" ASC-nin hesabına ödənilməsi faktı məhkəməyə təqdim olunmuş 50 ədəd kassa-məxaric orderləri ilə təsdiqini olunmuşdur. Məhkəmə qeyd edir ki, məhkəmə iclasında müəyyən olunan məbləğ, yəni 38.618,37 (otuz səkkiz min altı yüz on səkkiz manat otuz yeddi qəpik) manat pul iddiaçının tələb etdiyi məbləğdən çox olduğundan, iddiaçının tələb etdiyi məbləğdə iddianın təmin edilməsi tərəflərin mənafeyinə uyğundur. Məhkəmə, məhkəmə iclasında müəyyən olunanlara bir-biri ilə əlaqəli və sistemli yanaşaraq hesab edir ki, iddiaçının hazırki iddianı qaldırmaqda sübyektiv hüququ olmaqla bərabər Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157-ci maddəsinin tələbinə əsasən cavabdehlərdən (əmlakın bərbabər paylı mülkiyyətçilərindən) 38400 manat pulun müştərək qaydada alınıb ona ödənilməsini tələb etməkdə haqlı olmuşdur. Məhkəmə həmçinin Cavabdeh1 məhkəmə iclasında hazırki iddia tələbini etiraf etməsini də nəzərə alır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.2-ci maddəsinə əsasən, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir; 52.5-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır; 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə qeyd edir ki, İddiaçı Cavabdeh1 38.400 manat məbləğində pulun alınaraq ona verilməsini xahiş etmiş, Cavabdeh1 isə iddia tələbini qəbul edərək həmin məbləğdə İddiaçı borcunun olmasını etiraf edərək iddianın təmin edilməsi ilə razılaşmışdır. Məhkəmə qeyd edir ki, Cavabdeh1 hazırkı iddianı etiraf etmə qanuna zidd olmadığı və ya hər hansı başqa şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün məhkəmə tərəfindən qəbul edilməli və iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: (MM 1092.1.1.) bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; (MM 1092.1.2.) əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehlərdən Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 38.400 (otuz səkkiz min dörd yüz) manat məbləğində pul alınaraq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi həcmində dövlət rüsumu ödənilir. İş materiallarından görünür ki, iddiaçı tərəfində iddia ərizəsinin məhkəməyə verilməsi üçün 205 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İddianın təmin edilməsi hissəsinə münasibətdə hesab edir ki, məhkəmə xərci qismində dövlət rüsumu olaraq ödənilmiş 205 manat cavabdeh alınıb iddiaçıya verilməsi əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233, 300 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 38400 (otuz səkkiz min dörd yüz) manat və məhkəmədə iddia qaldırılması məqsədilə dövlət rüsumu olaraq ödənilmiş 205 (iki yüz beş) manat pul müştərək qaydada alınaraq, İddiaçı verilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(043)-1101/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1101/2022
16.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver