Məhkəmə qərarları › İş №2(043)-1328/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1328/2022

23.05.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1328/2022 23.05.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək birgə nikahlarından 04.12.2012-ci ildə doğulmuş X7, 15.08.2014-cü ildə doğulmuş X8 və 27.06.2017-ci ildə doğulmuş X1 üçün hər uşağa görə təyin oğlunmuş 100 manat sabit pul məbləğində alimentin miqdarının artırılaraq hər uşağa görə 193 manat müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı qismən müdafiə edərək izahatında göstərdi ki, cavabdehlə birgə nikahlarından 04.12.2012-ci ildə Tunay, 15.08.2014-cü ildə Yusif və 27.06.2017-ci ildə Aylin adlı uşaqları anadan olmuşdur. Nikahları Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin qətnaməsi ilə 2021-ci ildə pozulmuş, uşaqlarının hər üçü onun yanında saxlanmış və onların yetkinlik yaşlarına satanadək saxlanılmaları üçün sabit pul məbləğində hər uşağa 100 manat olmaqla, ümumilikdə 300 manat alimentin tutulub ona verilməsi qət edilmişdir. Uşaqlar böyüdükcə günü-gündən onların tələbatı artdığı üçün təyin olunmuş aliment uşaqların saxlanması üçün kifayət etmir. Cavabdeh alimentdən başqa heç bir köməklik etmir. Maddi cəhətdən uşaqları saxlamaqda çətinlik çəkdiyi üçün məcbur olub məhkəməyə müraciət etmişdir. Cavabdehin maddi imkanını nəzərə alaraq hər uşağa 150 manat olmaqla cəmi 450 manat alimentin tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, maddi imkanı alimenti ödəməyə çatmır. Odur ki, iddianın əsassız olduğunu göstərərək rədd edilməsini məhkəmədən xahiş etdi. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - AZ-İİ 986595 nömrəli, AZ-İİİ 396429 nömrəli və AZ-İİİ 976115 nömrəli doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, tərəflərin birgə nikahlarından 04.12.2012-ci ildə Tunay, 15.08.2014-cü ildə Yusif və 27.06.2017-ci ildə Aylin adlı uşaqları anadan olmuşdur; Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 11.02.2021-ci il tarixli, 2(043)- 327/2021 nömrəli qətnaməsindən görünür ki, tərəflər arasında olan nikah pozulmuş, tərəflərin birgə nikahından doğulmuş 04.12.2012-ci il təvəllüdlü X11, 15.08.2014-cü il təvəllüdlü X12 və 27.06.2017-ci il təvəllüdlü X10 nikah pozulduqdan sonra anaları X2 yanında saxlanılmış və uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün ataları Cavabdeh hər ay bir uşaq üçün 100 manat olmaqla cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutulub X4 verilməsi qət edilmişdir. Mediyasiya Şurası tərəfindən verilmiş 28.03.2022-ci il tarixli ilkin mediyasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh 28.03.2022-ci il tarixə saat 11:15-ə keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sesiyasında iştirak etməmişdir. X6 ilkin mediasiya zamanı mediasiya xidmətinin göstərilməsinə görə 50 (əlli) manat məbləğində xərci tam ödəmişdir Məhkəmə iclasında müəyyən edildi ki, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 11.02.2021-ci il tarixli, 2(043)-327/2021 nömrəli qətnaməsi ilə tərəflərin birgə nikahından 04.12.2012-ci il təvəllüdlü X7, 15.08.2014-cü il təvəllüdlü X8 və 27.06.2017-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün Cavabdeh hər ay, hər bir uşağa 100 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aliment alınaraq, iddiaçı X3 xeyrinə tutulması qət edilmişdir. Təyin olunmuş 300 manat məbləğində aliment azyaşlı uşaqların saxlanılması üçün yetərli olmadığından və cavabdeh 300 manat alimentdən başqa uşaqların saxlanılmasına görə çəkilən xərclərdə iştirak etmədiyi üçün iddiaçı məhkəməyə müraciət edərək alimentin miqdarının artırılmasını tələb etmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 17-cı maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra - AM) 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. AM-in 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması ücün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. AM-in 112.1-ci maddəsinə görə, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Uşaq Hüquqları Haqqında» Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 12 noyabr 1989-cu ildə qəbul olunmuş «Uşaq Hüquqları Haqqında» BMT Konvensiyasının 3-cü maddəsinə əsasən, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi vurğulanmışdır. Göründüyü kimi adı çəkilən Konvensiya və daxili Qanunvericiliklə, uşaqların fiziki və əqli cəhətdən sağlam inkişaf etməsi üçün lazım olan bütün tədbirlərin görülməsinin vacibliyi vurğulanmışdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan qununvericiliyin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməklə Gəncə Şəhəri Kəpəz Rayon 11.02.2021-ci il tarixli, 2(043)- 327/2021 nömrəli qətnaməsi əsasında tutulan alimentin məbləği artırılmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır: Göründüyü kimi iddiaçı aliment təyin olunandan sonra uşaqların böyüyərək tələbatının artmasını əsas gətirərək cavabdehin uşağın saxlanmasında çəkilən xərclərə cəlb olunmasını tələb etmişdir. «X9» Azərbaycan Respublikası Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193,0 (bir yüz doxsan üç) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə ölkə üzrə uşaqlar üçün yaşayış minimumunun 193 manat müəyyən edilməsini və valideynlərin hər ikisinin hüquqları bərabər olmaqla, onların hər ikisinin uşaqlara qayğı göstərmək borcu olduğunu, uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutaraq və uşaqlara qulluq, onların sağlamlıq, inkişaf, məişət qayğılarının çəkilməsinin iddiaçının üzərinə düşməsini nəzərə alaraq cavabdehdən tutulan alimentin məbləğinin artırılaraq hər ay hər uşağa görə 150 (bir yüz əlli) manat məbləğində müəyyən edilməsini məqsədə müvafiq hesab edir. Bundan başqa Dövlət rüsumu haqqında Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə görə isə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Belə olan halda məhkəmə hesab edir ki, MPM-in 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiymətinin bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilməli olduğu halda, iş üzrə Cavabdeh oğlundan dövlət rüsumu hesabına 38 manat alınaraq dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia təmin edilsin. 04.12.2012-ci il təvəllüdlü X7, 15.08.2014-cü il təvəllüdlü X8 və 27.06.2017-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün Cavabdeh oğlundan Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 11.02.2021-ci il tarixli, 2(043)-327/2021 nömrəli qətnaməsi əsasında hər ay hər uşağa görə 100 manat tutulan alimentin məbləği artırılaraq hər ay hər uşağa görə 150 manat olmaqla, cəmi 450 (dörd yüz əlli) manat sabit pul məbləğində müəyyən edilsin və qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan başlayaraq Cavabdeh alınaraq İddiaçı xeyrinə ödənilsin. Cavabdeh dövlət rüsumu hesabına 38 (otuz səkkiz) manat alınaraq dövlət büdcəsinə keçirilsin. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar