Məhkəmə qərarları › İş №2(043)-1196/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1196/2022

14.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1196/2022 14.06.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 472 manat məbləğində əsas borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 502 manat pul vəsaitinin alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh kredit müqaviləsinə əsasən “Soliton LTD’’ MMC-dən dəyəri 919 manat olan məişət avadanlığı əldə edib. Cavabdehin müqavilə üzrə ödənişlər etdikdən sonra kreditora 472 manat borcu qalıb. Odur ki, cavabdehdən 472 manat məbləğində əsas borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 502 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılması zəruridir. İddia ərizəsi kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verildiyindən, cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilməklə prosessual hüquq və vəzifələrinin izahı barədə məhkəmə bildirişi göndərilmişdir. Müəyyən olunmuş müddət ərzində - 15.04.2022-ci il tarixdə cavabdeh iddia ərizəsinə etirazını yazılı şəkildə məhkəməyə təqdim etmişdir. Cavabdeh etirazını onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən 472 manat məbləğində pulun tələb edilməsi onun hüquqlarını pozur. O, ödənişləri vaxtı-vaxtında ödəmişdir, lakin etirazın verilmə müddəti (10 gün) az olduğu üçün, eyni zamanda ödənişlər barədə qəbzləri özündə saxlamadığı üçün məhkəməyə təqdim edə bilmir. Məhkəmə iclasında həmin qəbzləri təqdim etmək üçün çalışacaq və bu mümkün olmadıqda maliyyə arayışının mülki işə sübut kimi əlavə olunmasını vəsatətlə xahiş edəcəkdir. Hazırda məişət avadanlığı üçün onun 472 manat deyil, 215 manat məbləğində borcu olmalıdır. Odur ki, iddiaçının ona qarşı kiçik iddialara dair iddia ərizəsi üzrə mübahisəyə iddia icraatı qaydasında baxılmasını xahiş etmişdir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-1196/2022 saylı 18.04.2022-ci il tarixli qərdadına əsasən mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçının nümayəndəsi məhkəməyə ərizə təqdim edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilib, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına heç bir üzrlü səbəb göstərmədən gəlmədiyindən, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 19.12.2019-cü il tarixli GN2K5816026 nömrəli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən alqı-satqı qiyməti 919 manat olan məhsul üçün 34 manat ilkin ödəniş etməklə, qalan məbləği 15 ay müddətinə hər ay 59 manat ödəmək şərtilə almışdır. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh 19.12.2019-ci il tarixli müqavilə üzrə 472 manat ödənilməmiş borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. 448-ci maddəsinin tələblərinə görə, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyyət daşıyır. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Beləliklə, təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, tərəflər arasında şifahi qaydada məişət əşyasının alqı-satqısı barədə müqavilə bağlandıqdan sonra, borcun etiraf edilməsinə dair müqavilə bağlanmış, Cavabdeh İddiaçı MMC qarşısında 19.12.2019-cu il tarixli müqavilə üzrə 885 manat borc öhdəliyi olduğunu etiraf etmişdir. Lakin, cavabdeh müqavilə üzrə etiraf etdiyi pul öhdəliyini lazımınca yerinə yetirməmişdir, onun iddiaçı qarşısında 472 manat icra edilməmiş pul öhdəliyi qalmışdır. Cavabdeh məhkəməyə ünvanladığı etiraz ərizəsində onun 472 manat deyil, 215 manat borcunun qalmasını bildirsə də, bu barədə sübutlarını məhkəməyə təqdim etməmişdir. Halbuki, sübutetmə vəzifəsinin bölgüsü baxımından müqavilə üzrə yaranmış borcun ödənilməsini cavabdeh sübut etməlidir. Odur ki, iddiaçı cavabdehdən müqavilə üzrə yaranmış borcun ödənilməsini tələb etməkdə haqlıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, müqavilə üzrə yaranmış 472 manat borc pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsaslanaraq və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 19.12.2019-cu il tarixli müqavilə üzrə yaranmış 472 (dörd yüz yetmiş iki) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat pul tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar