Məhkəmə qərarları › İş №2(043)-1255/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-1255/2022

06.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-1255/2022 06.04.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Mən, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi İmanov Zaman Şakir oğlu, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinin məhkəmə icrааtının mümkünlüyü məsələsinə məhkəmə binаsındа, məhkəmə iclаsındаn kənаr аyrıcа prоsessuаl qаydаdа bаxаrаq müəyyən etdim: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizə məhkəmənin icraatına qəbul edilmədən geri qaytarılmalıdır. Məhkəməyə təqdim edilmiş iddia ərizəsi iddiaçı tərəfindən imzalanmadan və tərəflərin sayına uyğun məhkəməyə təqdim edilmişdir. Bundan sonra məhkəməyə təqdim edilmiş iddia ərizəsinin qoşma hissəsində sübutların siyası göstərilmədən məhkəməyə müraciət olunmuşdur. Həmçinin, iddia ərizəsində cavabdehin yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı) barədə sübut əlavə edilməmiş və həmin şəxsin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi) iddia ərizəsində göstərilməmiş və həmin şəxslərin şəxsiyyətinin müəyyən edilməsi üçün iddia ərizəsinə hər hansı bir sənəd əlavə edilməmişdir. Buna görə də iddiaya cavab verməli olan şəxsin kimliyini müəyyən etmək mümkün deyildir. Bununla da müəyyən olunur ki, iddia ərizəsinin formasına və məzmununa dair tələblərə əməl edilmədən məhkəməyə verilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 09.07.2021-ci il tarixli Qanunun 1.4-cü maddəsinə əsasən “Dövlət rüsumu haqqında” Qanunun 8-ci maddəsi yeni redaksiyada verilmişdir. Həmin Qanunun 8.1.2-ci maddəsində qeyd edilmişdir ki, məhkəməyə verilən iddia ərizələrində iddianın qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat və 1000 manatdan yuxarı olan iddianın qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Belə olan halda məhkəmə hesab edir ki, hazırki iddia üzrə iddianın qiyməti 8.980 manat olduğundan, iddiaçı 57,5 manat (30 manat + 3.750 manatın 1 faizi) məbləğində dövlət rüsumu ödəməli idi. Lakin, iddia ərizəsinə heç bir mədaxil qəbzi əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinin tələbinə əsasən, iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) iddia ərizəsində göstərilməlidir. Həmin Məcəllənin 149.2.3-cü maddəsinə əsasən, iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. Həmin Məcəllənin 150.0.2-ci maddəsinə əsasən, dövlət rüsumunun ödənilməsi haqqında sənəd iddia ərizəsinə əlavə edilir. Həmin Məcəllənin 150.1.1-ci maddəsinə əsasən cavabdehlərin və üçüncü şəxslərin sayına görə iddia ərizəsinin surətləri (iddia ərizəsi elektron formada verildiyi hal istisna olmaqla). Həmin Məcəllənin 152.1.1-ci maddəsinin tələbinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Həmin Məcəllənin 152.4.-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149, 152, 263-264, 268-ci maddəsini rəhbər tutaraq, qərar verdim: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılmasına əsas olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməsinə mane olmur. Qərardaddan, rəsmi qaydada verildikdən 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə yazılı şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar