Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-1222/2021 11.03.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi Qocayev Tural Şəmsi oğlu İddiaçı Cavabdeh qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyünə baxaraq m ü əy y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxsus olan “Dostluq” idman sağlamlıq mərkəzinə vurulmuş zərərə görə cavabdehdən 14700 manat və obyektin bərpası üçün 700 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini nəzərdən keçirib hesab edirəm ki, iddia ərizəsinə müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə edilmədiyindən və iddia ərizəsinin forma və məzmununa dair tələblərə riayət edilmədiyindən ərizə geri qaytarılmalıdır. İddiaçı cavbadehdən ümumilikdə 15400 manat pul tələb edir. Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddiaçı 30 manat dövlət rüsumu ödəməli olduğu halda iddia ərizəsinə 10 manat dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə etmişdir. Eyni zamanda müəyyən olunur ki, həmin qəbz X2 adlı şəxs tərəfindən başqa bir işlə əlaqəli olaraq Şəmkir Rayon Məhkəməsinə iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun qəbzidir. Bundan başqa iddiaçı iddia ərizəsində ərizəyə hökmün surətinin, şəxsiyyət vəsiqəsinin surətinin, yaşayış yerindən arayışın və 20 ədəd fotoşəkilin əlavə edidiyini göstərsə də ərizəyə həmin sənədlər yox, siyahıda göstərilməyən, X1 aid olan, icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarın və aktın, Şəmkir rayonu Keçili kənd bələdiyyəsinin yerquruluşu planından çıxarışın, Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətləri və 11 saylı Şəmkir Layihə Tədqiqat İdarəsinin arayışı əlavə edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.5-ci maddəsinə əsasən iddia ərizəsində ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 267-269-cu maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı Cavabdeh qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçı izah edilsin ki, göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra təkrarən ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tural Qocayev
Məhkəmə qərarları › İş №2(043)-1222/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-1222/2021
11.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver