Məhkəmə qərarları › İş №2(043)-1393/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1393/2020

21.05.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1393/2020 21.05.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi X4 və cavabdeh X3 nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh X1rşı «əsassız olaraq yazılmış 644 manat cərimənin silinməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı cavabdeh X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən onun hesab koduna əsassız olaraq hesablanmış 644 (altı yüz qırx dörd) manat borc məbləğinin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı İddiaçı etibarnamə üzrə nümayəndəsi X7 iddianı müdafiə edib, izahatında göstərdi ki, Gəncə şəhəri, Aqil Məmmədov küçəsi, ev 37A ünvanda yerələşən fərdi yaşayış evində təbii qazın dəyərini vaxtı-vaxtında ödəmişlər. Həmin evdə yoldaşı Arzu ilə birgə yaşamışlar, onlardan başqa heç kim evdə yaşamamışdır. O, özü xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək Rusiya Federasiyasında olmuşdur. Evdə kombi və kolonka olmamışdır. Əri onkoloji xəstə olmaqla evdə tək qalmış, bununla belə iddiaçı olan əri əksər vaxtlarda xəstə olduğu üçün qardaşı evində yaşamışdır. Onlar evdə olmadıqda X3 Gəncə Qİİ-in əməkdaşdları təbii qazdan istifadə qaydalarının pozulması barədə akt tətib etmişlər ki, guya saygacdan kənar əlavə xətt aşkar olunmuşdur. Halbu ki, həmin vaxt evdə heç kim olmamış, və əlavə xəttin çəkilməsi üçün zərurət də olmamışdır. Hazırda maddi imkanları çox ağır olduğu üçün əsassız hesablanmış məbləği ödəyə bilmirlər. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh X3 nümayəndəsi X9 izahatında göstərdi ki, abonentin yaşadığı evə quraşdırılmış sayğacdan kənar xətt qoşulduğu üçün idarənin əməkdaşları tərəfindən akt tərtib olunmuş, fotoşəkil çəkilmiş və itirilmiş qaz sərfiyyatına görə 6480 m3 təbii qaz itkisi hesablanmışdır.İddianın təmin olunmamasını xahiş etdi. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:-Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx xxxxxx 2020-ci il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, akt tərtib olunmuşdur ona görə ki, «abonent İddiaçı istifadəsində olan sayğacdan başqa əlavə xətt aşkar olunmuşdur». Həmin aktdan müəyyən olunmuşdur ki, itirilmiş qaz sərfiyyatına görə 6480 m3 hesablanmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Səhiyyə idarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı onkoloji xəstə olmaqla dispanser qeydiyyatında durur. Gəncə şəhəri Kəpəz rayonu evlər üçlüyü tərəfindən verilmiş xx xxx 2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı 3 nəfərdən ibarət ailə tərkibi olmuş, onlardan oğlu Valeh 2016-cı ildən hərbi xidmətdə, qızı Nuray isə ailəli olmaqla X8 şəhərində yaşayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. İşin hallarından görünür ki, tərəflər arasında olan hüquq münasibəti təbii qazın alqısatqısı barədə müqavilə öhdəliyindən əmələ gələn münasibət olsa da mübahisə iddiaçının «sayğacdan kənar əlavə xəttə qoşulması ilə bağlı itirilmiş qaz sərfiyatına görə dəymiş zərərlə» bağlıdır. Ona görə də tərəflər arasındakı mübahisəyə müqavilə öhdəliklərini deyil, deliktlərdən yaranan öhdəlikləri tənzimləyən hüquq normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 1096.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-in 1096.2-ci maddəsində göstərilir ki, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-in 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Deliktlərlə əlaqədar yuxarıda şərh olunmuş hüquq normalarının məzmunundan görünür ki, mülki hüquq pozuntusu ilə (deliktlə) əlaqədar mülki məsuliyyət o halda yaranır ki, təqsirli şəxsin qanuna zidd əməli nəticəsində hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmuş olsun və təqsirli şəxsin qanuna zidd əməli ilə vurulmuş ziyan və ya zərər arasında səbəbli əlaqə olmuş olsun.Lakin məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən itirilmiş qaz sərfiyyatına görə zərər hesablansa da iddiaçının sayğacdan kənar xəttə qoşulması sübuta yetirilməmişdir. Əvvəla akt tərtib olunarkən yalnız Qİİ-in əməkdaşları iştirak etmiş, aktın tərtibində maraqlı olmayan kənar şəxslərin iştirakı təmin olunmamış, məhkəməyə sübut olaraq mənşəyi məlum olmayan fotoşəkil təqdim olunmuşdur. Halbu ki, sübutlardan bəhs edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının təbii qazdan istifadə qaydalarını pozması yəni sayğacdan kənar xəttə qoşulması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından iddia təmin olunmalı, İddiaçı barəsində tərtib olunmuş xx xxxxxx 2020-ci il tarixli, ******* nömrəli akt üzrə itirilmiş qaz sərfiyyatına görə hesablanmış 644 (altı yüz qırx dörd) manat pul silinməlidir. MPM-in 124.1-ci maddəsinə əsasən iş üzrə ödənilməli olan 30 manat dövlət rüsumu cavabdeh X2 tutularaq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi : İddia təmin olunsun. İddiaçı barəsində tərtib olunmuş, təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx xxxxxx 2020-ci il tarixli, ******* nömrəli akt üzrə itirilmiş qaz sərfiyyatına görə hesablanmış 644 (altı yüz qırx dörd ) manat pul silinsin. İş üzrə ödənilməmiş 30 manat dövlət rüsumu cavabdeh X2 tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində X12 Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar