Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1309/2022 12.05.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Zaman Şakir oğlunun sədrliyi, X3 iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması və əlavə xərclərin ödənilməsi” tələbinə dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması və əlavə xərclərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehə qarşı qaldırdığı alimentin miqdarının artırılmasına dair iddiasının təmin edilməsi, yəni əvvəl müəyyən olunmuş Göygöl rayon Məhkəməsinin 15.12.2017-ci il tarixli, 2(066)-2575/2017 saylı qətnaməsinə əsasən Cavabdeh ilə birgə nikahlarından olan övladları 01 aprel 2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh onun xeyrinə bir uşağa görə hər ay olmaqla 100 (bir yüz) manat müəyyən edilmiş sabit pul məbləğində alimentin miqdarı artırılaraq bir uşağa görə hər ay 193 manat sabit pul məbləğində müəyyən edilərək, cavabdehin gəlir və qazancından onun xeyrinə aliment tutulması, eləcə də cavabdehdən 100 manat miqdarında əlavə xərcə cəlb edilməklə onun xeyrinə ödənilməsi və ilkin mediasiya keçirilməsi üçün ödədiyi 50 (əlli) manat məbləğində mediasiya xərcini ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə arasında olan Göygöl Rayon Qeydiyyat şöbəsində qeyd edilmiş 13 may 2010-cu il tarixli, 87 nikah akt qeydi Göygöl Rayon Məhkəməsinin 26 oktyabr 2017-ci il tarixli, 2(066)-1703/2017 saylı qətnaməsi ilə pozulmuş və birgə nikahlarından olan övladları 01 aprel 2010-cu il təvəllüdlü X4 onun yanında qalması qət edilmişdir. Hazırda cavabdehdən ayrı yaşayır. Göygöl Rayon Məhkəməsinin 15.12.2017-ci il tarixli, 2(066)-2575/2017 saylı qətnaməsinə əsasən Nərminin saxlanması üçün hər ay 100 manat sabit pul məbləğində alimentin onun xeyrimə tutulması müəyyən edilmişdir. Uşağın saxlanılması üçün hazırda cavabdehin ödədiyi aliment həddən artıq azdır və yaşayış minimumu haqqında qanunun qoyduğu tələblərə tamamilə uyğun gəlmir. O, övladının saxlanılması üçün hər ay uşağa iki yüz manatdan çox xərc çəkir. Bundan başqa bir tərəfdən isə uşaq “Serebrial” xəstəsidir və müalicəsi üçün çəkilən bütün əlavə xərcləri də o çəkir, eyni zamanda birgə nikahlarından olan övladları 01 aprel 2010-cu il təvəllüdlü X4 5-ci sinifdə oxuyur, uşağın məktəb xərclərini, geyimlərini, digər əlavə xərclərdə o, təkbaşına çəkməli olur. Cavabdeh heç bir əlavə xərcdə ona heç bir köməklik göstərmir. Cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhər X6 İdarəsindən pensiyaya çıxıb, hər ay yüksək məbləğdə pensiya alır və eyni zamanda fərdi qaydada işləyir, yəni əlavə qazanc əldə etməklə aliment ödəmək iqtidarındadır. Odur ki, hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinə uyğun ifadə verərək bildirdi ki, iddiaçı ilə faktiki ailə münasibətlərindən doğulmuş 01 aprel 2010-cu il təvəllüdlü X1 xərcləri artdığından tək başına ödəməyə maddi imkanı çatmır. Övladı hazırlıq kurslarına getdiyindən və dərs vəsaitləri çoxaldığından uşağı saxlamaqda çətinlik çəkir. Lakin cavabdehin yüksək qazancı və gəlirləri barədə heç bir məlumatı və sübutu yoxdur. Buna baxmayaraq 01 aprel 2010-cu il təvəllüdlü X1 məhkəmə qətnaməsi ilə təyin edilmiş aliment məbləğinin artırılaraq hər ay 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməyək bildirdi ki, Göygöl Rayon Məhkəməsinin 15 dekabr 2017-ci il tarixli, 2(066)-2576/2017 nömrəli qətnaməsi ilə, iddiaçı ilə onun birgə nikahından 01 aprel 2010-cu ildə doğulmuş X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün ondan İddiaçı xeyrinə hər ay sabit pul məbləğində 100 manat aliment tutularaq, İddiaçı xeyrinə verilməsi qət edilmişdir. Yeddi ildir ki, övladını görə bilmir. Harada oxuduğunu belə bilmir. Hazırda maddi imkanı zəifdir və işləmir. Hər ay 400 manat məbləğində təqaüd alır. Həmin təqaüdün 100 manatını məhkəmə tərəfindən təyin edilmiş sabit pul məbləğində olan alimentin ödənişini edir. Təqaüdün qalan hissəsini isə gündəlik xərclərini üçün istifadə edir, eyni zamanda cavabdehlə yaşadığı dövrdə bankdan götürdüyü kreditləri ödəyir. Bu səbəbdən də aliment məbləğinin artacağı təqdirdə isə ödənişi tam olaraq edə bilməyəcəkdir. Bundan başqa uşağında heç bir xəstəlik yoxdur. Odur ki, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra, hesab edir ki, uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün sabit pul məbləğində müəyyən edilən alimentin miqdarının artırılması hissəsində iddia qismən təmin edilməlidir. Belə ki, iddia ərizəsinə əlavə olunmuş Göygöl Rayon Məhkəməsinin 15 dekabr 2017-ci il tarixli, 2(066)-2576/2017 nömrəli qətnaməsinin surətindən görünür ki, 01 aprel 2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına atana kimi saxlanılması üçün Cavabdeh iddiaçı X2 xeyrinə hər ay 100 (bir yüz) manat sabit pul məbləğində aliment tutulması, alimentin tutulması 13 noyabr 2017-ci il tarixdən başlanması qət edilmişdir. İş materiallarına əlavə edilmiş Göygöl Rayon Məhkəməsinin 26 oktyabr 2017-ci il tarixli, 2(066)-1703/2017 nömrəli qətnaməsinin surətindən görünür ki, X5 ilə Cavabdeh arasında olan Göygöl Qeydiyyat şöbəsində qeyd edilmiş 13 may 2010-cu il tarixli 87 saylı nikah akt qeydi pozulması, tərəflərin birgə nikahdan olan, yetkinlik yaşına çatmamış uşaqları, 02 noyabr 2011-ci il tarixdə anadan olmuş X4 anası, iddiaçı X2 yanında saxlanılması qət edilmişdir. İş materiallarına əlavə edilmiş AZ-İİ seriyalı, 763171 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, tərəflərin birgə nikahlarından 01 aprel 2010-cu il təvəllüdlü X4 anadan olmuşdur. Doğum haqqında Şəhadətnamədə uşağın atası Cavabdeh, anası isə İddiaçı qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş “ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi” barədə 16.03.2022-ci il tarixli, MŞG/1-00562 saylı arayışdan görünür ki, İddiaçı (alimentin artırılması və sair) müraciəti əsasında yeri və vaxtı barədə 5 iş günü əvvəlcədən poçt vasitəsilə məlumatlandırılan qarşı tərəf Cavabdeh mübahisə üzrə 16 mart 2022-ci il tarixə saat 10:30-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməməsini təsdiq edilməsi üçün verilir. Bildirir ki, İddiaçı “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15.07.2019-cu il tarixli 308 nömrəli Qərarı” ilə təsdiq edilmiş kin mediasiya zamanı mediasiya xidmətinin göstərilməsinə görə 50 (əlli) manat məbləğində xərci tam ödəmişdir. İş materiallarına əlavə olunmuş, AZ-İ seriyalı, 561466 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı arasında 13 may 2010-cu il tarixdə Göygöl rayon Qeydiyyat şöbəsində nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 87 nömrə ilə qeyd aparılmış, arvada – “Nəsibova” soyadı verilmişdir. İş materiallarına əlavə olunmuş 15.02.2019-cu il tarixli, 12 nömrə ilə qeyd edilmiş, AZ-İ seriyalı, 305861 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh ilə X5 arasında olan nikah 15.02.2019-cu il tarixində ləğv edilmiş, nikah pozulduqdan sonra, arvada – “Məmmədova” soyadı verilmişdir. Məhkəməyə təqdim edilmiş sübutların bilavasitə tədqiqi zamanı aydın oldu ki, Göygöl Rayon Məhkəməsinin 15 dekabr 2017-ci il tarixli, 2(066)-2576/2017 nömrəli qətnaməsi ilə, 13 noyabr 2017-ci il tarixdən başlayaraq, 01 aprel 2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına atana kimi saxlanılması üçün Cavabdeh iddiaçı X2 xeyrinə hər ay 100 (bir yüz) manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Lakin, həmin vaxtdan uşaq böyüdüyü və onun xərclərinin artdığı üçün qət edilmiş cəmi 100 manat məbləğdə aliment uşağın saxlanması üçün yetərli olmadığından, cavabdeh uşağın saxlanması üçün iddiaçıya əlavə maddi yardım göstərmədiyindən, İddiaçı “alimentin artırılması” tələbinə dair mediasiya şurasına müraciət etmiş, lakin cavabdehin ilkin mediasiya sessiyasında iştirak etməsinə baxmayaraq tərəflər arasında razılıq əldə olunmamış, iddiaçı “alimentin artırılması” tələbinə dair iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə baxışında iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmiş, cavabdehin tələb olunan alimenti ödəmək iqtidarında olması və Nərminin xəstəliyi ilə bağlı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Cavabdeh məhkəmə iclasında aylıq təqaüdünün az olmasını, aliment ödənişlərindən sonra təqaüdün qalan hissəsini isə gündəlik xərclərini üçün istifadə etdiyini və banka olan borcundan ödənişlər etdiyini bildirərək, iddianın tələbinin təmin edilməməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Məhkəmə iddia tələbinin azyaşlı Nərminin xəstəliyi ilə bağlı əlavə xərclərə cəlb edilməsi hissəsini əsassız hesab edərək məhkəmə qeyd edir ki, bu halı təsdiq edən sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmiş və iddia tələbi bu hissədə əsaslandırılmamışdır. Belə olduğu halda məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyasının 34-cü maddəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə görə uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 5-ci maddəsində deyilir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə görə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq huququ vardır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə görə isə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinin tələbinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinin tələbinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən olunmuşdur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli 8-2/2016 №-li Qərarının 8.14-cü bəndində məhkəmələrin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanması qeyd edilmişdir. Məhkəmə hesab edir ki, alimentin artırılması tələbi iddiaçının müəyyən etdiyi məbləğdə deyil, qismən təmin edilməlidir. Belə ki, iddiaçının cavabdehdən tələb etdiyi alimentdən təxminən dörd ildən çox vaxt keçməsi və uşaq böyüdükcə onun tələbatları və saxlanma xərclərinin artması, tərəflərin ailə və maddi vəziyyəti nəzərə alınmalıdır. Eyni zamanda məhkəmə onu da qeyd edir ki, hazırki iş üzrə alimentin məbləği artırılan zaman əvvəlki qətnamə üzrə təyin olunan alimentin məbləği ilə yeni müəyyən olunacaq alimentin məbləği arasındakı tənasüblük gözlənilməlidir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbinə görə bilavasitə məhkəmə iclasında tədqiq edilən, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, həmin sübutlar bir-birini tamamlamaqla iddiaçının tələbinin qismən əsaslı olmasına dəlalət edir. Məhkəmə yuxarıda qeyd olunan qanunvericiliyin normalarını, məhkəmə iclası zamanı müəyyən olunmuş halları, uşaqların maddi tələbat səviyyəsini, tərəflərin maddi və ailə vəziyyətini, tərəflərin gəlirləri barədə sübutların təqdim edilməməsini və habelə hazırda uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu səviyyəsini və uşağı saxlamaq vəzifəsinin hər iki valideynə aid olduğunu nəzərə alaraq, tərəflərin birgə ailə münasibətindən doğulmuş uşağın təminatının mümkün qədər maksimal saxlanması üçün iddia tələbi qismən təmin edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iş üzrə tərəflərin faktiki ailə münasibətlərindən doğulmuş 01 aprel 2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə Göygöl Rayon Məhkəməsinin 15 dekabr 2017-ci il tarixli, 2(066)- 2576/2017 nömrəli qətnaməsi ilə müəyyən edilmiş, hər ay 100 manat sabit pul məbləğində tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh hər ay cəmi 140 (bir yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı xeyrinə verilməlidir. İddia tələbi üzrə miqdarı dəyişdirilmiş (artırılmış) alimentin tutulması, qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. İddia tələbi digər hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.9-cu maddəsinə əsasən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmçinin məhkəmə hesab edir ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 (əlli) manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Mediasiyaya çəkilən xərci iddiaçı tərəfindən ödənildiyindən, cavabdehin dəvət edilməsinə baxmayaraq ilkin mediasiya sessiyasında iştirak etmədiyindən və iddianın təmin edilmiş hissəsinə münasib olaraq Cavabdeh məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər qismində 25 (iyirmi beş) manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.9-cu maddəsinə əsasən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatadək olduqda 30 manat dövlət rüsumu ödənilir. Həmin qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə məhkəməyə verilən iddia ərizələri üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə görə aliment alınması haqqında iddialarda bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinin tələbinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, İddiaçı olduğundan dövlət rüsumunun ödənilməsindən azad edildiyi üçün ona hər ay cavabdeh tərəfindən ödənilməli artırılmış hissədə 40 manat sabit pul məbləğində alimentin bir il ərzində məcmusu 480 manat təşkil etdiyindən, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.1-ci maddəsinə əsasən Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq, dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 235.1.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Göygöl Rayon Məhkəməsinin 15 dekabr 2017-ci il tarixli, 2(066)-2576/2017 nömrəli qətnaməsi ilə müəyyən edilmiş sabit pul məbləğində alimentin miqdarı artırılaraq hər ay 140 (bir yüz qırx) manat məbləğində müəyyən edilsin. 01 aprel 2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay 140 (bir yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı xeyrinə verilsin. Artırılmış hissədə alimentin tutulması, qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər qismində 25 (iyirmi beş) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(043)-1309/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1309/2022
12.05.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver