Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1210/2020 23.09.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkil) X1 iştirakı ilə, İddiaçı cavabdehlər X7 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər X7 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia qaldıraraq, xx xxxx 2014-cü il tarixli kredit müqaviləsinə əsasən, onun tərəfindən nağd şəkildə cavabdehlərə ödənilmiş 40000 ABŞ dolları məbləğində pulun və 10000 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 50000 ABŞ dolları məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada alınaraq ona ödənilməsi və 30,40 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi (vəkil) X2 Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək xx xxxx 2014-cü il tarixli kredit müqaviləsinə əsasən, onun tərəfindən nağd şəkildə cavabdehlərə ödənilmiş 40000 ABŞ dolları məbləğində pulun və 2000 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 42000 ABŞ dolları məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada alınaraq ona ödənilməsi və 30,40 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o cavabdehlərə xx.xx.2014-cü il tarixdə 65500 (altmış beş min beş yüz) ABŞ dolları borc vermişdir. Ancaq, borcun verilməsini bir nəfərin adına rəsmiləşdirmişdilər. Belə ki, Gəncə “ASAN Xidmət” Mərkəzi notariat kontorunda xx xxxx 2014-cü il tarixli 3M-02-559 reyestr nömrəli kredit müqaviləsinə əsasən X7 65500 (altmış beş min beş yüz) ABŞ dollarını xx.xx.2015-ci il tarixə kimi ödəməyi öz öhdəsinə götürmüşdür. Ancaq, kredit müqaviləsində göstərilən vaxtda öz öhdəliyini yerinə yetirməmişdir. Cavabdehə dəfələrlə borcunu ödəməsini bildirsə də, müxtəlif bəhanələrlə borcun ödənilməsindən yayınmışdır. Nəhayət, cavabdeh X7 ona olan 65500 (altmış beş min beş yüz) ABŞ dolları borcundan 25500 (iyirmi beş min beş yüz) ABŞ dollarını xx.xx.2019-cu il tarixdə qaytarmışdır. Hal-hazırda cavabdehin 40000 (qırx min) ABŞ dolları borcu vardır. xx.xx.2019-cu il tarixdən, yəni son ödənişdən bu günədək o hər hansı məbləğ ödəmədiyindən məhkəmədə pul tələbinə dair iddia qaldırmaq məcburiyyətində qalmışdır. Onun cavabdehlər X7 və Cavabdeh2 ona olan borclarını ödəməsinə dair müraciətlərinə cavabdehlər tərəfindən dolayısı yolla imtina edilmişdir. Belə ki, iddiaçı olaraq o müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri müqavilədə nəzərdə tutulan şərtlər əsasında əməl etmişdir, cavabdehlər isə müqavilə üzrə üzərilərinə götürdüyü öhdəliyi səbəb göstərmədən yerinə yetirməməklə ona ziyan vurmaqda davam edirlər. Ona görə də pulunu məhkəmə qaydası ilə tələb etmək məcburiyyətindədir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkil) X2 iddia ərizəsində göstərilənlərə uyğun izahat verib, əlavə olaraq bildirdi ki, dəfələrlə mübahisənin məhkəmədən kənar həll edilməsini tələb etsə də, cavabdehlər iddiaçının pulunu qaytarmaqdan imtina etmişdilər. Buna görə də iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Bununla yanaşı əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh X7 izahat verərək bildirmişdir ki, o əvvəllər Ukrayna Respublikasında iddiaçıya taxta (şalban) göndərmişdir. Lakin 2015-ci ildə ölkədə milli valyutanın devalvasiyası ilə əlaqədar olaraq, iddiaçıya olan borcunu qaytara bilməmişdir. Bundan başqa 2016-cı ildə o yeni valyuta məzənnəsi ilə borcundan 25500 ABŞ dollarını iddiaçıya qaytarmışdır. Mövcud olan borcundan 40000 ABŞ dollarını köhnə valyuta məzənnəsi ilə qaytara bilər, lakin iddiaçının tələb etdiyi əldən çıxmış fayda kimi 10000 ABŞ dolları məbləğində pulun ödənilməsinə razı deyil. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş 25500 ABŞ dolları məbləğində borcun qaytarılması barədə müqavilə onun tərəfindən xx.xx.2019-cu il tarixdə tərtib edilmiş və imzalanmışdır. Həmçinin cavabdeh məhkəməyə ərizə təqdim edərək iddia müddəti 3 il təşkil etdiyindən iddia müddətini tətbiq etməklə iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib iş materiallarına əlavə edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli kredit müqaviləsindən məlum olur ki, İddiaçı X5 faizsiz olaraq 65500 ABŞ dolları (51253, 75 manat) məbləğində borc vermiş, X7 isə həmin pulu xx.xx.2015-ci il tarixə qədər geri qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilədə hər iki tərəfin imzası ilə X4 borcdan 25 500 ABŞ dolları hissəni xx.xx.2019-cu il tarixdə ödədiyi qeyd edilmişdir. İş materiallarında olan cavabdeh xx.xx.2019-cu il tarixli borcun etirafı barədə sadə yazılı formada tərtib edilmiş müqavilədən görünür ki, Cavabdeh2 xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən 65500 ABŞ dolları məbləğindən, 25500 ABŞ dolları məbləğində pulu İddiaçı qaytardığı qalan məbləği isə xx.xx.2020-ci il tarixədək ödəməyə söz verdiyi göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-cı maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. 739.1-ci maddəsinin tələbinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o, kredit müqaviləsi adlandırılır; 740-cı maddəsinə əsasən, borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Məhkəmə baxışında müəyyən edilmişdir ki,notariat qaydasında təsdiq edilmiş xx.xx.2014-cü il tarixli müqaviləyə əsasən İddiaçı tərəfindən cavabdeh X5 xx.xx.2015-ci il tarixə kimi 65000 ABŞ dolları məbləğində borc pul verilmişdir. X7 qaytarmalı olduğu halda müqavilə şərtlərini pozaraq borcu tam qaytarmamış və nəticədə onun 40000 ABŞ dolları məbləğində ödənilməmiş borcu qalmışdır. X7 ilə iddiaçı arasında xx.xx.2019-cu il tarixdə borcun etirafı barədə müqavilə bağlanılmış, X7 iddiaçıya 40 000 ABŞ dolları borcu olduğunu və həmin borcu xx.xx.2020-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. İddiaçı ilə cavabdeh arasında bağlanmış borcun etirafı barədə müqavilə pul borcunun qaytarılması barədə öhdəliyə əsas verən şəkildə etirafdır. Pul borcu öhdəliyinin yaranması üçün sadə yazılı müqavilənin bağlanması kifayət edir. Bu baxımdan xx.xx.2019-cu il tarixli borcun etirafı barədə müqavilə Mülki Məcəllənin tələblərinə uyğun olmaqla öhdəliyin yaranması üçün əsas təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti 3 il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə 6 ildir. Tərəflər arasında borcun qaytarılması üçün müəyyən edilmiş son müddətdən (xx.xx.2020) bir neçə ay keçdikdən sonra iddia irəli sürülmüşdür. Buna görə də məhkəmə hesab edir ki, iddia müddəti iddiaçı tərəfindən ötürülməmişdir. Məhkəmə iddiaçının tələb etdiyi borcun gecikdirilməsinə görə 2000 ABŞ dolları məbləğində faiz ilə bağlı qeyd edir ki, tələbin qanuni əsası kimi Mülki Məcəllənin 445.7-ci maddəsi çıxış edir. Həmin maddəyə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Cavabdeh Ağalarov Ruslan iddiaçıdan borc aldığı məbləğin 40 000 ABŞ dolları hissəsini razılaşdırılmış vaxtadək (xx.xx.2015-ci il) qaytarmamışdır. Borcun etirafı barədə müqavilədə borcun qaytarılması üçün yeni müddət təyin edilsə də cavabdeh həmin vaxtadək də borcu qaytarmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Həmin Məcəllənin 445.9-cu maddəsinə əsasən borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün əlavə vaxt verə bilər. Əgər borclu həmin əlavə vaxt ərzində öhdəliyi icra edərsə, o, icranı gecikdirmiş sayılmır. Mülki Məcəllənin 445.9-cu maddəsindən göründüyü kimi öhdəliyin icrası üçün əlavə vaxtın verilməsi yalnız həmin vaxt ərzində öhdəlik icra edildikdə gecikməni və onun hüquqi nəticələrini aradan qaldırır. Əlavə vaxt ərzində öhdəlik icra edilmədikdə isə öhdəlik elə əvvəldən gecikdirilmiş hesab olunmalıdır. Bu baxımdan iddiaçının tələb etdiyi 2 000 ABŞ dollaı gecikdirmə faizi faktiki və hüquqi baxımdan əsaslıdır. Belə ki, gecikdirilən borcun 40 000 ABŞ dolları olduğunu nəzərə aldıqda, təkcə bir il üçün gecikmə faizi 2 000 ABŞ dolları (40 000/100x5) təşkil edir. Cavabdeh isə borcu ümumilikdə 5 ildən artıq müddətdə gecikdirmişdir. İddiaçı digər Cavabdeh2 da müştərək qaydada 42000 ABŞ dolları pulun alınıb ona verilməli olmasını iddia etsə də, Cavabdeh2 ilə hər hansı borc münasibətlərinin olması, ümumiyyətlə bu öhdəliyə görə Cavabdeh2 da məsuliyyət daşıması ilə bağlı hər hansı sübut təqdim edə bilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh2 münasibətdə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.2-ci maddəsinin tələbinə əsasən əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunu şərtləndirildiyi hallardan başqa, o manatla ödənilir. Müqavilədə pul öhdəliyinin mütləq olaraq xarici valyutada icra edilməsinin şərtləndirilmədiyi müəyyən edilmişdir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh X3 40000 (qırx min) ABŞ dolları borc məbləği və 2 000 (iki min) ABŞ dolları borcun gecikdirilməsinə görə faiz məbləği ödəniş anına Azərbaycan manatına məzənnəsi ilə manat ekvivalentində tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. İş üzrə məhkəmə xərci iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumundan ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumunun əvəzi cavabdeh X3 tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 357-361-ci maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh X3 40000 (qırx min) ABŞ dolları borc məbləği və 2 000 (iki min) ABŞ dolları borcun gecikdirilməsinə görə faiz məbləği ödəniş anına Azərbaycan manatına məzənnəsi ilə manat ekvivalentində tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Qocayev
Məhkəmə qərarları › İş №2(043)-1210/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1210/2020
23.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver