Məhkəmə qərarları › İş №2(043)-1343/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1343/2020

10.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1343/2020 10.11.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, məhkəmə iclas katibi Abdullayev İlkin Hafiz oğlunun katibliyi, iddiaçı «xxxxxxxxxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə, İddiaçı «xxxxxxxxxxx» MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı «xxxxxxxxxxx» MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “X3” markalı planşet üçün 327 manat ödənilməmiş hissə, 33 dəbbə pulu olmaqla, ümumilikdə360 manat borc və 20 manat dövlət rüsumu, cəmi 380 manat Cavabdeh alınaraq «xxxxxxxxxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh «xxxxxxxxxxx» MMC ilə xx.xx.2017-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********76267 “X3” markalı planşeti almış və nəticədə 360 manat borc yaranmışdır. Müqavilənin şərtlərinə əsasən cavabdeh alqı-satqı qiyməti 552 manat (18 ay x 43 manat + 36 manat ilkin ödəniş ) olan İMEİ kodu **********76267 “X3” markalı planşet üçün ümumilikdə 360 olmaqla, ondan 327 manat ödənilməmiş hissə, 33 manat dəbbə pulu, (hər gün üçün ödənilməmiş məbləğin 1 % miqdarında dəbbə pulu) borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 225 manat təşkil edir. Buna görə də iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında göstərdi ki, «xxxxxxxxxxx» MMC-dən kreditlə “Samsung Galaxy TAB” markalı planşet almışdır. Əldə etdiyi məhsulda nasazlıq yarandığı üçün zəmanət şərtlərinə uyğun olaraq təmir üçün məhsulu servisə təqdim etmişdir. Lakin servisdə məhsulu təmir etməmişlər. O, bilməmişdir ki, ödənişlər gecikdirildiyi təqdirdə zəmanət qüvvədən düşür. Hazırda məhsulun dəyərini ödəyə bilər, lakin hesablanmış dəbbə pulu məbləği çoxdur. Ona görə də dəbbə pulunun miqdarının azaldılmasını xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Cavabdeh ilə «xxxxxxxxxxx» MMC arasında bağlanmış xx xxxx 2017-ci il tarixli K0171519 saylı müqavilədən və qiymət cədvəlindən görünür ki, Cavabdeh «xxxxxxxxxxx» MMC-dən qiyməti 552 manat olan“X3” markalı planşeti 2 illik zəmanətlə və telefon quraşdırma xidməti ilə birlikdə 36 manat ilkin ödəniş etməklə hissə-hissə ödəmək şərti ilə almışdır. Müqavilənin əlavəsində olan ödəniş cədvəlinə əsasən xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək 12 ay ərzində hər ayın 20-i tarixində ayda 43 manat ödənilməsi nəzərdə tutulmuşdur. Əlavənin 2-ci bəndinə əsasən alıcı ödəmə cədvəli üzrə ödənişlərini vaxtında ödəməzsə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış bir faizi həcmində penya ödəyir. İş materiallarına əlavə edilmiş maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdeh xx.xx.2017-ci il tarixli müqavilə üzrə 225 manat ödəmiş, 327 manat borcu qalmış, müqavilə üzrə ödənişləri 240 gün gecikdirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Tərəflər arasında bağlanmış müqavilələr nisyə alqı-satqı müqavilələridir. Nisyə alqı-satqı müqaviləsinin şərtlərinə görə cavabdeh həmin müqavilələr üzrə aldığı malların qiymətini hissəhissə ödəmək öhdəliyi daşımışdır. Lakin, cavabdeh bu öhdəliyini vaxtında və tam icra etməmişdir. Belə olan halda iddiaçı Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən satılmış əşyaların ödənilməsini tələb etməkdə haqlıdır. İddiaçı müqavilə şərtlərinə istinad edərək cavabdehdən gecikdirilmiş ödənişlərə görə xx.xx.2017-ci il tarixli müqavilə üzrə 33 manat dəbbə pulu tələb etmişdir. Cavabdehin müqavilə üzrə gecikdirdiyi məbləğ və müddətlər nəzərə alınmaqla gecikdirilən hər günə görə gecikdirilən ödəniş məbləğinin 1 faizi miqdarında cərimə nəzərdə tutulduğundan iddiaçının hesabladığı cərimə məbləği müqavilənin şərtlərinə uyğundur. Buna baxmayaraq məhkəmə tərəflərin maddi vəziyyətini, o cümlədən iddiaçının əmlak mənafelərini də nəzərə alaraq gecikdirilmiş məbləğə münasibətdə tənasübsüz dərəcədə yüksək olan dəbbə pulunun azaldılmasını məqsədəmüvafiq hesab edir. Buna uyğun olaraq məhkəmənin qənaətinə görə cavabdehdən xx.xx.2017-ci il tarixli müqavilə üzrə 3 manat dəbbə pulu tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq ödənilmiş 20 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2017-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 327 (üç yüz iyirmi yeddi) manat ödənilməmiş hissə və 3 (üç) manat dəbbə pulu olmaqla cəmi 330 (üç yüz otuz) manat pul və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 20 (iyirmi) manat pul tutularaq «xxxxxxxxxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar