Məhkəmə qərarları › İş №2(043)-1303/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1303/2022

24.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1303/2022 24.05.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən onlara borc olaraq verdiyi 2500 manat pulun və dövlət rüsumu kimi ödədiyi 45 manat pulun tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehləri Bakı-Gəncə marşrutu üzrə taksi sürücüləri kimi tanıyır. 2021-ci ilin mart ayında cavabehlər ona bildirmişlər ki, onların maşınlarının motoru düzəlməlidir, ona görə də bir aylığa onlara 2500 manat pul lazımdır. O da onlarla tanış olduğundan özündən və tanışından 2500 manat pul düzəldib onlara vermişdir. Aradan bir ay keçdikdən sonra pulunu istəmiş, lakin cavabdehlər bildirmişlər ki, bir aya düzəldib verəcəklər. Beləliklə, artıq bir ildir ki, cavabdehlər aldıqları 2500 manat pulu qaytarmırlar. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, ondan 2500 manat pulu borc kimi Cavabdeh1 istəmişdir. Belə ki, Cavabdeh1 ona zəng edərək maşınının motorunu düzəltmək üçün ona pul lazım olduğunu və bir ay müddətinə qaytarmaq şərti ilə 2500 manat borc istəmişdir. O da həmin pulu düzəldə biləcəyini və bir ay müddətinə ona verə biləcəyini demişdir. Pulu düzəltdikdən sonra Akifə zəng edərək pulu düzəltdiyini demiş, Akif də həmin pulu Elsevərə verməsini demişdir. Akifə sözünə görə o, 2500 manat pulu Akifə çatdırması üçün Elseverə vermişdir. Lakin, bir ildən artıq müddət keçməsinə baxmayaraq, cavabdehlər borc kimi onlara verilmiş 2500 manat pulu qaytarmaq istəmirlər. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul edərək izahatında bildirdi ki, iddiaçı onun oğlu Cavabdeh2 dostudur. 2021-ci ilin mart ayında maşınının motorunu düzəltmək üçün pul lazım olduğundan iddiaçıdan 2500 manat borc istəmiş və Ayxandan pulu Elsevərə verməsini xahiş etmişdir. Pul məbləği oğlu Elsevərə verilsə də pulun ödənilməsi üçün iddiaçı qarşısında o öhdəlik götürmüşdür. Lakin, pul məbləğini birdəfəlik ödəməyə maddi imkanı yoxdur. Odur ki, pulun hissə-hissə ödənilməsini təmin edə bilər. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPMnin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə ilk öncə onu qeyd edir ki, məhkəmə iclasında tərəflərin izahatlarından müəyyən olundu ki, iddiaçı ilə Cavabdeh1 arasında şifahi borc müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı cavabdehə 2500 manat pulu borc kimi verməsini öhdəsinə götürmüşdür. İddiaçı həmin pul məbləğini Cavabdeh1 tapşırığı əsasında Cavabdeh2 təqdim etsə də, şifahi qaydada bağlanmış borc müqaviləsinin borcalan kimi tərəfi Cavabdeh1 olmuş, pulun ödənilməsi üçün öhdəliyi iddiaçı qarşısında o üzərinə götürmüşdür. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının borc kimi verdiyi pul məbləğini Cavabdeh2 tələb etməsinin heç bir hüquqi əsası yoxdur. O, həmin pul məbləğini yalnız Cavabdeh1 tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutetmə vəzifəsinin bölgüsü baxımından borc müqaviləsi üzrə pulun verildiyini və verilən pulun məbləğini iddiaçı, pulun qaytarıldığını və qaytarılan pulun məbləğini isə cavabdeh sübut etməlidir. İddiaçı, 2500 manat məbləğində pulun cavabdehə verilməsini təsdiq edən sübutu, yəni Cavabdeh1 borcunu etiraf etməsi barədə səs yazılarıı olan diski məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş həmin səs yazıları ilə müəyyən olunur ki, Cavabdeh1 iddiaçıdan 2500 manat pulu borc kimi aldığını etiraf etmiş, başı işlərinə qarışıq olduğundan həmin pulu tezliklə qaytaracağına söz vermişdir. Cavabdeh isə məhkəmə iclasında borc kimi aldığı pul məbləğini iddiaçıya qaytarmasına dair sübutlarını məhkəməyə təqdim etməmiş, əksinə izahatında həmin pulu bir dəfəyə verməyə maddi imkanının olmadığını, borcunu hissə-hissə qaytaracağını demişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsində qeyd olunur ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, cavabdehlərdən Cavabdeh1 iddiaçıdan 2021-ci ilin mart ayında borc kimi aldığı 2500 manat pulu bir ay ərzində ona qaytarmalı olmasına dair vəzifənin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh pul vəsaitini iddiaçıya qaytarmalı olmasına dair vəzifəsini icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı mövcud tələblə məhkəməyə müraciət etməkdə haqlıdır. Buna görə də iddia qismən təmin edilməli, 2500 manat məbləğində pul Cavabdeh1 alınaraq İddiaçı verilməlidir. Məhkəmə, həmçinin məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik normasına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissəsinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, iddiaçı tərəfindən dövlət rüsumunun əvəzi kimi ödənilmiş 45 manat pul Gavabdeh Cavabdeh1 alınaraq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 2500 (iki min beş yüz) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 45 (qırx beş) manat pul alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar