Məhkəmə qərarları › İş №2(043)-1188/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1188/2021

18.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1188/2021 18.05.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Aslanov Eltun Elman oğlunun katibliyi, İddiaçı X1, Cavabdeh iştirakları ilə, İddiaçı X1 Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı X2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən razılaşma ilə ona verdiyi 850 manat pulu və su xətti üçün xərclədiyi 1500 manat pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh özünə çəkdirdiyi su xəttindən Gəncə şəhəri Kəpəz rayonu, Hacıkənd qəsəbəsində yerləşən ona məxsus “Mozu” adlanan yeməkxayana su çəkdirmək üçün qarşılıqlı razılaşma ilə 2019-cu ildə cavabdehə 850 manat pul vermişdir. 1,5 kilometr uzunluğunda su xətti çəkdirmək üçün yer qazdırmış, boru ilə su xətti çəkdirmişdir. Fəhlə pulu, boru pulu, ümumilikdə 1500 manat pul xərcləmişdir. Cavabdeh isə bir həftə yeməkxanaya su vermiş, lakin bir həftədən sonra suyu kəsmişdir. O, suyun kəsilməsinin səbəbini öyrənmək üçün müraciət etdikdə, cavabdehdən “Suyum gəlmir, ona görə kəsmişəm” cavabını almışdır. Dəfələrlə ona müraciət etsə də, müraciəti cavabsız qalmışdır. Bu barədə Gəncə şəhəri Kəpəz rayon Polis İdarəsinə müraciət etdikdə, məktubla məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Məhkəmə iclasında iddiaçı X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, o, cavabdehə məxsus su xəttindən işlətdiyi yeməkxanaya su çəkmək üçün cavabdehə 700 manat, cavabdehin qardaşına isə 150 manat pul vermişdir. Su xəttinin çəkilməsinə isə 1500 manat vəsait xərcləmişdir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, izahatında bildirdi ki, o, həqiqətən iddiaçıya ona məxsus su xəttindən işlətdiyi yeməkxanaya su çəkməsi üçün şifahi formada razılıq vermiş, bu zaman o su xəttinin hər ikisinin su tələbatını qarşılayacağını düşünmüşdür. Bunun müqabilində o iddiaçıdan hər hansı məbləğdə pul istəməmiş və almamışdır. İddiaçı su xəttinə qoşulduqdan sonra onun istifadə etdiyi su azaldığından, iddiaçının yeməkxanasına gedən suyu kəsmişdir. İddiaçının iddia ərizəsində göstərdikləri həqiqəti əks etdirmir. Odur ki, iddianın rədd edilməsini xahiş edir. Məhkəmə, tərəflərin izahatlarını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmamalıdır. Belə ki, iddiaçı tələbində ona məxsus yeməkxayana su çəkmək üçün cavabdehə pul verməsi barədə cavabdehlə şifahi razılıq əldə etdiyini və 850 manat pulun cavabdehə verildiyini, lakin cavabdeh tərəfindən razılaşmanın pozulduğunu və ona verdiyi pulu geri qaytarmadığını bildirmişdir. Ona görə də, cavabdehdən ona verdiyi 850 manat pulu və su xətti üçün xərclədiyi 1500 manat məbləğində pulu tələb etmişdir. Cavabdeh isə məhkəmə iclasında bildirmişdir ki, iddiaçının iddia ərizəsində göstərdikləri həqiqəti əks etdirmir. Belə ki, o, özünün su xəttindən iddiaçıya məxsus yeməkxanaya su çəkilməsinə şifahi formada icazə vermiş, lakin bunun müqabilində iddiaçıdan hər hansı məbləğdə pul almamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, sübutetmə vəzifəsinin bölgüsü baxımından su xəttinin çəkilməsi üçün cavabdehə 850 manat pul vəsaitinin verilməsini və su xəttinin çəkilməsi üçün 1500 manat vəsait xərclənməsini sübut etmə vəzifəsi iddiaçının üzərinə düşür. Lakin, iddiaçı tərəflər arasında iddia tələbində göstərilən məzmunda razılığın olması, həqiqətən də ona məxsus yeməkxanaya su xəttinin çəkilməsi üçün cavabdehə pul verilməsi və həmin razılıq səbəbindən onun su xəttinin çəkilməsi üçün 1500 manat vəsait xərcləməsinə dair sübutlar iddia ərizəsinə əlavə edilməmiş, məhkəmə baxışı zamanı iddianı təsdiq edə biləcək sübutları təqdim etməsi məhkəmə tərəfindən təklif olunmasına baxmayaraq, iddiaçı bu sübutları məhkəməyə təqdim edə bilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbini təsdiq edən lazımi sübutlar məhkəməyə təqdim olunmadığından, iddiaçı X1 Cavabdeh qarşı “pul tələbi”nə dair iddiası təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanları nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı X1 Cavabdeh qarşı “pul tələbi”nə dair iddiası təmin edilməsin. İş üzrə iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə şəhəri Kəpəz rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar