Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1390/2020 05.06.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Vəli Əsgər oğlunun sədrliyi, Şıxməmmədov İlkin Məzahir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 300 manat məbləğində pulun və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. O, iddia tələbini bununla əsaslandırmışdır ki, plastik qapı və pəncərə düzəldilməsi ilə məşğul olan Cavabdeh 2018-ci ildə Gəncə şəhərinin Məhsəti qəsəbəsində yerləşən evinə plastik pəncərə düzəltməsi ilə əlaqədar tanımışdır. xx.xx.2019-cu ildə Cavidə zəng edib Gəncə şəhərinin Məhsəti qəsəbəsində yerləşən, qızına tikdirdiyi evin pəncərələrinin ölçüsünü götürüb pəncərə düzəltməsini sifariş etmişdir. Cavabdeh ölçüləri götürdükdən sonra 7 ədəd pəncərəni düzəltməsi üçün 1100 manata onunla razılaşmış, elə qızına tikdirdiyi evin qarşısında həmin məbləğdə pulu Cavidə vermişdir. O, pulu aldıqdan sonra 4 gün ərzində pəncərələri hazır edib evə quraşdıracağını bildirsə də, söz verdiyi vaxta hazır edə bilməmiş, buna görə də, cavabdehdən pulu qaytarmasını tələb etmişdir. Cavid müxtəlif bəhanələrlə pulu qaytarmaqdan imtina etdiyi üçün Kəpəz rayon Polis İdarəsinə müraciət etmişdir. Bundan sonra Cavid Gəncə şəhəri 4 nömrəli orta məktəbin qarşısında onun pulundan 800 manatını ona qaytarmış, qalan 300 manatı da qısa müddətdə qaytaracağına söz vermişdir. Eyni zamanda şikayəti ilə əlaqədar araşdırma aparılmış və mübahisə mülki xarakterli olduğu üçün cavabdehin barəsində İXM-in 227-ci maddəsi ilə başlanılmış icraata Kəpəz rayon Məhkəməsinin qərarı ilə xitam verilmişdir. Cavid həmin inzibati iş üzrə məhkəməyə verdiyi izahatında göstərilənləri etiraf etmişdir. Cavid ona 1100 manat pulu verdikdən sonra təzədən həmin işin görülməsi üçün 300 manat beh aldığını bildirsə də, belə bir hadisə baş verməmişdir. Ağlabatan deyildir ki, onu aldadan şəxsə yenidən iş görmək üçün pul versin. Məhkəmə iclasında iddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbardar edilmiş, lakin heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdehin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edərək, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə olunmuş: X1 Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(043)-117/2020 nömrəli qərarının surətindən görünür ki, Cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə olan inzibati xəta haqqında işin icraatına əməlində inzibati xəta tərkibi olmadığından xitam verilmişdir. Məhkəmə izahatı dinləyib, məhkəmə baxışında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 759.2-ci maddəsinə əsasən əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Göründüyü kimi, tərəflər arasındakı münasibətlər və onların qarşılıqlı öhdəlikləri aralarında bağlanmış podrat müqaviləsindən yarandığından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386, 425 və 427-ci maddələrinin və yuxarıda qeyd olunan maddələrinin tələbinə görə onlardan hər biri həmin müqavilə üzrə öhdəliklərini vicdanla və vaxtında icra etməli idilər. Lakin işin faktiki halları və məhkəmə iclasında tədqiq edilmiş sübutlardan bəlli olur ki, iddiaçı podrat müqaviləsi üzrə öhdəliklərini yerinə yetirsə də, cavabdeh qarşılıqlı öhdəliklərini tam və vaxtında icra etməmişdir. Belə ki, iddiaçı pəncərə düzəltməsi müqabilində cavabdehə 1100 manat versə də, cavabdeh şərtləşdikləri vaxtda həmin ümumiyyətlə işi icra etməmiş, iddiaçının verdiyi pulun 300 manatını bu günədək qaytarmamışdır. Yuxarıda qeyd olunan inzibati qərardan göründüyü kimi, cavabdeh həmin inzibati iş üzrə verdiyi izahatında iddiaçının 300 manat məbləğində pulunu qaytarmadığını özü etiraf etmişdir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 300 manat məbləğində pul cavabdehdən alınaraq iddiaçıya ödənilməldir. Bundan başqa, məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 20 manat dövlət rüsumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən onun xeyrinə cavabdehdən tutulmalıdır. Beləliklə, məhkəmə şərh olunanlara əsaslanıb və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213-220, 227, 231 və 357-362-ci maddələrini rəhbər tutub QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 300 (üç yüz) manat məbləğində pul və ödənilmiş 20 manat dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində X1 Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vəli Abdullayev
Məhkəmə qərarları › İş №2(043)-1390/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1390/2020
05.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver