Məhkəmə qərarları › İş №2(043)-1318/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-1318/2022

15.04.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-1318/2022 15.04.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlu, İddiaçı cavabdeh Gəncə şəhər Kəpəz rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “sərəncamın ləğvi” tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Gəncə şəhər Kəpəz rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhər Kəpəz rayon İcra Hakimiyyəti Başçısının 16 dekabr 2020-ci il tarixli 115 nömrəli sərəncamının ləğv edilərək, X1 onun qəyyumluğuna verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmədən, iddiaçıya geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsində cavabdeh kimi Gəncə şəhər Kəpəz rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası qeyd edilmişdir. Mülki-prosessual qanunvericiliyə əsasən prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar (Mülki Prosessual Məcəllənin 50.1 və 50.3-cü maddələri). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43.1-ci maddəsinə əsasən hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. Məhkəmə hesab edir ki, Gəncə şəhər Kəpəz rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası hüquqi şəxs olmadığından, mülki prosesdə müstəqil olaraq tərəf kimi çıxış edə bilməz. Bununla da iddia ərizəsində faktiki olaraq cavabdehin göstərilmədiyi müəyyən olunur. Digər tərəfdən, iddiaçının ləğv edilməsini istədiyi 16 dekabr 2020-ci il tarixli 115 nömrəli sərəncamı Qəyyumluq və Himayəçilik Komissiyası deyil, Gəncə şəhər Kəpəz rayon İcra Hakimiyyətinin başçısı qəbul etmişdir. Belə olan vəziyyətdə, iddia tələbinə cavab verməli olan tərəf Gəncə şəhər Kəpəz rayon İcra Hakimiyyəti olmalıdır. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 149.2.2-ci maddəsinin tələbinə əsasən, ərizədə işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları düzgün göstərilməlidir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinin tələbinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinin tələbinə əsasən, iddia ərizəsinin qaytarılmasına səbəb olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.1, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı cavabdeh Gəncə şəhər Kəpəz rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası qarşı “sərəncamın ləğvi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar