Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1170/2021 04.05.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 172 (bir yüz yetmiş iki) manat məbləğində dəymiş zərərin, iddia ərizəsinin hazırlanması üçün 20 manat nümayəndəyə verilən xidmət haqqının və 20 manat dövlət rüsumunun alınaraq, ona cəmi 212 (iki yüz on iki) manat verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 15 fevral 2021-ci il tarixdə ünvan 1 ünvanında yaşayan üst qonşusu olan Cavabdeh tərəfindən onun evinə yəni, ünvan 2 ünvanında yerləşən mənzilə su axıdılaraq bərbat vəziyyətə salınmış və ona maddi ziyan dəymişdir. Bununla bağlı o, Gəncə şəhəri 2 saylı Minzil İstismar sahəsinə müraciət etdikdən sonra komissiya yaradılmış, onun mənzilinə baxış keçirilmiş və nəticədə təmir xərcləri ilə birlikdə ona dəymiş zərərin 172 manat olduğu müəyyən edilmişdir. O, dəfələrlə cavabdehə müraciət etməsinə baxmayaraq, cavabdeh ona dəymiş ziyanı ödəməkdən imtina etmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərlə uyğun izahat verib, iddia tələbinin təmin tam həcmdə təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbini qəbul etməsi ilə bağlı məhkəməyə ərizə təqdim edərək, İddiaçı ona qarşı 172 manat dəymiş ziyanla bağlı qaldırmış olduğunu iddianı qəbul etdiyini bildirmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə olunmuş 29 avqust 1990-cı il tarixli, 343 nömrəli orderin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, ünvan 2 İddiaçı istifadə və sərəncamına verilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə şəhər 2 saylı Mənzil-İstismar hissəsinin 15 fevral 2021-cı il tarixli aktından görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, DOS-6, ev 152 ünvanda yerləşən 3 saylı mənzilə cəmi 172 manat maddi ziyan dəymişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 170.1-ci maddəsinə əsasən iki tərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, birbirinə qarşılıqlı hörmət bəsləməlidirlər. 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.2-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Beləliklə, iş materiallarına əlavə edilmiş sənədlərə və cavabdehin iddianı etiraf etməsi və iddianı tam həcmdə qəbul eməsinə əsasən iddiaçının mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, DOS-6, ev 152, 3 nömrəli mənzilə yuxarı mərtəbədə yerləşən, cavabdehin istifadəsində olan 6 saylı mənzildən suyun sızması müəyyən edilmişdir ki, bununla da, cavabdeh tərəfindən iddiaçıya münasibətdə mülki hüquq pozuntusuna yol verilmişdir. Buna görə də, məhkəmə hesab edir ki, iddia tələbi vurulmuş zərər məbləği həddində təmin edilməlidir. Bundan başqa, iddiaçı məhkəmə xərcləri qismində cavabdehdən nümayəndəyə ödənilmiş məbləğin və dövlət rüsumunun tutulmasını xahiş etmişdir. İddiaçı X2 22.02.2021-ci il tarixdə 20 manat pul ödəməsi barədə qəbz təqdim etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 69.1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. Zəruri olduqda, məhkəmə izahat vermək üçün tərəfi şəxsən məhkəməyə çağırmaq hüququna malikdir. Həmin Məcəllənin 69.1-1-ci maddəsinə əsasən fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. İş materiallarına X1 İddiaçı yaxın qohumu və ya vəkil olmasını təsdiq edən sənədlər əlavə edilməmişdir. Bu baxımdan X1 nümayəndə qismində məhkəmə prosesində iştirakı istisna olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.5 və 115.0.6-cı maddələrində nümayəndə və vəkilə ödənilmiş məbləğlər məhkəmə məsrəflərinə aid edilmişdir. Hazırkı iş üzrə iddiaçının qanunla nəzərdə tutulmuş qaydada nümayəndə və ya vəkilə hər hansı ödəniş etməsi öz təsdiqini tapmadığından ödənilmiş 20 manat məbləğ məhkəmə məsrəflərinə aid edilmir. İş materiallarından görünür ki, məhkəmə xərcləri iddiaçının iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödəmiş olduğu 20 manat dövlət rüsumundan ibarətdir. Məhkəmə, dövlət rüsumunun əvəzinin cavabdehdən tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və onlardan istifadə etmişdir; 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini əldə rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh mənzilə vurulmuş zərərin əvəzi qismində 172 (bir yüz yetmiş iki) manat və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödəmiş olduğu 20 (iyirmi) manat dövlət rüsumu tutularaq, İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Qocayev
Məhkəmə qərarları › İş №2(043)-1170/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1170/2021
04.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver