Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1237/2020 30.11.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «dəymiş maddi zərərin ödənilməsi» tələbinə dair mülki işə baxaraq, məhkəmə müəyyən e t d i: İddiaçı Cavabdeh qarşı dəymiş maddi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun evinə çirkab suyun axıdılması nəticəsində dəymiş ziyanın əvəzi kimi 7 000 (yeddi min) manat məbləğində pulun tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 mənzil 6 saylı ünvanda yerləşən mənzil İddiaçı məxsusdur. İddiaçı məxsus mənzilin üstündə yaşayan Cavabdeh yaşadığı mənzildən axan çirkab suyun nəticəsində, onların bütün yay uzunu 4 ay ərzində kredit götürüb əsaslı təmir etdirdikləri, yəni tam sökülüb təzə tikinti materialları ilə əhatə olunmuş tam əsaslı təmirli mənzilin, divarları, divara düzülmüş kafellər, qaz plitkası, tavandakı lambirinlər, lambirinlərin arasında quraşdırılmış işıq, mətbəx mebeli, mətbəxdə və hamamda divara vurulmuş kafellər, suvaq və kafel altı elektrik xəttləri çirkab suyun axması nəticəsində sıradan çıxmışdır. Divarlarda təzə düzülmüş kafel, metlaq, çirkab suyun nəmişliyindən, divardan aralanmışdır. Tavanda olan lambirinlərin arasında olan lampaların içərisinə su dolmuşdur. Suvaq altı elektrik xəttləri çirkab suyun sızmasından nəmlənib tok buraxır. Partlayış olmasından qorxaraq işıqları yandıra bilmirlər. Buna görə də qaranlıqda qalmışdılar. Hamamda yuyunmaq olmur, qaranlı olur və suya tok keçir. Bundan başqa 800 manata yığdırılmış mətbəx mebeli sıradan çıxmış, divardan qopub düşmək üzrədi. Mətbəxdə yemək bişirilən zaman qazanın içinə çirkab su tökülür. Təzə kreditlə aldığı soyuducunun üstü və kənarları iyrənc vəziyyətə düşmüşdür. Evdə anti sanitariya vəziyyəti yaranmışdır. 3 ay bundan əvvəl tam əsaslı təmir olunmuş ev, cavabdehin mənzilindən axan çirkab suyun vurduğu ziyana görə, hamam və mətbəx yenidən əsaslı təmir olunma həddinə catmışdır. Cavabdehə dəfələrlə müraciət olunmasına baxmayaraq o buna məhəl qoymur, gah imkanının olmadığını, gahda “yaxşı edirəm” ifadəsini işlədir. Cavabdeh vurduğu ziyanı ödəmək istəmir. Cavabdeh öz kanalizasiya çirkab su xəttini düzəltməkdən bir sözlə imtina edir. Onlar 10 saylı Mənzil İstismar Sahəsinin rəisinə və Kəpəz rayon Polis Şöbəsinə ərizə ilə müracət etmişdilər, cavabdehə bir neçə dəfə xəbərdarlıq olunmuş, lakin buna baxmayaraq cavabdeh heç nəyə məhəl qoymadan öz kanalizasiya çirkab su xəttini təmir etməmişdir. Cavabdeh əksinə, öz çirkab su axınını dahada gücləndirmişdir. İddiaçının evində həyat yoldaşı 1-ci qrup əlildir. Evin təmiri üçün bankdan kredit götürmüşdür. Bu göstərilən hallara görə iddiaçı, cavabdehdən onun mənzilinə dəymiş ziyan kimi 7000 manat pulun tutulmasına dair məcburiyyət qarşısında qalmışdır. İddiaçının evinə, cavabdehin evindən neçə illər bundan əvvəl də çirkab su axmışdır, lakin sonra su axımı dayanmışdır. İddiaçı evində 3 ay bundan əvvəl yalnız hamam və mətbəxin əsaslı təmirinə 7000 manat kredit və borc alaraq pul xərcləmişdir. Cavabdehin mənzilindən çirkab suyun axması nəticəsində hamam və mətbəx tam sıradan çıxıb korlanmışdır. Ona görə də 7000 manat pul cavabdehdən evə dəyən ziyan kimi tutulub iddiaçıya ödənilməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərlə uyğun izahat verib, əlavə olaraq göstərdi ki, iş üzrə keçirilmiş ekspertiza rəyində göstərilən ziyan məbləğinə hər hansı bir etirazı yoxdur. Məhkəmə iclasında iştirak edən cavabdeh ekspertiza ilə müəyyən edilmiş zərər məbləği ilə razıdır. Lakin iddiaçının mənzilinə zərəri qəsdən vurmamışdır. Mənzilində təmir işləri aparmaq üçün maddi imkanı olmadığından döşəmənin altındakı boruların dəyişdirilməsini təmin edə bilməmişdir. Hazırda onun mənzilindən iddiaçının mənzilinə su axıdılmır və bundan sonra da suyun axıdılmaması üçün diqqət göstərəcəkdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə olunmuş İddiaçı məxsus şəxsiyyət vəsiqəsinin surətindən və xx.xx.2020-ci il tarixli, 473 nömrəli arayışdan görünür ki, İddiaçı Gəncə şəhəri, D.Qorqud küçəsi, bina 26A, mənzil 6-da qeydiyyatdadır və yaşayır. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2020-cı il tarixli, 10/1210 nömrəli məhkəmə tikinti-texniki ekspertizasının rəyinin nəticə hissəsindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Dədə Qorqud küçəsi, ev 26A ünvanda yerləşən İddiaçı məxsus 6 saylı mənzilin divardakı su sızma işlərini, iş materiallarında olan məlumatlarında olan məlumatları (video disk) nəzərə alaraq, mübahisəli 6 saylı mənzilinə yuxarı mərtəbədə yerləşən 9 saylı mənzildən su sızması müəyyən olunur. Tədqiq olunan 6 saylı mənzildə su sızma nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli bərpa işlərinin dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq təqribən 312 manat məbləğində olduğu müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2020-cı il tarixli, 10/1210 ekspert rəyi üzrə ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 170.1-ci maddəsinə əsasən iki tərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.2-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Beləliklə, iş üzrə keçirilmiş ekspertiza rəyinə əsasən iddiaçının mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Dədəd Qorqud küçəsi, ev 26A, 6 nömrəli mənzilə yuxarı mərtəbədə yerləşən cavabdehin istifadəsində olan 9 saylı mənzildən suyun sızması müəyyən edilmişdir ki, bununla da, cavabdeh tərəfindən iddiaçıya münasibətdə mülki hüquq pozuntusuna yol verilmişdir. Buna görə də, məhkəmə hesab edir ki, iddia tələbi ekspert rəyi ilə müəyyən edilmiş vurulmuş zərər məbləği həddində təmin edilməlidir. Bundan başqa, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107 və 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Məhkəmə, ekspertiza tədqiqatının dəyəri olan 100 manat pulun cavabdehdən tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və onlardan istifadə etmişdir; 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini əldə rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh mənzilə vurulmuş zərərin əvəzi qismində 312 (üç yüz on iki) manat pul tutularaq, İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə xərcləri qismində iş üzrə keçirilmiş ekspertizanın dəyəri olan 100 (bir yüz) manat pul vəsaiti Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ ******************** SWİFT BİK CTREAZ 22 saylı hesaba) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Qocayev
Məhkəmə qərarları › İş №2(043)-1237/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1237/2020
30.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver