Məhkəmə qərarları › İş №2(043)-1163/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1163/2021

29.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1163/2021 29.06.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə nikahlarından doğulmuş 21.09.2011-ci il təvəllüdlü X2 və 27.12.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Ağstafa Rayon Məhkəməsinin 14 oktyabr 2020-ci il tarixli 2(015)-421/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş hər ay 240 manat alimentin miqdarını artıraraq cavabdehdən hər ay iki uşaq üçün 350 manat aliment tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 05 noyabr 2010-cu ildə nikah qeydiyyatından keçərək ailə qurmuşlar. Onların birgə yaşadığı dövrdə 21.09.2011-ci ildə X4 və 27.12.2015-ci ildə X5 adlı iki uşaqları doğulmuşdur. Ağstafa rayon Məhkəməsinin 14 oktyabr 2020-ci il tarixli 2(015)-421/2020 saylı qətnaməsinə əsasən cavabdehdən 07.05.2020-ci il tarixdən etibarən 21.09.2011-ci ildə anadan olmuş X4 və 27.12.2015-ci ildə anadan olmuş X1 üçün ayda 240 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Hazırki dövr üçün uşağın saxlanması üçün 240 manat çox azdır, hazırda azyaşlı uşaqları ilə birlikdə yaşayır, hec bir yerdə işləmir, ona uşağın saxlanmasında cavabdeh köməklik göstərmir. O, azyaşlı övladlarını böyütməkdə çətinlik çəkir. Ona görə də məcbur olub hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmişdir. Lakin məhkəməyə teleqram ünvanlayaraq, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh iddianı qəbul etməyərək, bildirdi ki, aliment qətnaməsinin çıxdığı vaxtdan indiyə kimi onun gəlirlərində heç bir dəyişiklik olmamış, əksinə onun maddi vəziyyəti hazırda daha da pisləşmişdir. O, hazırkı alimenti ödəməkdə belə çətinlik çəkir. Ona görə də iddia tələbinin rədd edilməsini xahiş edir. Məhkəmə cavabdehin izahatını dinləyib mülki iş materiallarını tədqiq edərək hesab edir ki, iddia əsassız olduğu üçün təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş Ağstafa Rayon Məhkəməsinin 2(015)-421/2020 saylı 14 oktyabr 2020-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh Arif oğlu arasında Gəncə şəhəri Nizami Rayon Qeydiyyat şöbəsində 05.11.2010-cu il tarixdə bağlanmış və 566 nömrə ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin nikahından olan 21.09.2011-ci il təvəllüdlü X4 və 27.12.2015-ci il təvəllüdlü X5 nikah pozulduqdan sonra anaları İddiaçı yanında qalması, Cavabdeh 07.05.2020-ci il tarixdən başlayaraq 21.09.2011-ci il təvəllüdlü X4 və 27.12.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 120 manat olmaqla, 240 manat sabit pul məbləğində aliment tutulub İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş AZ-İ seriyalı, 358039 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah 14.11.2020-ci il tarixdə pozulmuşdur. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, 21.09.2011-ci il təvəllüdlü X4 və 27.12.2015-ci il təvəllüdlü X3 atası Cavabdeh, anası İddiaçıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Alimentin miqdarının dəyişdirilməsi tələbinin qanuni əsasını Ailə Məcəlləsinin 112.1 ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qeyd olunan maddədən görünür ki, məhkəmə tərəfindən aliment miqdarı müəyyən olunduqdan sonra həmin miqdarın dəyişdirilməsi əsaslarını tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişikliklərin baş verməsi təşkil edir. Hazırkı işdə isə bu əsaslar mövcud deyildir. Belə ki, Ağstafa Rayon Məhkəməsinin 14 oktyabr 2020-ci il tarixli, 2(015)-421/2020 saylı qətnaməsi qəbul olunduğu vaxtdan cəmi bir neçə ay keçmiş, bu müddət ərzində uşaqların zəruri ehtiyaclarında hər hansı dəyişiklik baş verməmişdir. Məhkəmə eyni zamanda qeyd edir ki, iddiaçı alimentin miqdarı müəyyən edildikdən sonra, yəni son bir neçə ay ərzində özünün və cavabdehin maddi və ailə vəziyyətində dəyişiklik olması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. İddiaçı öz tələbini yalnız Ağstafa Rayon Məhkəməsinin qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının azlığı ilə əsaslandırır. İddiaçının həmin qətnamədən apellyasiya şikayəti vermək hüququ olsa da iddiaçı bu hüququndan istifadə etməmişdir. İşin yuxarıda qeyd olunan hallarını, hazırki halda tərəflərin ailə və maddi vəziyyətlərində heç bir dəyişiklik olmadığını nəzərə alaraq məhkəmə hesab edir ki, 21.09.2011-ci il təvəllüdlü X4 və 27.12.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün cavabdehdən tutulması müəyyən olunmuş alimentin miqdarının artırılması barədə iddiaçının tələbi təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar