Məhkəmə qərarları › İş №2(043)-1109/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1109/2021

04.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1109/2021 04.05.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, iddiaçı «xxxx» ASC-nin nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə, İddiaçı «xxxx» ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması və borcun girov predmetinə yönəldilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı «xxxx» ASC Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması və borcun girov predmetinə yönəldilməsi” tələbinə dair iddia qaldıraraq, Cavabdeh 800805-367900/2 saylı kredit müqaviləsi üzrə 780.52 manat əsas borc və 142.44 manat faiz borcu olmaqla, cəmi 922.96 (Doqquz yüz iyirmi iki (.96)) manat və 800895-367900/2 nömrəli kredit xətti müqaviləsi üzrə 125.95 manat əsas borc, 2.84 manat faiz borcu olmaqla, cəmi 128.79 (Bir yüz iyirmi səkkiz (.79)) manat məbləğində kredit borcu yaranmışdır. Cəmi hər iki kredit borc üzrə 906.47 manat məbləğində əsas borcu, 145.28 manat faiz borcu olmaqla ümumilikdə 1,051.75 (bir min əlli bir (.75)) manat və 30.40 (otuz (.40)) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi, tutmanın bank qarşısında tutulmuş öhdəliklərin icrasının təminatı kimi girov qoyulmuş və Cavabdeh məxsus 583 əyarlı, 24.8 qram çəkidə 2 ədəd qızıl-zinət əşyaları (boyunbağı 1 ədəd, dəst 1 ədəd) yönəldilməsi, qızıl-zinət əşyasının hərracda satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, «xxxx» ASC ilə cavabdeh arasında bağlanmış 27 sentyabr 2019-cu il tarixli 800805-367900/2 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 18 ay müddətinə, illik 30% ödəmək şərtilə 1020 manat məbləğində kredit verilmişdir. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təstiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, o banka olan borcunu ödəməmişdir. Eyni zamanda bank ilə cavabdeh arasından 27 sentyabr 2019-cu il tarixli 800805-367900/2 nömrəli kredit müqaviləsi üzrə nəzərdə tutulmuş öhdəliklərin icrasının təminatı kimi 27 sentyabr 2019-cu il tarixli 800805-367900/2 nömrəli girov müqaviləsi bağlanmışdır. 27 sentyabr 2019-cu il tarixli 800805-367900/2 nömrəli girov müqaviləsinə borc öhdəliyinin təminatı qismində cavabdehə məxsus 583 əyarlı, 24.8 qram çəkidə 2 ədəd qızıl-zinət əşyaları (boyunbağı 1 ədəd, dəst 1 ədəd) bankın pul anbarına saxlanca verilmişdir. 10 fevral 2021-ci il tarixinə borclunun kredit müqaviləsi üzrə 780,52 manat əsas borc və 142,44 manat faiz borcu olmaqla, cəmi 922,96 manat məbləğində kredit borcu yaranmışdır. Kredit müqaviləsinin şərtlərinə əsasən borcalan müəyyən olunmuş şərtlərə və qaydaya kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə bank xidməti tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətlərində öhdəliklər vaxtında tam icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verib iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında göstərdi ki, o, işsiz olduğuna görə banka olan borcunu ödəyə bilməmişdir. Hal-hazırda da yeni işə düzəlmişdir və banka olan borcunu ödəmək niyyətindədir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə edilmiş 27 sentyabr 2019-cu il tarixli 800805-367900/2 saylı kredit müqaviləsindən görünür ki, «xxxx» ASC tərəfindən Cavabdeh 18 ay müddətinə, illik 30 faiz ödəmək şərti ilə 1020 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş 27 sentyabr 2019-cu il tarixli 800895-367900/2 saylı kredit xətti müqaviləsindən görünür ki, «xxxx» ASC tərəfindən Cavabdeh 18 ay müddətinə, illik 30 faiz ödəmək şərti ilə ilkin limit 10 manat, maksimal limit 2000 manat olmaqla kredit xətti açılmışdır. İş materiallarında olan 27 sentyabr 2019-cu il tarixli 800805-367900/2 saylı girov müqaviləsindən və girovun qiymətləndirilməsi və saxlanca qəbul edilməsi aktından görünür ki, Cavabdeh «xxxx» ASC ilə bağladığı 27 sentyabr 2019-cu il tarixli 800805- 367900/2 saylı kredit müqaviləsindən və 800895-367900/2 saylı kredit xətti müqaviləsindən irəli gələn öhdəliyin təminatı üsulu kimi özünə məxsus olan 583 əyarlı, 24.8 qram çəkidə 2 ədəd qızıl-zinət əşyalarını (boyunbağı 1 ədəd, dəst 1 ədəd) girov qoymuşdur. İş materiallarına əlavə edilmiş 11.02.2021-ci il tarixli maliyyə arayışlarından görünür ki, Cavabdeh 27 sentyabr 2019-cu il tarixli 800805-367900/2 nömrəli kredit müqaviləsi üzrə 780,52 manat əsas borc və 142,44 manat faiz borcu olmaqla, cəmi 922,96 manat məbləğində kredit borcu təşkil edir. Cavabdeh 27 sentyabr 2019-cu il tarixli 800895- 367900/2 nömrəli kredit xətti müqaviləsinə əsasən 125,95 manat əsas borc və 2,84 manat faiz borcu olmaqla, cəmi 128,79 manat məbləğində kredit borcu təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.7-ci maddəsinə görə, girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın; 279-cu maddəsinə görə, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanılması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir; 295-ci maddəsinə əsasən, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından bəlli olur ki, tərəflər arasında kredit müqaviləsi, həmçinin kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini kimi girov müqaviləsi bağlanmışdır. İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdeh isə həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetiməmişdir. Buna görə də, məhkəmə əsas və faiz borcunun cavabdehdən tutulmasını və tutmanın girov predmeti olan əşyalara yönəldilməsini əsaslı hesab edir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehdən hər iki kredit borc üzrə 906,47 manat məbləğində əsas borcu, 145,28 manat faiz borcu olmaqla cəmi 1,051.75 (bir min əlli bir manat 75 qəpik) manat kredit borcu iddiaçının xeyrinə tutulmalı, tutma cavabdehə məxsus çəkisi 583 əyarlı, 24.8 qram çəkidə 2 ədəd (boyunbağı 1 ədəd, dəst 1 ədəd) qızıl-zinət əşyalarına yönəldilməli, həmin əşyalar açıq hərracda satılaraq, tələb təmin edilməlidir. Məhkəmə, eyni zamanda qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İş materiallarından görünür ki, məhkəmə xərcləri iddiaçının iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödəmiş olduğu 30.40 manat dövlət rüsumundan ibarətdir. Məhkəmə hesab edir ki, iddia tələbi tam təmin olunduğundan 30.40 manat dövlət rüsumu da cavabdehdən tutulub iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidi. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357-360-cı maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı «xxxx» ASC ilə Cavabdeh arasında bağalanmış 27 sentyabr 2019-cu il tarixli 800805-367900/2 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh 780,52 (yeddi yüz səksən manat 52 qəpik) manat əsas borc, 142,44 (bir yüz qırx iki manat 44 qəpik) manat faiz borcu olmaqla, cəmi 922,96 (doqquz yüz iyirmi iki manat 96 qəpik) və 800895- 367900/2 nömrəli kredit xətti müqaviləsi üzrə 125,95 (bir yüz iyirmi beş manat 95 qəpik) əsas borc, 2,84 (iki manat 84 qəpik) manat faiz borcu olmaqla, cəmi 128,79 (bir yüz iyirmi səkkiz manat 79 qəpik) manat pul, ümumilikdə hər iki kredit borc üzrə 906,47 manat məbləğində əsas borcu, 145,28 manat faiz borcu olmaqla cəmi 1,051.75 (bir min əlli bir manat 75 qəpik) manat və 30.40 (otuz manat 40 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Tutma girov predmeti olan Cavabdeh məxsus 583 əyarlı, 24.8 qram çəkidə 2 ədəd qızıl-zinət əşyalarından (boyunbağı 1 ədəd, dəst 1 ədəd) ibarət əşyalara yönəldilsin. Həmin qızıl-zinət əşyaları açıq hərracdan satılaraq satışdan əldə edilən vəsait hesabına borc ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar