Məhkəmə qərarları › İş №2(043)-1248/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1248/2020

12.06.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1248/2020 12.06.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia qaldıraraq, Cavabdeh cinayət yolu ilə vurduğu zərərin əvəzi kimi 22 600 manat pulun tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 2018-ci ilin oktyabr ayında Cavabdeh onun etibarından sui-istifadə etməklə və aldatma yolu ilə ona dövlət tərəfindən güzəştli şərtlərlə sosial yardım verilməsi və ipoteka ilə mənzil almasına köməklik göstərəcəyini vəd edib ondan vahid niyyətlə 2018-ci ilin oktyabr ayında iki dəfəyə 7 000 manat, 2018-ci ilin noyabr ayında 5000 manat, 2018-ci ilin dekabr ayında yenə 5000 manat pulunu ələ keçirib ona 17 000 manat ziyan vurmuşdur. Bundan başqa Cavabdeh təkrarən onun etibarından sui-istifadə etməklə və aldatmaqla ona “Kapitalbank”dan kredit almasına kömək edəcəyini vəd edərək 2019-cu ilin mart ayında 5600 manat pulunu ələ keçirmişdir. Beləliklə Cavabdeh ümumilikdə ona 22600 manat ziyan vurmuşdur. Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmiş və öz təqsirini etiraf etmişdir. Cavabdeh ona vurduğu ziyanı ödəməmişdir. O, cinayət işinə baxılan zaman mülki iddia verməmişdir. Hazırda cavabdehin ona vurduğu ziyanın qaytarılmasını tələb edir. İddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də, məhkəməyə gəlməmiş, lakin məhkəməyə ərizə göndərərək mülki işə onun iştirakı olmadan baxılmasını və iş üzrə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh həbsdə saxlanıldığı, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına iddia ərizəsinin surəti və məhkəmə bildirişi göndərilmiş, eləcə də cavabdehin məhkəmə iclasında iştirak etmək istədiyi halda məhkəməyə məlumat verilməsi xahiş olunmuşdur. Lakin, cavabdeh iddiaya dair hər hansı münasibət bildirməmiş və məhkəmə iclasında iştirak etmək istəyini bildirməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işin faktiki hallarını araşdırıb və məhkəmə iclasında tədqiq edilmiş sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 1(006)-34/2020 saylı hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4cü maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi hökm edilmiş, həmin hökmlə Cavabdeh İddiaçı etibarından sui-istifadə etməklə və aldatma yolu ilə ona dövlət tərəfindən güzəştli şərtlərlə sosial yardım verilməsi və ipoteka ilə mənzil almasına köməklik göstərəcəyini vəd edib ondan vahid niyyətlə 2018-ci ilin oktyabr ayında iki dəfəyə 7 000 manat, 2018-ci ilin noyabr ayında 5000 manat, 2018-ci ilin dekabr ayında yenə 5000 manat pulunu ələ keçirib ona 17 000 manat ziyan vurması, bundan başqa Cavabdeh təkrarən İddiaçı etibarından suiistifadə etməklə və aldatmaqla ona “Kapitalbank”dan kredit almasına kömək edəcəyini vəd edərək 2019-cu ilin mart ayında 5600 manat pulunu ələ keçirməsi iddiaçıya ümumilikdə 22 600 manat məbləğdə maddi ziyan vurması müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 65.4-cü maddəsinin tələbinə görə, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə baxılarkən məhkəmə üçün yalnız hadisənin və təqsirləndirilən şəxsin ona aidiyyəti olub-olmaması hissəsində məcburidir. İddianın təmin edilməsi hüququnu təsdiq edən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mülki işə baxılarkən məhkəmə üçün bu hissədə məcburidir. Məhkəmə baxışında müəyyən edilmişdir ki, cavabdeh qanuni qüvvəyə minmiş məhkəmə hökmünə əsasən iddiaçıının etibarından sui-istifadə etməklə və onu aldatmaqla 2018-ci ilin oktyabr-noyabr aylarında və 2019-cu ilin mart ayında ümumilikdə 22600 manat pulunu ələ keçirmişdir. Qeyd olunan hallar cavabdeh tərəfindən cinayət işinə baxılarkən etiraf edilmiş, eyni zamanda Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş hökmü ilə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinin tələbinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər) və s. başa düşülür. Göstərilənlər baxımından məhkəmə hesab edir ki, cavabdeh iddiaçıya mülki hüquq pozuntusu nəticəsində vurduğu zərərin tam həcmdə ödənilməsi öhdəliyini daşıyır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 357-361-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh vurulmuş zərərin əvəzi kimi 22 600 (iyirmi iki min altı yüz) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar