Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-131/2022 19.01.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, İddiaçı, onun etibarnamə üzrə nümayəndəsi (vəkili) X1, cavabdehlər Cavabdeh1, onun etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əmlakların dəyəri olan pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada tikdirdiyi Gəncə şəhəri Türklər qəsəbəsi 1-ci küçədə yerləşən evə görə 150000 manat pulun, markası "Ford Tranzit" yük maşının dəyəri kimi 9150 ABŞ dolları məbləğində pulun, evin bütün məişət əşyalarının yəni istilik sistemi, soyuducu, paltaryuyan, qabyuyan, mətbəx əşyaları, evin bütün qabqacaqları, 15 ədəd türk gəvəsı, təmizləyici cihaz, evin yataq dəstləri, pərdələr, stol, stul, digər əşyaların dəyəri kimi 20000 manatın və Cavabdeh1 aldığıı 200 (iki yüz) qram qızılın dəyəri kimi 16000 manat pulun alınıb ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib izahatında göstərdi ki, Cavabdeh1 ilə 2006-cı ildən birgə yaşamışlar. Cavabdehlə ər-arvad münasibətində olsalar da aralarında rəsmi nikah bağlanmamışıdır. Belə ki, 2013-cü ildə 12000 ABŞ dolları məbləğində pul ödəyib Gəncə şəhərində C.Rəfibəyli küçəsində yaşayan X6 torpaq almışdır. Torpağı aldıqdan sonra 2014-cü ildən başlayaraq evi tikdirməyə başlamışdır. Torpağı türk vətəndaşı olduğu üçün özünün yox Cavabdeh1 adına almışdır. Belə ki, evin tikintisi üçün bütün materialları da o almışdır. Materialları aldıqdan sonra evin tikintisinə başlamışdır. Tikinti aparan ustaların da xərclərini o çəkmiş, haqlarını vermişdir. Evin boyası ilə bağlı işləri isə özü etmişdir. Evin divarına qranit vurmuşdur. Belə ki, evin 2-ci mərtəbəsi tam təmir olunmuşdur. Evin bu günki bazar qiyməti ən azı 150000 manat məbləğindədir. Evin içində olan bütün mətbəx əşyalarının hamısını Türkiyədən gətirmişdir. Bunlar aşağıdakılardan ibarətdir: soyuducu, paltaryuyan, qabyuyan, televizor, 15 ədəd türk gəvəsi, su təmizləyicisi, qab-qacaq, stol-stul. Evin digər bütün əşyalarını Türkiyədən gətirmişdir, hansı ki, onların dəyəri 20000 manat təşkil edir. Bütün bu məişət əşyalarının dəyəri 20000 manat məbləğindədir. Həmçinin 2003-cü modeli dövlət nömrə nişanı ** DE *** olan "Fort Tranzit" yük maşınını Gəncə şəhəri Ozan küçəsi 168 saylı evdə yaşayan X2 9150 ABŞ dollarına alıb Cavabdeh1 həm qardaşı oğlu həm də kürəkəni olan Gəncə şəhəri Məhərrəmov küçəsi ev 23 yaşayan Cavabdeh2 adına rəsmiləşdirmişlər. Türk vətəndaşı olduğuna görə avtomobili Elşadın adına rəsmiləşdirsə belə avtomobili o idarə etmişdir. Avtomobili bir neçə müddət sürdükdən sonra onu Azərbaycan Respublikasından deportasiya etmişlər. Deportasiya müddəti başa çatıb geri qayıdanda avtomobili tələb etdikdə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onu qovmuş və avtomobili verməkdən imtina etmişlər. Həmçinin onu tikdirdiyi evə qoymamışlar. Hansı ki, 3 il həmin evdə yaşamışlar.Bundan başqa cavabdehlərdən Cavabdeh1 200 qram çəkidə 16000 manat dəyərində qızıl zinət əşyaları almışdır. İddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) X3 iddiaçı ilə eyni məzmunda çıxış edərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək izahatında göstərdi ki, İddiaçı iddia edir ki, guya ona məxsus evin torpaq sahəsi onun tərəfindən alınmış, ev də onun tərəfindən tikdirilmişdir. Məhkəməyə təqdim etmək üçün İddiaçı torpaq sahəsini aldığı Naqif Məmmədovdan qeyri-qanuni, saxta yolla ərizə almış və məhkəməyə təqdim etmişdir.Həmin ərizədə Naqif Məmmədov qeyd etmişdir ki, guya torpaq sahəsinə görə ödəniş İddiaçı tərəfindən edilmişdir və ona 12 000 ABŞ dollar məbləğində pul verib almışdır. Halbuki, torpaq sahəsinin dəyərinin 2014-cü ildə 2000 manat pulunu əvvəlcə beh olaraq vermiş, sonra 1000 manat verib Türkiyə Respublikasına getmişdir, qalan pulunu Naqif Məmmədov torpaq sahəsini başqa şəxs almaq istəməsini, verməsə başqasına satacağını bildirib, pulu tələsik istəmiş, burada olmadığı üçün 8000 manatı qardaşı X7 evinə gedib ondan almışdır. Qardaşının borcunu gəlib ödəmişdir. Naqif Məmmədovun ərizədə şər-böhtan yazması ondan bəlli olur ki, əvvəla həmin pul ödənilən zaman İddiaçı heç Azərbaycan Respublikasında olmamış,həmin vaxt Türkiyə Respublikasında olmuşdur.Bundan başqa, torpaq sahəsinə görə ödənilmiş pul manatla olduğu halda ərizədə guya dollarla ödənilməsi qeyd edilmişdir. İddiaçının evin tikilməsində heç bir aidiyyəti olmamışdır. Evin barısını və dam örtüyünü qardaşları inşa etmişdir. Cəkilən xərcləri isə təsərrüfatında olan mal qranı samaqla və kretid götürməklə inşa etmişdir. İddiaçının Türkiyədən gətirdiyi malı onunla kəndlərdə satmışlar. İddiaçının iddia tələbində göstərdiklərinin hamısı yalandır. İddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil iddiaçı ilə eyni məzmunda çıxış edərək iddianın əsassız olduğundan rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyərək göstərdi ki, iddiaçının mübahisələndirdiyi Ford Tranzit markalı yük avtomobili onun mülkiyyətindədir. İddiaçı Türkiyədən mal gətirərək qohumu Elmira ilə birlikdə kəndlərdə satdığı üçün etibarnamə üzrə bir neçə dəfə həmin avtomobilini idarə etmək üçün iddiaçıya vermişdir. İddiaçının onun avtomobilinə heç bir aidiyyəti yoxdur. İddianın əsassız olduğundan rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının vəsatəti üzrə şahid qismində dindirilən X4 ifadəsində göstərdi ki, İddiaçı 2012-ci ildən bəri tanıyır. Belə ki, Elmiranın qardaşı Hakimlə çay içən zaman İddiaçı gəlmiş və Hakim onu bacısının əri olaraq onunla tanış etmişdir. Daha sonra Çadak onlara gəlib demişdir ki, Elmira evi və maşını onun əlindən almışdır. Torpağı Naqif adlı şəxsdən, maşını isə Arzu adlı şəxsdən aldığını ona demişdir. Ancaq Çadak torpağı və maşını bir-başa onun iştirakı ilə almamışdır. Bunu İddiaçı özü ona demişdir. Məhkəmə iclasında iddiaçının vəsatəti üzrə şahid qismində dindirilən X13 ifadəsində göstərdi ki, İddiaçı 10 ildən çoxdur ki, tanıyır.Elmira ilə ər-arvad münasibətlərində olmuşdurlar. Belə ki, Elmira ilə Daşkəsəndə alver ilə məşğul olmuşlar orada aparıb ötrük, süfrə və.s satmışlar. Belə ki, dəfələrlə onların Türklər qəsəbəsində olan ikimərtəbəli evlərində olmuşlar. Wolksvagen markalı avtomobili Çadak almış daha sonra isə Elşad sürməyə başlamışdır. İddiaçı dediklərindən bilir ki, evi və avtomobili o almışdır. Ancaq bilavaistə onun iştirakı ilə almamışdır. Məhkəmə iclasında iddiaçının vəsatəti üzrə şahid qismində dindirilən X11 ifadəsində göstərdi ki, İddiaçı illər boyunca Elmira ilə Türkiyədə yaşamışdır. Onlar sonra Türkiyədən gələrək burda ev tikib qaldılar. Bir müddət sonra Çadak Türkiyəyə getmiş, gələndə bildirmişdir ki, vəsiqəni girov qoyub armatur götürmüşdür. Elmira ilə Çadak Göygöl rayonuna gələrək onların yaşadıqları kənddə mal satarkən tanış olmuşlar.Dəflərlə onun evində qonaq olmuşlar. Torpaq alaraq ev tikmələrini Çadak ona demişdir. Həmin vaxt Elmira onların yanında olmamışdır. Məhkəmə iclasında iddiaçının vəsatəti üzrə şahid qismində dindirilən X14 ifadəsində göstərdi ki, İddiaçı 12 ildir ki, tanıyır. Elmiranı isə tanımır. İddiaçı ilə anası onu tanış etmişdir ki, yaxşı, təmiz insandır. Belə ki, Halil onlara nisyə mal satmışdır. Daha sonralar ona demişdir ki, Elmira onun evini və avtomobilini əlindən almışdır. Məhkəmə iclasında cavabdehin vəsatəti üzrə şahid qismində dindirilən X5 ifadəsində göstərdi ki, Elmira onun anasıdır. Belə ki, İddiaçı ilə birgə alverlə məşğul olmuşlar.Onların arasında ər-arvad münasibətləri olmamışdır. Ancaq birgə işləmişlər. İddiaçı ilk öncə öz avtomobili ilə gəlmiş daha sonra öz avtomobili ilə sərhəddən keçə bilmədiyindən Elşada demişdir ki, özünə avtomobil alsın ona icarəyə versin. Belə ki, 2003-2008-ci illər ərzində onların fermaları olmuşdur. 2008-ci ildə həmin fermanı satıb pulunu banka qoymuşlar. Daha sonra o, Rusiyaya işləməyə getmişdir. Anası ona zəng vurub söyləmişdir ki, torpaq var razıdırsa alsın. O isə razı olmuşdur. Belə ki, torpağı Naqif adlı şəxsdən satın almışlar. Evin barısını dayısı Ədalət tikmiş, suvaq işlərini isə Vüqar etmişdir. Evi anası tikdirmişdir. Məhkəmə iclasında cavabdehin vəsatəti üzrə şahid qismində dindirilən X16 ifadəsində göstərdi ki, Elmiranı tanıyır, İddiaçı isə tanımır. Belə ki, Elmiranı anası vasitəsi ilə tanımışdır. Elmira torpaq aldığını və usta axtardığını anasına söyləmişdir. Anası isə ona demişdir ki, Elmiranın evində suvaq və tamet işləri görsün. O, həmin evdə suvaq və tamet işləri görmüşdür müqabilində isə Elmira ona 400-500 manat arası əl haqqı vermişdir. Belə ki, həm usta işləmişdir, həm də qonşu olmuşdur. Həmin ərəfələrdə İddiaçı görməmişdir. Məhkəmə iclasında cavabdehin vəsatəti üzrə şahid qismində dindirilən X12 ifadəsində göstərdi ki, Elmira onun bacısıdır. X24 Halilin yanında satıcı işləmişdir. Bacısının evinin barısını təkqat kubiklə o, qardaşı Rəsul və oğlu tikmişlər. Ev tikilən ərəfədə İddiaçı orada olmamışdır. Məhkəmə iclasında cavabdehin vəsatəti üzrə şahid qismində dindirilən X15 şahid X12 ilə eyni məzmunlu izahat vermişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş 19.09.2016-cı il tarixli, 7E-18895 reyestr nömrəli etibarnamənin surətindən görünür ki, Cavabdeh2 20DE672 qeydiyyat nömrəli avtomobili idarə etmək və üzərində sərəncam verməyi İddiaçı etibar etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X27 İdarəsi tərəfindən verilmiş 30.01.2020-ci il tarixli məktubdan görünür ki, Ford Transit markalı 20DE672 qeydiyyat nişanlı avtomobil 07.06.2013-cü il tarixdən 27.07.2019-cu il tarixədək Cavabdeh2 adına qeydiyyatda olmuşdur. Göygöl rayon dövlər Arxivindən verilmiş 05.02.2020-ci il tarixli, 03 nömrəli məktubdan görünür ki, 2006-2010-cu illər ərzində Cavabdeh1 adına 6 baş iribuynuzlu və 50 baş xırdabuynuzli mal-qara olmuşdur. Məhkəmə tərəflərin izahatını və şahidlərin ifadəlrini dinləyib işdə olan sübutlara tətbiq olunmalı hüquq normaları baxımından qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iddiaçı öz tələbinin əsası kimi göstərdiyi hallara dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 nömrəli qərarının 2-ci bəndində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Avropa İnsan Hüquqları Məhkəməsi “Sporronqun və Lonnrotun İsveçrəyə qarşı” qərarında (A-52-1983) və bundan sonra qəbul etdiyi qərarlarında mülkiyyət hüququ ilə əlaqədar mövqeyini müəyyən edərək izah etmişdir ki, mülkiyyət hüququnun müdafiəsi zamanı işin hallarından asılı olaraq üç məsələ aydınlaşdırılmalıdır: mülkiyyətçinin mülkiyyət hüququnun mövcüd olması, mülkiyyətçinin öz mülkiyyətindən məhrum olması; mülkiyyətçinin mülkiyyətindən istifadəyə nəzarətdən məhrum olması. Həmin qərarlara görə mülkiyyətçinin öz mülkiyyətindən məhrum edilməsinin baş verib-verməməsini müəyyən etmək üçün mülkiyyətin formal cəhətdən özgəninkiləşdirilməsi və ya mülkiyyət hüququnun başqasına keçməsi və həmin halların “de fakto” baş verməsi aydınlaşdırılmalıdır. Bələ olan halda məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əmlakların dəyəri olan pul tələbinə dair iddiası əsassız olduğundun təmin olunmamalıdır. MPM-in 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əmlakların dəyəri olan pul tələbinə dair iddiası əsassız olduğundan təmin olunmasın. İş üzrə ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(043)-131/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-131/2022
19.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver