Məhkəmə qərarları › İş №2(043)-113/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-113/2022

11.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-113/2022 11.01.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Aslanov Eltun Elman oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh1 qarşı “pul tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Hyundai Avante” markalı **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə cavabdehlər arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Hyundai Avante” markalı **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobilin 2/3 hissəsinə onun mülkiyyət hüququnun tanınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh1 ilə 05.07.2016-cı il tarixdə rəsmi nikah qeyd etdirməklə evlənmiş, 24.09.2020-ci il tarixdə bir uşaqları anadan olmuşdur. Birgə nikah dövründə 21.07.2020-ci il tarixdə “Hyundai Avante” markalı, **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobil əldə etmişlər. Cavabdeh1la münasibətlərinin pozulması səbəbi ilə ona qarşı 04.09.2020-ci il tarixdə nikahın pozulmasına dair iddia ilə Nizami Rayon məhkəməsinə müraciət etmişdir. Onun həmin vaxt 9 aylıq hamilə vəziyyətində olmağı və boşanmağa razı olmamağı əsası ilə Nizami Rayon Məhkəməsinin 21.09.2020-ci il tarixli qərardadı ilə iş üzrə icraata xitam verilmişdir. Həmin vaxtdan onlar faktiki ayrı yaşayırlar. Hazırda o, sənədlər toplayıb birgə nikah dövründə əldə etdikləri avtomobil bölgüsünə dair iddia qaldırmaq istəyərkən məlum olmuşdur ki, Cavabdeh1 onun razılığı və xəbəri olmadan birgə nikah dövründə əldə etdikləri avtomaşını yaxın dostu olan Cavabdeh2 adına özgəninkiləşdirmişdir. Zaurun onun dostu olmasının sübutu həm Fizuli ilə onun arasındakı mesaj yazışmalardan və həm də onların birgə çəkdirdiyi foto-şəkildən bəlli olur. Hesab edir ki, həmin alqı-satqı müqaviləsi görünüş üçün, hüquqi nəticələr yaratmaq niyyəti olmadan bağlanmışdır və avtomobil Cavabdeh2 adına formal olaraq keçmişdir. Belə ki, həmin alqısatqı müqaviləsini bağlanarkən Cavabdeh1 ilə onlar arasında münasibətlər artıq gərgin olmuş, məhkəmədə o, iddiaçıya qarşı nikahın pozulması tələbinə dair iddia qaldırmış, lakin onun hamilə vəziyyətdə olmağı ilə əlaqədar məhkəmə işə xitam vermiş və qərardadda uşağın doğulmasından 1 il müddətində arvadın razılığı olmadan ər nikaha xitam verilməsi barədə iddia qaldıra bilməməsi izah olunmuşdur. Cavabdeh uşağın doğulmasından 1 il müddət keçənə qədər, yəni, 30.08.2021-ci il tarixdə, avtomobilin ər-arvad arasında əmlak bölgüsünün predmeti olmaması üçün formal olaraq dostu Zaurun adına keçirmişdir. Avtomobil rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşya olduğundan onun alqı-satqısına daşınmaz əmlakın alqı-satqısına dair qaydalar tətbiq edilir. Həmin qaydalara görə isə ərarvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlanması birinin digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Hazırkı alqı-satqı müqaviləsində isə onun yazılı razılığı olmamışdır. Eyni zamanda işin hallarından da görünür ki, əqd bağlandığı tarixdə cavabdeh ilə onun arasında ailə münasibətləri artıq mübahisəli vəziyyətdə olmuşdur. O uşağı ilə birlikdə yaşayır və avtomobil bölünərkən uşağın mənafeyinin də nəzərə alınmasını istəyir və avtomobilin 2/3 hissəsinə onun mülkiyyət hüququnun tanınmasına ehtiyacı vardır. İddiaçı daha sonra iddia predmetinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, birgə nikah dövründə əldə edilmiş “Hyundai Avante” markalı **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyərinin, yəni 22000 manat pulun 2/3 hissəsinin, yəni 14660 manat pulun Cavabdeh1 alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək, tərəflərin birgə nikah dövründə əldə etdikləri “Hyundai Avante” markalı **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyərinin, yəni 22000 manat pulun 2/3 hissəsinin Cavabdeh1 alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 izahatında bildirdi ki, mübahisə predmeti olan avtomobil tərəflərin faktiki ayrı olduqları dövrdə alındığından, həmin əmlak birgə nikah dövründə əldə edilmiş hesab edilə bilməz. Belə ki, avtomobil alınarkən onların ailə münasibətləri pozulmuş, həmin vaxt onlar birgə təsərrüfat aparmamış, ayrı-ayrılıqda yaşamışlar. Ona görə iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh2 məhkəmə iclasında iştirak etmədiyindən, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 ilə X2 nikahı 05.07.2016-cı il tarixdə Gəncə “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1435 nömrə ilə qeydiyyat aparılmışdır. Nikah bağlandıqdan sonra ərə “Cəfərov”, arvada “Cəfərova” soyadı verilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahlarından 24.09.2020-ci il tarixdə X5 anadan olmuşdur. İş materiallarından görünür ki, Cavabdeh1 04.09.2020-ci il tarixdə İddiaçı qarşı “nikahın pozulması” tələbinə dair iddia ərizəsi ilə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin 2(044)-2663/2020 saylı 21.09.2020-ci il tarixli qərardadı ilə mülki iş üzrə icraata xitam verilmişdir. İş materiallarında olan 30.07.2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı Cəfərov X6 Avante minik markalı **-EG-*** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsini Cavabdeh2 16000 (on altı min) manata satmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən verilmiş məktubdan görünür ki, Hyundai Avante minik markalı **-EG-*** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsi 21.07.2020-ci il tarixdən 30.08.2021-ci il tarixədək Cavabdeh1 adına qeydiyyatda olmuş, 30.08.2021-ci il tarixdə alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 adına rəsmiləşdirilmişdir. İddia ərizəsinin məzmunundan və iş materiallarında olan sənədlərdən aydın olur ki, tərəflər 05.07.2016-cı il tarixdə rəsmi nikaha daxil olmuşlar. Onların birgə nikahından 24.09.2020-ci il təvəllüdlü bir uşaqları doğulmuşdur. Tərəflər birgə nikahda olduqları müddətdə, yəni 21.07.2020-ci il tarixdə Hyundai Avante minik markalı **-EG-*** dövlət qeydiyyat nömrəli avtomobil alınmış və avtomobil cavabdehin adına qeydə alınmışdır. Hazırda iddiaçı həmin avtomobilin birgə nikah dövründə alındığını və uşağı ilə birlikdə yaşadığını qeyd edərək, uşağının mənafeyi nəzərə alınaraq avtomobilin dəyəri olan 22000 manat pul vəsaitinin 2/3 hissəsi məbləğində pulun cavabdehdən alınaraq ona verilməsini tələb edir. Cavabdeh isə avtomobil alınarkən iddiaçı ilə ailə münasibətlərinə artıq son qoyulduğunu, 2019-cu ilin dekabr ayından etibarən iddiaçı ilə faktiki ayrı yaşadıqlarını, bu səbəbdən də avtomobilin birgə nikah dövründə əldə edilmiş əmlak hesab edilmədiyini bildirmiş və məhkəməyə bununla bağlı akt təqdim etmişdir. 6 Nömrəli Xidmət Sahəsi tərəfindən tərtib edilmiş 21.12.2021-ci il tarixli aktdan görünür ki, Cavabdeh1 yaşadığı Gəncə şəhəri 4-cü mikrorayon, 5 saylı binanın sakinləri, yəni onun qonşuları X4 2019-cu ilin dekabr ayından çıxıb getdiyini və cavabdehlə birlikdə yaşamadığını qeyd etmişlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.5-ci maddəsinə əsasən məhkəmə, ərarvadın ailə münasibətlərinə xitam verdiyi və ayrı yaşadığı dövrdə hər birinin qazandığı əmlakı onların hər birinin mülkiyyəti hesab edə bilər. Cavabdehin etirazının dəlilləri ilə bağlı iddiaçı tərəf məhkəməyə tərəflərin “Whatsapp” adlı proqram tətbiqində müxtəlif vaxtlarda aparılmış yazışmalarını əks etdirən foto şəkillər təqdim etmişdir. Həmin foto şəkillərdən görünür ki, İddiaçı səhhəti ilə əlaqədar (hamilə olduğu üçün), Cavabdeh1 da xəbəri və razılığı ilə anası evində qalmış, həmin müddət ərzində İddiaçı və Cavabdeh1 arasında özləri və dünyaya gələcək olan övladları və s. digər ailəməişət məsələləri ilə bağlı mütamadi danışıqlar aparılmışdır. Bununla da görünür ki, İddiaçı 2019-cu ilin dekabr ayından cavabdeh ilə eyni evdə yaşamasa da, bunun səbəbi öz şəxsi istəyi və ya aralarında olan münasibətlərin pisləşməsi ilə bağlı olmamış, sadəcə səhhəti ilə əlaqədar olmuşdur. Həmçinin tərəflər arasında 23.08.2020-ci il tarixdə aparılmış yazışmalardan görünür ki, sözügedən avtomobil alındıqdan sonra Cavabdeh1 uşaq anadan olduqdan sonra İddiaçı öz qaldıqları evə gəlməsini istədiyini bildirmişdir. Bundan başqa 29.08.2020-ci il tarixdə aparılmış yazışmalardan görünür ki, cavabdeh mübahisə predmeti olan maşının şəkillərini iddiaçıya göndərmiş və onlar arasında avtomobillə bağlı söhbətlər aparılmışdır. Bütün bunlardan belə məlum olur ki, qeyd edilən avtomobil alındığı vaxt və ondan sonrakı qısa vaxt ərzində tərəflər arasında ailə münasibətləri mövcud olmuşdur. Avtomobil alındıqdan bir müddət sonra tərəflər arasında münasibətlər pozulmuş və Cavabdeh1 nikahın pozulması ilə bağlı məhkəməyə müraciət etmişdir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, Hyundai Avante minik markalı **-EG-*** dövlət qeydiyyat nömrəli avtomobil tərəflərin birgə nikahda olduqları müddətdə əldə edildiyindən, həm də bu əmlak ailə büdcəsindən maliyyələşdirilməklə, dəyəri ödənilərək əvəzli surətdə əldə edildiyindən, göstərilən əmlak satılmamışdan əvvəl tərəflərin birgə ümumi mülkiyyətində olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. İddiaçı, Ailə Məcəlləsinin 37.2-ci maddəsinə isnad edərək, birgə nikah dövründə əldə edilmiş qeyd edilən əmlakın dəyərinin 2/3 hissəsinin cavabdehdən alınıb ona verilməsini xahiş etsə də, məhkəmə həmin əmlakın dəyərinin 2/3 hissəsinin cavabdehdən alınıb iddiaçıya verilməsi üçün heç bir əsas müəyyən etməmişdir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37.2-ci maddəsinə əsasən, ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzrsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Sadalanan qanunvericilik normasına əsasən məhkəmə hesab edir ki, tərəflərin yetkinlik yaşına çatmayan ümumi uşaqlarının olması onların əmlakının bölünməsi zamanı payların bərabərliyinə dair ümumi qaydadan kənara çıxmaq üçün şərtsiz əsas sayılmır. Çünki, ərarvadın əmlakına uşaqların mülkiyyət hüququ tanınmır. Müvafiq olaraq qeyri-bərabər bölgü zamanı valideynlərdən birinə (məsələn anaya) verilmiş artıq paya uşağın mülkiyyət hüququ yaranmır, uşaq ana ilə birlikdə yaşasa da gələcəkdə (yetkinlik yaşına çatdıqda) artıq payı anadan özü üçün tələb edə bilməyəcək. Odur ki, anaya ümumi əmlakdan daha artıq payın verilməsi üçün bunun uşağın hansı mənafeyinə və hansı formada xidmət edəcəyini iddiaçı ərizəsində əsaslandırmalıdır. İddiaçı isə bunu ərizəsində əsaslandıra bilməmişdir. Uşağın anası ilə birlikdə yaşaması halı özlüyündə ümumi əmlakda ananın payının daha artıq olması ilə bağlı qənaətə gəlmək üçün kifayət deyil. Odur ki, birgə nikah dövründə əldə edilmiş əmlakda tərəflərin payları bərabər olduğundan və həmin əmlak sonradan Cavabdeh1 tərəfindən iş üzrə digər Cavabdeh2 satıldığından, İddiaçı həmin avtomobilin dəyərinin onun payına düşən hissəsini, yəni yarısını Cavabdeh1 tələb etməkdə haqlıdır. Bundan başqa, məhkəmə qeyd edir ki, iddiaçı tələbində avtomobilin dəyərinin 22000 manat olduğunu bildirsə də, bununla bağlı hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmiş, yalnız avtomobilin alınarkən dəyərinin təxminən 22000 manat olması ilə bağlı cavabdehlə aralarında vatsapp proqramı vasitəsi ilə aparılmış yazışmanı təqdim etmişdir. Məhkəmə hesab edir ki, avtomobilin dəyəri ilə bağlı iddiaçının irəli sürdüyü dəlil əsassızdır. Belə ki, həmin yazışmalarda avtomobilin dəyərinin alındığı vaxt təxminən 22000 manat olması göstərilsə belə, avtomobil alındıqdan sonra bir ildən artıq müddət istifadə edilmişdir və alqı-satqı müqaviləsinin məzmunundan görünür ki, avtomobil alıcıya (Cavabdeh2) 16000 manata satılmışdır. İddiaçı isə avtomobilin daha artıq məbləğə satılması ilə bağlı sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Odur ki, alqı-satqı müqaviləsinə əsasən avtomobil satılarkən əldə edilmiş 16000 manat pulun yarısı, yəni 8000 manat pul Cavabdeh1 tutularaq İddiaçı ödənilməli, iddia qismən təmin edilməlidir. Bundan əlavə, iddiaçı ilkin tələbində cavabdehlər arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsızlığını tələb edərək iddiasını həmçinin Cavabdeh2 qarşı irəli sürsə də, sonradan iddianın predmetini dəqiqləşdirmiş və Cavabdeh2 qarşı hər hansı tələb irəli sürməmiş, ona münasibətdə ərizəsini geri götürməmişdir. Bu səbəbdən məhkəmənin 11.01.2022-ci il tarixli qərardadına əsasən iddia tələbi Cavabdeh2 münasibətdə baxılmamış saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 birgə nikah dövründə əldə edilmiş Hyundai Avante minik markalı **-EG-*** dövlət qeydiyyat nömrəli avtomobilin satışından əldə edilmiş pul vəsaitinin yarısı, yəni 8000 (səkkiz min) manat pul alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar