Məhkəmə qərarları › İş №2(043)-132/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-132/2022

07.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-132/2022 07.06.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, İbrahimov İsmət Mübariz oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «kredit borcunun ödənilməsi» tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1045,4 manat əsas borc, 905,48 manat faiz, 784,15 manat cərimə, kredit müqaviləsi bitdikdən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 156,60 manat faiz borcu və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış KM039T09160000S01 №-li 01 oktyabr 2015-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 12 (on iki) ay müddətinə 2000 (iki min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. 20.09.2016-cı il tarixli Əlavə Sazişə əsasən borcalanın kreditor qarşısındakı öhdəliyinin qalığı 4005,76 manat təşkil etmiş, kreditin müddəti 20.09.2018-ci il tarixədək müəyyən edilmişdir. Kredit xətti müqaviəsinin 3.3-cü bəndinə əsasən Cavabdeh müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də öhdəliyi yerinə yetirməmişdir. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadehlər tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdeh Cavabdeh 30.07.2021-ci il tarixə kredit üzrə cəmi borcu 2892,07 manat təşkil edir. Bundan 1045,84 manat əsas, 905,48 manat faiz, 784,15 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 156,60 manat faiz borcu təşkil edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh oğu ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, onunla bağlanmış kredit müqaviləsinin müddəti 20 sentyabr 2018-ci il tarixdə başa çatmışdır. O, bir il kredit müqaviləsi üzrə ödənişlər etmiş, sonradan isə maddi vəziyyəti ilə əlaqdəar olaraq ödənişləri həyata keçirə bilməmişdir. 2017-ci ilin dekabr ayından, yəni İddiaçı ASCnin ləğvindən sonra öhdəliyin icrası ilə bağlı ona heç bir tələb irəli sürülməmişdir. Hazırda iddiaçı iddia müddətini ötürərək iddia ərizəsini 29.09.2021-ci il tarixdə məhkəməyə təqdim etmişdir. Buna görə də iddia müddətinin tətbiq edilərək iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh ərizəsinin məzmununa uyğun izahat verərək iddianın rədd edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi həmin ərizəyə etiraz edərək iddia ərizəsinin 15.09.2021-ci il tarixdə poçt rabitəsi orqanına verildiyini və 20.09.2021-ci il tarixdə poçt orqanı tərəfindən məhkəməyə təqdim edildiyini bildirərək iddia müddətinin ötürülmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, o, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsində dəftərxana müdiri vəzifəsində işləyir. O, məhkəməyə daxil olan sənədlərin qəbulu, qeydiyyatı və “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə paylanmasının təşkilinə nəzarət funksiyasını həyata keçirir. İddiaçı ASCnin ərizələri adətən xüsusi poçt və ya “Azərpoçt” vasitəsilə dəftərxanaya daxil olur. Elə hallar da olur ki, iddia ərizəsini bankın nümayəndələri bilavasitə məhkəməyə təqdim edirlər. Sənədlər məhkəməyə daxil olduğu gündən iki gündən gec olmayaraq hakimlərin icraatına daxil olur. 20.09.2021-ci il tarixə daxil olan sənədin 29.09.2021-ci il tarixdə hakimin icraatına verilməsi mümkün deyildir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ölkədaxili kuryer xidmətinin 305351 nömrəli qəbzindəki çatdırma hissəsində olan “Məmmədova” yazısı və imza ona məxsus deyildir. Məhkəmə, tərəflərin izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan kredit müqaviləsindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında 01 oktyabr 2015-ci il tarixli, 39-15X/092 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən bank borcalana 12 ay müddətinə illik 23 faiz dərəcəsi ilə 2000 ABŞ dolları məbləğində kredit xətti açmış, borcalan isə müqavilə ilə müəyyənləşdirilmiş şərtlərlə kredit məbləğini, habelə kreditdən istifadəyə görə hesablanmış faizləri banka ödəməyi öhdəsinə götürmüşdür. 20 sentyabr 2016-cı il tarixli Əlavə Sazişdən görünür ki, 07 sentyabr 2015-ci il tarixli kredit müqaviləsinə dəyişiklik edilərək borcalanın kreditor qarşısındakı kredit 4005,76 manat təşkil edən qalığı kreditə çevrilir, kreditin müddəti 24 ay təşkil edir, kreditin istifadəsinə görə borcalan kreditora illik 23 faiz ödəyir. Kredit üzrə planlaşdırılmış faktiki illik faiz dərəcəsi 23 faiz təşkil edir. İş materiallarına əlavə edilmiş ləğv prosesində olan İddiaçı ASC-nin maliyyə arayışından görünür ki, Cavabdeh ödəməli olduğu məbləğ - əsas borc üzrə 1045,84 manat, faiz borcu üzrə isə 905,48 manat, cərimə borcu 784 manat, gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu 156,60 manat, cəmi borc 2892 manat təşkil edir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ölkədaxili kuryer xidmətinin 305351 saylı poçt qəbzində “LPO Dəmirbank ASC-nin məhkəmə şöbəsindən Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə ünvanlanmış məktubun 20.09.2021-ci il tarixdə “Məmmədova” soyadlı şəxsin imza edərək qəbul etdiyi göstərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 aprel 2022-ci il tarixli, 4/567 nömrəli məhkəmə-xətşünaslıq ekspertizasının rəyindən məlum olur ki, ekspertizaya təqdim olunmuş "xxxx" MMC-nin ölkədaxili kuryer xidmətinin 305351 nömrəli göndəriş qəbzində çatdırma hissəsində olan “Məmmədova” yazısı, “20.09.21” rəqəmləri və imza X4 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predimeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh arasında qanunvericiliyə uyğun olaraq kredit müqaviləsi bağlanmışdır. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, kredit müqaviləsində göstərilən pul məbləğini cavabdehə vermişdir. Cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini ödəməli olmasına dair vəzifəsini isə tam icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Bu səbəbdən iddiaçı müqavilə şərtlərinə istinad edərək cavabdehdən müqavilə üzrə yaranmış borcun ödənilməsini tələb etmişdir. Lakin, Cavabdeh yazılı ərizə ilə müraciət edərək iddia müddətini tətbiq etməklə iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 03.06.2013-cü il tarixli qərarında göstərilir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İddiaçının iddia ərizəsində isnad etdiyi tərəflər arasında bağlanmış kredit müqaviləsinin müddəti 20.09.2016-cı il tarixli əlavə sazişlə 20.09.2018-ci il tarixədək uzadılmışdır. Beləliklə bu müqavilə üzrə üç illik iddia müddəti 20.09.2021-ci il tarixdə başa çatmışdır. İddia ərizəsi 29.09.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi iddia ərizəsinin 15.09.2021-ci il tarixdə poçt rabitəsi orqanına verildiyini və 20.09.2021-ci il tarixdə poçt orqanı tərəfindən məhkəməyə təqdim edildiyini bildirsə də iş üzrə təyin edilmiş məhkəmə-xətşünaslıq ekspertizasının rəyindən də məlum olur ki, poçt qəbzindəki imza məhkəmənin dəftərxana müdiri X3 aid deyildir. Məhkəmənin dəftərxanasında “Məmmədova” soyadlı başqa şəxs də çalışmadığından həmin qəbz iddia ərizəsinin məhkəməyə poçt vasitəsilə göndərilməsini təsdiq edən sənəd hesab edilə bilməz. Buna görə də məhkəmə hesab edir ki, iddia müddətinin axımının 20.09.2018-ci il tarixdən hesablanmağa başlaması nəzərə alındıqda, iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət edərkən, qanunla müəyyən edilmiş üç illik iddia müddətini ötürmüşdür. İddia müddətinin keçməsi öhdəliyin xitamına səbəb olmasa da öhdəliyin məcburi qaydada icrasının tələb edilməsi hüququnu ortadan qaldırır. Bu səbəbdən iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə məhkəmə xərci iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumundan və məhkəməxətşünaslıq ekspertizasının tədqiqatının dəyəri 138 manat təşkil edir. Ekspertizanın keçirilməsinə əsas olmuş hal barədə iddiaçı tərəf mübahisə etdiyindən və həmin hal öz təsdiqini tapmayaraq iddia rədd edildiyindən ekspertiza tədqiqatının dəyəri iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddiası rədd edilsin. Məhkəmə-xətşünaslıq ekspertizası tədqiqatının dəyəri olan 138 (yüz otuz səkkiz) manat pul iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar