Məhkəmə qərarları › İş №2(043)-1166/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1166/2021

07.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1166/2021 07.04.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, iddiaçı BANK «xxxx» Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X1 və Cavabdeh1 iştirakları ilə, İddiaçı BANK «xxxx» Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsinin ləğv edilməsi və borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı BANK «xxxx» Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı BANK «xxxx» Açıq Səhmdar Cəmiyyətinin Gəncə filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, RPF-00019-06/19A nömrəli kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlərdən müştərək qaydada 5268,8 manat əsas, 8,8 manat faiz borcu olmaqla, cəmi:- 5277,6 (beş min iki yüz yetmiş yeddi manat 60 qəpik) manat kredit borcunun və 30,40 manat məbləğində ödənilmiş dövlət rüsumunun xeyirlərinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı BANK «xxxx» Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X2 iddianı müdafiə edərək izahatında göstərdi ki, iddiaçı Bank “xxxx” ASC-nin “Gəncə” filialı ilə Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixli RPF-00019-06/19A saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən, Bank “xxxx” ASC 5350, 05 manat məbləğində krediti illik 1 faizlə 12 ay güzəşt müddəti tətbiq edilməklə 60 ay müddətinə Cavabdeh1 mülkiyyətinə vermiş, Cavabdeh1 isə həmin kreditdən iddiaçı ilə bağlanmış DK-00070-06/17A saylı xx xxxxxx 2017-ci il tarixli kredit müqaviləsi üzrə kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədi ilə istifadə etməyi və krediti xx xxxx 2024cü il tarixinədək faizi ilə birlikdə Bank “xxxx” ASC-yə qaytarmağı öhdəsinə götürmüşdür. Bank “xxxx” ASC-nin “Gəncə” filialı ilə Cavabdeh1 arasında “Problemli kreditləri restrukturizasiya edilməsi ilə əlaqədar güzəştli kreditlərin verilməsi üzrə vahid kredit şərtləri” barəsində RPF-00019-06/19A saylı xx xxxx 2019-cu il tarixli Kredit Müqaviləsinə 2 saylı Əlavə bağlanmışdır. Cavabdeh2 xx.xx.2019-cu il tarixdə iddiaçıyla RPFZ-00019- 06/19A saylı zaminlik müqaviləsi bağlayaraq Cavabdeh1 həmin kredit müqaviləsi üzrə öhdəliyin icra olunması üçün zamin durmuşdur. Cavabdeh1 kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətini dəfələrlə ötürmüşdür və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Borcalana və zaminə dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikləri üçün məhkəməyə müraciət etmişlər. İddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək izahatında göstərdi ki, Artıqlaması ilə ödəniş etmişdir. Hesab edir ki, onun borcu qalmamışdır. İddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Cavabdeh2 məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh2 iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2019-cu il tarixli, RPF-00019-06/19A nömrəli kredit müqaviləsindən görünür ki, iddiaçı tərəfindən cavabdehə illik 1 faizlə 12 ay güzəşt müddəti tətbiq edilməklə 60 ay müddətinə 5350,05 manat məbləğində kredit verilmişdir. xx.xx.2019-cu il tarixli, RPFZ-00019-06/19A nömrəli zaminlik müqaviləsindən görünür ki, xx.xx.2019-cu il tarixli, RPF-00019-06/19A nömrəli kredit müqaviləsi üzrə zamin Cavabdeh2 borcalan Cavabdeh1 ilə eyni həcmdə məsuliyyəti öz üzərinə götürmüşdür. RPF-00019-06/19A saylı xx xxxx 2019-cu il tarixli Kredit Müqaviləsinə 2 saylı Əlavədən görünür ki, tərəflər arasında Problemli kreditləri restrukturizasiya edilməsi ilə əlaqədar güzəştli kreditlərin verilməsi üzrə vahid kredit şərtləri” barəsində müqavilə bağlanmışdır. xx.xx.2019-cu il tarixli, RPF-00019-06/19A nömrəli kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, cavabdeh borcu hissə-hissə olmaq şərti ilə xx.xx.2024-cü ilə qədər ödəməyi öz öhdəsinə götürmüşdür. xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 BANK «xxxx» Açıq Səhmdar Cəmiyyətinə 5268,8 manat əsas, 8,8 manat faiz olmaqla, cəmi:-5277,6 (beş min iki yüz yetmiş yeddi manat 60 qəpik) manat borcu qalmışdır; xx.xx.2020-ci il tarixli xəbərdarlıqlardan görünür ki, cavabdehlərə borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir; Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, RPF-00019-06/19A nömrəli müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə illik 1 faizlə, 12 ay güzəşt müddəti tətbiq edilməklə 60 ay müddətinə 5350,05 manat məbləğində kredit verilmişdir. Cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirmədiyi üçün 5268,8 manat əsas, 8,8 manat faiz olmaqla, cəmi:- 5277,6 (beş min iki yüz yetmiş yeddi manat 60 qəpik) manat borcu qalmışdır. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya keçirməyi öhdəsinə götürür, digər iştirakçı isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MM-in 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. MM-in 472.2-ci maddəsinin tələbinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. MM-in 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. MM-in 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-in 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bü cür dövr ərzində istənilən an icra eilməlidir. MM-in 429.1.3-cü maddəsinə əsasən əgər müddət günlərlə hesablanırsa, o, sonuncu günün axırında bitir. MM-in 448.2-ci maddəsinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. MM-in 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. MM-in 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. MM-in 449.1-ci maddəsinə əsasən özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank faizinin uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Göründüyü kimi tərəflər arasında zaminliklə təmin olunmuş kredit müqaviləsi bağlanmış və tərəflər kredit müqaviləsi üzrə üzərlərinə öhdəlik götürmüşlər. İddiaçı üzərinə düşən öhdəliyi tam icra etmiş, qarşı tərəf aldığı pulu tam olaraq qaytarmayaraq öhdəliyi pozmuşdur.Cavabdehlər müqavilədə nəzərdə tutulmuş müddətdə iddiaçıdan aldıqları pulu vaxtında qaytarmalı olduqları halda qaytarmamışlar və nəticədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü maddəsinin tələblərini pozmuşlar. Həmin maddədə qeyd olunmuşdur ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Kredit borcunun borclu Cavabdeh1 və zamin Cavabdeh2 müştərək qaydada tutulmasına gəldikdə isə məhkəmə qeyd edir ki, müqavilənin şərtlərinə görə iddiaçı tərəfindən kredit, zaminə kreditin tam qaytarılmasında iştirak etməyə borclu edən şəkildə verilmişdir. Ona görə də cavabdeh və zamin bank qarşısında birgə borclu olduqlarından iddiaçı qalan borcun ödənilməsini onların hər birindən tələb etmək hüququna malikdir. Kredit müqaviləsinin ləğv olunmasına gəldikdə isə məhkəmə hesab edir ki, cavabdeh müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozaraq, iddiaçını müqavilə bağlanarkən ümid etməyə haqqı çatandan məhrum etdiyi üçün iddia tələbi həmin hissədə də təmin olunaraq tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, RPF-00019-06/19A nömrəli kredit müqaviləsi ləğv edilməlidir. (MM mad. 421.2) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, RPF-00019-06/19A nömrəli kredit müqaviləsi ləğv edilməli, 5268,8 manat əsas, 8,8 manat faiz olmaqla, cəmi:- 5277,6 (beş min iki yüz yetmiş yeddi manat 60 qəpik) manat kredit borcu cavabdehlərdən müştərək qaydada tutularaq BANK «xxxx» Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iddia ərizəsi verilməsi üçün ödənilmiş 30,40 manat dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 303, 358 və 336-cı maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia təmin edilsin. İddiaçı BANK «xxxx» Açıq Səhmdar Cəmiyyətinin Gəncə filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, RPF-00019-06/19A nömrəli kredit müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2019-cu il tarixli, RPF-00019-06/19A nömrəli kredit müqaviləsi üzrə 5268,8 manat əsas, 8,8 manat faiz olmaqla, cəmi:- 5277,6 (beş min iki yüz yetmiş yeddi manat 60 qəpik) manat kredit borcu və dövlət rüsumunun əvəzi olaraq 30,40 manat tutularaq BANK «xxxx» Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar