Məhkəmə qərarları › İş №2(043)-1133/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1133/2020

18.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1133/2020 18.03.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı cavabdeh x1 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçıcavabdeh x1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,cavabdehdən 1910 manat məbləğində borc pulun və 30 manat dövlət rüsumunun əvəzinin, cəmi 1940 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək göstərdi ki, cavabdehi hərbiçi kimi tanımışdır. Cavabdeh 15.06.2013-cü ildə onun yanına gələrək pula kəskin ehtiyacı olduğunu bildirmiş və ondan 2400 (iki min dörd yüz) manat borc pul almışdır. Həmin vazt aralarında yaxın münasibət olduğuna görə ona həmin pulu şifahi razılaşma ilə vermişdir. Sonradan o aldığı 2400 manatın 490 manatını qaytarmışdır. Hazırda Cavabdeh ona 1910 manat pul borcludur. O borcu bir neçə aya qaytaracağına söz verməsinə baxmayaraq uzun müddətdir ki, qalan 1910 manat borcu qaytarmır, hər dəfə ondan borcunu tələb etdikdə o yalan vədlər verir. Odur ki, məcbur olub mıhkəməyə müraciət etmişdir. İddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək göstərdi ki, 15.06.2013-cü ildə kursa getdiyi üçün ona vacib pul lazım olduğundan iddiaçı ilə şifahi razılaşmaya gələrək ondan 2400 manat məbləğində borc almışdır. O, borc götürdüyü vaxt işləmiş və hər ay 800- 900 manat əmək haqqı almışdır. Hər ay iddiaçıya 240 manat faiz ödəmişdir. Bundan başqa 2400 manat əsas borcundan 490 manatı Mincəçevir Şəhər Məhkəməsinin qiyabi qətnaməsinə əsasən onun əmək haqqından tutulmuşdur. Lakin həmin qətnaməyə qarşı etiraz verdiyi üçün Mincəçevir Şəhər Məhkəməsinin qiyabi qətnaməsi ləğv olunmuşdur. İddiaçıdan aldığı pulun faizini qaytarmış, əsas məbləği isə maddi imkanı olmadığı üçün qaytara bilməmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər arasında 15.06.2013-cü ildə şifahi razılaşma əsasında borc müqaviləsi bağlanmış, iddiaçı cavabdehə 2400 manat məbləğində borc vermişdir. İddiaçı iddia edir ki, cavabdeh ondan aldığı borc puldan 490 manatını qaytarmış qalan 1910 manatını isə qaytarmaqdan yayınmışdır. Cavabdeh tərəf isə iddiaçıdan 2400 manat borc pul aldığını etiraf edərək həmin borca görə iddiaçıya faiz ödədiyini, lakin əsas borcunu ödəməyə maddi imkanı olmadığını, bununla belə əsas borcundan 490 manat pulun Mingəçevir Şəhər Məhkəməsinin ləğv olunmuş qiyabi qətnaməsi əsasında onun əmək haqqından tutulduğunu göstərərək iddiaçıya əsas borcunu ödəməyə maddi imkanı olmadığını göstərərək iddia tələbini mübahisələndirmişdir. İşin müəyyən olunmuş hallarından görünür ki, həqiqətən iddiaçı tərəfindən cavabdehə 2400 manat borc pul verilmiş və cavabdeh özü də iddiaçıdan göstərilən məbləğdə borc aldığını və hazırda 1910 manat borcu olduğunu mübahisələndirməmişdir. Cavabdeh iddiaçıdan aldığı borcun əvəzinə hər ay iddiaçıya 240 manat faiz ödəməsini göstərsə də öz etirazının əsası kimi məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, məhkəmə iclasında tədqiq olunmuş sübutlara, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bü cür dövr ərzində istənilən an icra edilməlidir. MM-in 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-in 448.2-ci maddəsinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. MM-in 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. MM-in739.1-cimaddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MM-in 739.2-ci maddəsinə əsasən isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Göründüyü kimi tərəflər arasında şifahi olaraq borc müqaviləsi bağlanmış və tərəflər şifahi borc müqaviləsi üzrə üzərlərinə öhdəlik götürmüşlər. Cavabdeh iddiaçıdan aldığı pulu qaytarmalı olduğu halda qaytarmamış və nəticədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü maddəsinin tələblərini pozmuşdur. Həmin maddədə qeyd olunmuşdur ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehdən 1910 ( bir min doqquz yüz on) manat pul tutularaq iddiaçının xeyrinə ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iddia ərizəsi verilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh 1910 (bir min doqquz yüz on) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat tutularaq İddiaçı xeyrinə verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar