Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-126/2022 15.03.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Aslanov Eltun Elman oğlunun katibliyi, İddiaçı, Cavabdeh Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “maddi zərərin ödənilməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən mənzilinə suyun axıdılmasının dayandırılması, dəymiş ziyanın əvəzi olaraq cavabdehdən 1265 manatın və məhkəməyə ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2015-ci il tarixdə Gəncə şəhəri, Kəpəz rayonu, Sədi küçəsi, bina 33, 53 ünvanda yerləşən mənzili alqı-satqı müqaviləsinə əsasən almışdır. Mənzil alınarkən təmirsiz olmuşdur. Evini qızının toy mərasimi ilə əlaqədar tam təmir etdirmişdir. 26.08.2021-ci il tarixdə üst mərtəbədə yerləşən mənzildən pis qoxulu su axıdılmışdır. Suyun axıdılması ilə əlaqədar DİN-nin 102 xidmətinə müraciət etmişdir. Şikayəti əsasında müraciətinin mülki xarakterli olması və məhkəməyə müraciət etməli olduğu göstərilmişdir. Həmçinin, Gəncə şəhəri MKTİB-nin 13 nömrəli Xidmət sahəsinə müraciət etmişdir. Müraciəti əsasında 04.09.2021-ci il tarixdə Gəncə şəhəri MKTİB-nin 13 nömrəli Xidmət sahəsinin rəisi və müfəttişlərinin iştirakı ilə akt tərtib edilmişdir. Qeyd olunan aktla göstərilir ki, “Sədi küçəsi, bina 33, mənzil 53 ünvanına baxış keçirildi, məlum oldu ki, həqiqətən Sədi küçəsi, bina 33, mənzil 53 ünvanına üst mərtəbədən Sədi küçəsi, bina 33, mənzil 17 ünvanından su axmışdır. Nəticədə həmin ünvanın tavan hissəsinə ziyan dəymişdir”. Həmin mənzildə isə cavabdeh ailəsi ilə birlikdə yaşayır. Cavabdehə evinə vurulmuş ziyanın aradan qaldırılması üçün dəfələrlə müraciət etməsinə baxmayaraq hər hansı addım atmır. Dəymiş ziyanla bağlı onu bildirmək istəyir ki, su axıdılması nəticəsində qonaq otağının tavanı yararsız hala düşmüş, əlavə olaraq 400 manat dəyərində Türkiyə istehsalı olan gəvəsi suyun axması nəticəsində sapsarı saralmış, dözülməz ifunət iyi vermişdir. Nəticədə həmin gəvəni zibilliyə atmaq məcburiyyətində qalmışdır. İndi isə cavabdeh nə evini təmir edir, nədəki gəvənin qiymətini ödəyir. Həmçinin, cavabdeh şikayətindən sonra da, su axıtmışdır. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, iş üzrə keçirilmiş ekspertiza rəyində göstərilən məbləğlə razıdır. Bundan başqa, hazırda cavabdehin yaşadığı evdən onun evinə su sızması halları baş vermir. İddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında bildirdi ki, anasının mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən mənzildə uzun müddəti yaşayır və istifadə edir. Həmin ünvanda ailəsi ilə birlikdə yaşayır. İddiaçı isə onun qonşuluğunda, həmin binanın 53 saylı mənzilində yaşayır. İddiaçının iddia tələbi əsassızdır, çünki onun istifadəsində olan mənzildən iddiaçının mənzilinə cəmi bir dəfə, 26.08.2021-ci il tarixdə diqqətsizlikləri üzündən su axmış, dərhal da bunun qarşısı alınmışdır. Bundan başqa, onun istifadəsində olan mənzildən iddiaçının mənzilinə heç vaxt su axmamışdır. Onun tərəfindən nə iddiaçının mənzilinə nə də əşyalarına heç bir zərər vurulmamışdır. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə, tərəflərin izahatlarını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, ünvan 3 ünvanında yerləşən mənzil İddiaçı xüsusi mülkiyyətindədir. İddiaçı, mülkiyyət hüququ əsasında ona məxsus olan mənzilə cavabdehin istifadəsində olan mənzildən axan suyun onun mənzilinə və məişət əşyasına (xalçasına) zərər vurduğunu bildirərək, cavabdeh tərəfindən ona vurulmuş ziyanın əvəzinin ödənilməsini tələb etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh isə izahatında hazırda onun istifadəsində olan mənzildən iddiaçının mənzilinə su axıdılmadığını, onun tərəfindən iddiaçının mənzilinə və əşyalarına heç bir ziyan vurulmadığını bildirmişdir. İş materiallarında olan Gəncə şəhər MKTİB-in 13 nömrəli Mənzil Xidmət Sahəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 04.09.2021-ci il tarixli aktdan görünür ki, həqiqətən ünvan 4 ünvanında yaşayan İddiaçı mənzilinə baxış keçirilmiş və aşkar olunmuşdur ki, mənzilə həqiqətən üst mərtəbədən həmin binanın 17 saylı mənzilindən su axması nəticəsində mənzilin tavan hissəsinə ziyan dəymişdir. İş üzrə keçirilmiş məhkəmə-tikinti-texniki ekspertizasının 18.11.2021-ci il tarixli 10/5571 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilən 5x3 ölçülü xalçanın kimyavi təmizlənməsinə çəkiləcək xərc 60,0 manat müəyyən olunur. Gəncə şəhəri Kəpəz rayonu, Sədi küçəsi, 33 saylı yaşayış evinin 53 saylı mənzilin tavanı üzərində su sızma ləkələrini, eləcə də mülki iş materiallarında olan Gəncə şəhəri 13 saylı MKTİB-in əməkdaşları tərəfindən tərtib edilmiş 04.09.2021-ci il tarixli aktın məlumatlarını nəzərə alaraq, Gəncə şəhəri Kəpəz rayonu, Sədi küçəsi, 33 saylı yaşayış evinin 53 saylı mənzilinə yuxarı mərtəbədəki 17 saylı mənzildən suyun sızması müəyyən olunur. Lakin, 17 saylı mənzillin qapısı bağlı olduğundan, həmin mənzilə baxış keçirilməsi mümkün olmamış və bu səbəbdən də 53 saylı Mənzilə dəymiş ziyanın texniki səbəbini müəyyən etmək mümkün olmamışdır. Gəncə şəhəri Kəpəz rayonu, Sədi küçəsi, 33 saylı yaşayış evinin 53 saylı mənzilinin tikililərində su sızma nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmir bərpa işlərinin dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq təqribən 491,0 manat məbləğində olduğu müəyyən edilir. Azərbaycan Republikası MPM-in 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Göstərilənlərə əsasən məhkəmə ekspertiza tədqiqatları nəticəsində verilmiş rəyi sübut növü kimi qəbul edir və onunla razılaşır. Belə ki, ekspert rəyindən göründüyü kimi, iddiaçıya məxsus Gəncə şəhəri Kəpəz rayonu Sədi Şirazi küçəsi, bina 33-da yerləşən 53 saylı mənzilin üzərində həmin binada yerləşən 17 nömrəli mənzil yerləşir. Həmin mənzildən su sızmaları baş vermiş və su sızmaları nəticəsində iddiaçıya məxsus mənzilə zərər vurulmuşdur. Yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir-tikinti işlərinin ümumi qiyməti 491 manat məbləğində, həmçinin mənzildə olan xalçaya dəyən ziyanın aradan qaldırılması üçün çəkiləcək xərc 60 manat hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.2-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1098.2-ci əgər vurulmuş zərər onu vurmaqda davam edən və ya yeni zərər vurulması təhlükəsi törədən binanın, qurğunun istismarının və ya digər istehsal fəaliyyətinin nəticəsidirsə, məhkəmə cavabdehin üzərinə zərərin əvəzini ödəməkdən əlavə, müvafiq fəaliyyəti dayandırmaq və ona xitam vermək vəzifəsini də qoya bilər. 1111.2-ci əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətinin hüquqi əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsi təşkil edir. Bununla bağlı, cavabdehin təqsirli olaraq törətdiyi hüquqa zidd əməl, yəni mülki hüquq pozuntusu nəticəsində iddiaçıya mənzilinə və məişət əşayasına təmir-bərpa üçün cəmi 551 manat məbləğində zərər vurulması faktı mötəbər sübutlarla təsdiq olunduğundan, vurulmuş zərərin əvəzi kimi 551 manat məbləğində pul cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iddianın cavabdeh tərəfindən mənzilinə suyun axıdılmasının dayandırılması hissəsini araşdıraraq hesab edir ki, iddia həmin hissədə təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında tərəflərin izahatları ilə müəyyən olundu ki, cavabdehin istifadəsində olan mənzildən əvvəllər iddiaçının mülkiyyətində olan mənzilə su sızması nəticəsində maddi ziyan dəysə də, hazırda həmin su sızması müşahidə olunmur. Odur ki, mövcud olmayan mülki hüquq pozuntusunun aradan qaldırılması tələbi də təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Bununla yanaşı, məhkəmə hesab edir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri kimi 100 (yüz) manat pul da cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 551 (beş yüz əlli bir) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat pul alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ41NABZ********************) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №2(043)-126/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-126/2022
15.03.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver