Məhkəmə qərarları › İş №2(043)-1215/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1215/2022

04.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1215/2022 04.05.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi Qocayev Tural Şəmsi oğlu İddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi üzrə mülki işə baxaraq m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" Kommersiya Bankı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 607,7 manat əsas borc, 108,28 manat faiz borcu, 7,06 manat cərimə olmaqla, cəmi 723,04 manat kredit borcunun, 0,40 manat xidmət haqqının və ərizənin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun kreditor "xxxx" KB ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış 1185nkGNDJ/20 saylı kredit müqaviləsinə əsasən sonuncuya istehlak məqsədləri üçün 33 ay müddətinə, illik faiz dərəcəsi 25% ödəmək şərtilə 704 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin kredit alan müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuşdur. Kreditin məqsədi təyinatı: 23.06.2018-ci il tarixli 3976sGND/18 saylı müqavilənin bağlanması, məbləğ 703,55 manat. Müqavilənin 3.1-ci bəndinə əsasən, “Borcalan” kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsini l(bir) təqvim günündən çox gecikdirdikdə həmin gündən başlayaraq “Bank” “Borcalan”a qarşı kredit üzrə əsas borcun ödənilməsinin gecikdirildiyi hər təqvim günü üçün ödənilməli olan əsas borc məbləğinin illik 40% miqdarında cərimə tətbiq edir. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin 17 yanvar 2022-ci il tarixinə kredit müqaviləsi üzrə "xxxx" KB ASC-yə 607,7 manat əsas, 108,28 manat faiz borcu, 7,06 manat cərimə borcu olmaqla, cəmi 723,04 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehə 31 mart 2022-ci il tarixli bildiriş göndərməklə ona iddia tələbinə dair əsaslandırılmış etirazını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunsa da cavabdehdən iddiaya dair etiraz daxil olmamışdır. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Ərizəyə əlavə edilmiş iddiaçı ilə cavabdeh arasında bağlanmış 02.11.2020-ci il tarixli, 1185GNDJ/20 saylı kredit və bank hesabı müqaviləsinin surətindən görünür ki, "xxxx" KB ASC tərəfindən cavabdehə istehlak məqsədləri üçün 33 ay müddətinə illik 25% ödəmək şərtilə 704 manat məbləğində kredit verilmişdir. Müqavilənin 1.1-ci bəndinə görə, borcverən müqavilədə qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilənin 3.1-cü bəndinə əsasən, “Borcalan” kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsini 1 (bir) təqvim günündən çox gecikdirdikdə həmin gündən başlayaraq “Bank” “Borcalan”a qarşı kredit üzrə əsas borcun ödənilməsinin gecikdirildiyi hər təqvim günü üçün ödənilməli olan əsas borc məbləğinin illik 40% miqdarında cərimə tətbiq edir. Ərizəyə əlavə edilmiş 17 yanvar 2022-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin banka olan borcu-əsas məbləğ üzrə 607,7 manat, 108,28 manat faiz borcu, 7,06 manat cərimə borcu olmaqla, cəmi 723,04 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Göründüyü kimi cavabdeh müqavilə üzrə öhdəliyini lazımi qaydada icra etməmiş və bunun nəticəsində iddiaçıya borcu yaranmışdır. Cavabdeh əsas və faiz borcunu vaxtında ödəməmiş, bununla da iddiaçının gecikdirilmiş məbləğə görə müqavilənin şərtlərinə uyğun olaraq dəbbə pulu tələb etmək hüququ yaranmışdır. İddiaçının iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilməlidir. İddia tam təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu və 0,40 manat xidmət haqqının əvəzi cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5, 284-6, 357-360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia təmin edilsin. Cavabdeh 02.11.2020-ci il tarixli, 1185nkGNDJ/20 saylı kredit müqaviləsi üzrə 607,7 manat əsas borc, 108,28 manat faiz borcu, 7,06 manat dəbbə pulu olmaqla, cəmi 723,04 manat (yeddi yüz iyirmi üç manat, dörd qəpik) borc və ərizənin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun və bank xidmət haqqının əvəzi qismində 30,40 manat (otuz manat qırx qəpik) pul tutularaq "xxxx" X1 Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar