Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1136/2022 10.05.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia qaldıraraq, alimentin miqdarı artırılaraq Cavabdeh X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay sabit pul məbləğində tutulan 140 manat alimentin miqdarının artırılaraq 200 manat məbləğində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 22 may 2018-ci il tarixli, iş № 2(043)-773/2018 saylı qətnaməsi ilə cavabdehlə aralarında olan nikah pozulmuş, X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 120 manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi qət edilmişdir. Daha sonra onun yenidən alimentin artırılmasına dair ərizəsi qismən təmin edilərək alimentin məbləği 140 manat müəyyən edilmişdir. Artıq 3 ildir ki, cavabdeh alimentdən əlavə köməklik etmədiyindən alimentin miqdarının 140 manatdan 200 manatadək artırılmasını istəyir. Atası xəstədir, İ qrup əlildir, uşağın isə səhhətində müəyyən qüsurlar var və müalicə olunub sağalmasına ehtiyac var. Buna baxmayaraq dərmanların baha olmasına görə mütəmadi olaraq uşağı müalicə etdirə bilmir. Uşaq məktəblidir və ikinci sinifdə oxuyur. Uşağın məktəb ləvazimatları ilə təmin edilməsi, gündəlik xərclər və zəruri tələbatları artmışdır. O, işləmir və alimentdən başqa gəliri yoxdur. Ona görə də, alimentin artırılması üçün bir daha məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verib əlavə olaraq bildirdi ki, cavabdeh inşaat malları mağazasında satıcı işləyir. Onun əmək müqaviləsi yarım ştat kimi rəsmiləşdirilsə də faktiki olaraq o, tam ştatla işləyir və aylıq qazancı 800 manat civarındadır. Hazırda 140 manat alimentlə uşağın saxlanılması mümkün deyildir. Buna görə də iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmənin baxış iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak etmiş Cavabdeh iddia tələbini qəbul etməmiş və iddia tələbinə yazılı etiraz təqdim edərək etirazında bildirmişdir ki, onun iddiaçı ilə nikahı pozulduqdan sonra o, X3 ilə ailə qurmuş və nikahlarını 25.01.2020-ci il tarixdə rəsmiləşdirmişlər. Həmin nikahdan 19.06.2021-ci il təvəllüdlü X6 adlı uşaqları doğulmuşdur. O, hazırda yarım ştatla "xxxx" MMC-də satıcı vəzifəsində işləyir və əmək haqqı 125 manat təşkil edir. Bununla yanaşı, onun himayəsində xəstə anası və atası var. İddiaçının dedikləri həqiqətə uyğun deyil. Belə ki, oğlu X5 heç bir xəstəlikdən əziyyət çəkmir və daimi müalicəyə ehtiyacı yoxdur. Bu halı sübut edəcək heç bir mötəbər sübut da məhkəməyə təqdim edilməmişdir. O, alimentdən savayı hər zaman oğlunun digər ehtiyaclarını da ödəmişdir. Oğlu Hüseyn hər həftə onun yanında olur və ona lazım olan maddi və mənəvi köməklik göstərir. O, aylıq qazanc əldə edir, digər gəlirləri isə yoxdur. İddiaçı ötən vaxt ərzində onun maddi vəziyyətinin yaxşılaşması ilə bağlı da heç bir sübut təqdim etməmişdir. Hesab edir ki, məhkəmə qeyd olunanları, eləcə də başqa nikahdan azyaşlı övladının olmasını nəzərə alaraq iddia tələbini təmin etməyəcəkdir. Məhkəmə iddiaçının izahatını dinləyib, cavabdehin etirazına və məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş AZ-T seriyalı, 074468 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, 06.05.2014-cü il təvəllüdlü X2 atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 24 iyul 2019-cu il tarixli 2(043)-2422/2019 saylı qətnaməsindən məlum olur ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-773/2018 saylı, 22 may 2018-cü il tarixli qətnaməsi ilə X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılması, 06 may 2014-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay 140 (yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş 17.04.2022-ci il tarixli vətəndaşın iş yeri haqqında arayışdan görünür ki, Cavabdeh "xxxx" MMC-də satıcı işləyir, aylıq əmək haqqının məbləği 125 manatdır. İş materiallarında olan AZ-İİ seriyalı, 382654 nömrəli nikah haqqında şəhadətnamənin surətindn görünür ki, Cavabdeh ilə X3 arasında 25 yanvar 2020-ci il tarixdə 193 aktı qeydi ilə nikah bağlanmış, nikah bağlandıqdan sonra ərə Abdıyev, arvada Bağırova soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş AZ-İV seriyalı, 611372 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 19 iyun 2021-ci il təvəllüdlü X4 atası Cavabdeh, anası X1r. İş materiallarına əlavə olunmuş ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 18 mart 2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh mediator tərəfindən keçirilən ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı qızı ilkin mediasiya sessiyasının keçirilməsi üçün mediasiya xidmətinin göstərilməsinə görə 50 manat məbləğində xərci tam ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 və 75.4-cü maddələrinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar və valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78-ci maddəsinə əsasən aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minumumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2022-ci il üçün yaşayış minumumu ölkə üzrə uşaqlar üçün 193 manat məbləğində müəyyən olunmuşdur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə görə hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 24 iyul 2019-cu il tarixli qətnaməsindən keçən dövr ərzində ölkə üzrə yaşayış minumumundakı artım məbləğini əsas gətirərək hesab edir ki, yaşayış minimumunun artması iddiaçının maddi vəziyyətindəki dəyişiklik kimi qiymətləndirilməlidir. Belə ki, qətnamə ilə müəyyən edilmiş aliment məbləği dəyişmədiyi halda malların və xidmətlərin qiymətinin qalxması həmin aliment məbləği ilə uşağın maddi təminatının əvvəlki səviyyəsinin saxlanmasının mümkün olmadığını göstərir. Lakin alimentin iddiaçı tərəfindən tələb olunduğu kimi müəyyən edilməsi üçün əlavə əsaslar (cavabdehin gəlirlərinin artması və s.) müəyyən edilməmişdir. Məhkəmə cavabdehin etirazının dəlillərinə qiymət verərək qeyd edir ki, cavabdehin rəsmi gəlirlərinin az və ya çox olmasından, yaxud ümumiyyətlə qazancının və ya gəlirinin olub-olmamasından asılı olmayaraq o, valideyn olaraq uşağının saxlanılması və maddi təminatı üçün məsuliyyət daşıyır. Eləcə də uşağın maddi təminatının əvvəlki səviyyəsinin maksimal saxlanılması və minimum dolanacaq xərclərindən az olmayaraq verilməsi valideynin vəzifəsidir. Bu baxımdan cavabdehin sonradan nikaha daxil olması və nikahdan başqa uşağının doğulması onu əvvəlki nikahdan doğulmuş uşağının saxlanılması vəzifəsindən azad etmir, eləcə də bu vəzifənin həcminin azalması üçün əsas ola bilməz. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, 04 may 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan alimentin miqdarı artırılaraq hər ay 175 (bir yüz yetmiş beş) manat müəyyən edilməli və bu miqdarda alimentin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.6-cı maddəsinə əsasən ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda iddianın qiyməti ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir. Dövlət rüsumu haqqında Qanunun 8.1.2-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində rüsum ödənilir. Dövlət rüsumu haqqında Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə görə isə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Həmin Qanunun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. İddiaçı 140 manat müəyyən edilmiş alimentin miqdarının 60 manat artırılaraq 200 manat müəyyən edilməsini xahiş etmişdir. Hazırkı iddianın qiyməti 720 manatdır (60x12). İddianın qiyməti 1000 manatdan az olduğundan tutulmalı olan dövlət rüsumunun miqdarı 30 manatdır. Lakin barışıq sazişi ilə nəticələnməmiş mediasiya prosesinə çəkilmiş xərc 50 manatdır. Mediasiya haqqında Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Qeyd olunan normanın tələbinə uyğun olaraq cavabdeh hər hansı üzrü səbəb olmadan ilkin mediasiya prosesində iştirak etmədiyindən iddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xərcinin əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Mediasiya xərcinin məbləği ödənilməli olan dövlət rüsumundan artıq olduğundan cavabdehdən dövlət rüsumu tutulmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 24 iyul 2019-cu il tarixli, 2(043)- 2422/2019 saylı qətnaməsi ilə 06.05.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan alimentin miqdarı artırılsın. 06.05.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləği ilə 175 (bir yüz yetmiş beş) manat aliment Cavabdeh tutularaq, İddiaçı ödənilsin. Artırılmış aliment məbləği qətnamə qanuni qüvvəyə mindiyi tarixdən tutulsun. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh mediasiya xərcinin əvəzi qismində 50 (əlli) manat pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Tural Qocayev
Məhkəmə qərarları › İş №2(043)-1136/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1136/2022
10.05.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver