Məhkəmə qərarları › İş №2(043)-1402/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1402/2021

25.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1402/2021 25.05.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun qaytarılması və tələbin girov predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İddiaçı ASC-nin xeyrinə 02.09.2020-ci il tarixli, GNLMB-9781 saylı kredit müqaviləsi üzrə kreditə görə 1200 manat, faiz borcuna görə 166,78 manat, dəbbə borcuna görə 240 manat, cəmi 1606,78 (bir min altı yüz altı manat, yetmiş səkkiz qəpik) manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun tutulması, tələbin Cavabdeh məxsus çəkisi 7,2 qram olan 583 əyarlı 1 ədəd klon, çəkisi 7,8 qram olan 583 əyarlı 1 ədəd üzük və çəkisi 8,6 qram olan 880 əyarlı 1 ədəd “onluq”dan ibarət cəmi 23,6 qram olan qızıl-zinət əşyalarına yönəldilməsi, həmin qızıl-zinət əşyalarının açıq hərracda satılaraq əldə edilmiş vəsait hesabına borcun ödənilməsi, borcun ödənilməsinə yetərli olmadığı halda borcun Cavabdeh tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin “Gəncə” filialı ilə Cavabdeh arasında bağlanmış 02.09.2020-cı il tarixli, GNLMB-9781 saylı kredit müqaviləsinə əsasən illik 29% faiz dərəcəsi olmaqla 12 (on iki) ay müddətinə 1200 (bir min iki yüz ) manat məbləğində cavabdehə kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasını təmin etmək məqsədilə İddiaçı ASC-nin Gəncə filialı ilə Cavabdeh arasında bağlanmış 02.09.2020-ci il tarixli GNLMB-9781 saylı girov müqaviləsinə əsasən Cavabdeh məxsus çəkisi 7,2 qram olan 583 əyarlı 1 ədəd klon, çəkisi 7,8 qram olan 583 əyarlı 1 ədəd üzük və çəkisi 8,6 qram olan 880 əyarlı 1 ədəd “onluq”dan ibarət cəmi 23,6 qram olan qızıl-zinət əşyaları İddiaçı ASC-nin xeyrinə girov ilə yüklü edilmişdir. İddiaçı ilə cavabdeh arasında bağlanmış 02.09.2020-cı il tarixli GNLMB- 9781 saylı kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə cavabdehlərə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilmələrinə baxmayaraq, Cavabdeh öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış 02.09.2020-ci il tarixli GNLMB-9781 saylı kredit müqaviləsinə görə, kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan Kreditin ödənişi cədvəli əsasında hər ayın 02-dən gec olmayaraq ayda 116,4 manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmişdir. Həmin kredit müqaviləsinin 5.1-ci maddəsinə görə, borclu kredit müqaviləsi ürə öhdəliklərini lazımı qaydada icra etməzsə ödənilməyən kredit üçün əlavə olaraq ər günə 1 faiz həcmində dəbbə pulu hesablanır. 24 fevral 2021-ci il tarixinə olan maliyyə arayışına əsasən Cavabdeh kredit müqaviləsi üzrə borcunun məbləği kreditə görə 1200 manat, faiz borcuna görə 166,78 manat, dəbbə borcuna görə 240 manat, cəmi 1606,78 (bir min altı yüz altı manat, yetmiş səkkiz qəpik) manat təşkil edir. Göstərilənlərə əsasən, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək onun iştirakı olmadan mülki işə baxılaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilsə də məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş İddiaçı ASC-nin Gəncə filialı ilə Cavabdeh arasında bağlanmış 02.09.2020-ci il tarixli, GNLMB-9781 saylı kredit müqaviləsinin surətindən görünür ki, Cavabdeh illik 29% faiz dərəcəsi olmaqla 12 (on iki) ay müddətinə 1200 (bir min iki yüz ) manat kredit verilmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı ASC-nin Gəncə filialı ilə Cavabdeh arasında bağlanmış 02.09.2020-ci il tarixli, GNLMB-9781 girov müqaviləsinin surətindən görünür ki, İddiaçı ASC-nin Gəncə filialı ilə Cavabdeh arasında bağlanmış 02.09.2020-ci il tarixli, GNLMB-9781 saylı kredit müqaviləsi üzrə öhdəliyin təminatı üçün X1 məxsus çəkisi 7,2 qram olan 583 əyarlı 1 ədəd klon, çəkisi 7,8 qram olan 583 əyarlı 1 ədəd üzük və çəkisi 8,6 qram olan 880 əyarlı 1 ədəd “onluq”dan ibarət cəmi 23,6 qram olan qızıl-zinət əşyaları girov ilə yüklü edilmişdir. İş materiallarına əlavə edilmiş 24 fevral 2021-ci il tarixinə olan maliyyə arayışına əsasən Cavabdeh 24 fevral 2021-ci il tarixli, GNLMB-9781saylı kredit müqaviləsi üzrə borcunun məbləği kreditə görə 1200 manat, faiz borcuna görə 166,78 manat, dəbbə borcuna görə 240 manat, cəmi 1606,78 (bir min altı yüz altı manat, yetmiş səkkiz qəpik) manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır; Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.7-ci maddəsinə görə, girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın; 279-cu maddəsinə görə, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanılması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir; 295-ci maddəsinə əsasən, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından bəlli olur ki, tərəflər arasında kredit müqaviləsi, həmçinin kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini kimi girov müqaviləsi bağlanmışdır. İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdeh isə həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetiməmişdir. Buna görə də, məhkəmə əsas və faiz borcunun cavabdehdən tutulmasını əsaslı hesab edir. Məhkəmə dəbbə pulunun məbləğini, iddiaçının peşəkar qaydada kredit verilməsi ilə məşğul olan bank, cavabdehin isə istehlak məqsədləri üçün kredit almış fiziki şəxs olmasını və iddiaçının əmlak mənafelərini nəzərə alaraq tənasübsüz surətdə yüksək olan dəbbə pulunun miqdarının azaldılmasını və 50 manat müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehdən 1200 manat əsas, 166,78 manat faiz, 50 manat cərimə borcu tutulmalı, tutma girov predmeti olan, cavabdehə məxsus çəkisi 7,2 qram olan 583 əyarlı qızıl kulon, çəkisi 7,8 qram olan 583 əyarlı qızıl üzük və çəkisi 8,6 qram olan 880 əyarlı qızıl onluqdan ibarət qızıl-zinət əşyalarına yönəldilməli, həmin əşyalar açıq hərracda satılaraq, tələb təmin edilməlidir. Məhkəmə, eyni zamanda qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İş materiallarından görünür ki, məhkəmə xərcləri iddiaçının iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödəmiş olduğu 30 manat dövlət rüsumundan ibarətdir. Məhkəmə hesab edir ki, iddia tələbi tam təmin olunduğundan 30 manat dövlət rüsumunun əvəzi də cavabdehdən tutulub iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidi. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357-360-cı maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. İddiaçı ASC-nin Gəncə filialı ilə Cavabdeh arasında bağlanmış 02.09.2020-ci il tarixli, GNLMB-9781 saylı kredit kredit müqaviləsi üzrə Cavabdeh 1200 manat əsas borc, 166,78 manat faiz, 50 manat cərimə borcu olmaqla, cəmi 1416,78 (bir min dörd yüz on altı tam yüzdə yetmiş səkkiz) manat kredit borcu və ərizənin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat pul tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Tutma girov predmeti olan, Cavabdeh məxsus çəkisi 7,2 qram olan 583 əyarlı 1 ədəd qızıl kulon, çəkisi 7,8 qram olan 583 əyarlı 1 ədəd qızıl üzük və çəkisi 8,6 qram olan 880 əyarlı 1 ədəd qızıl onluqdan ibarət qızıl-zinət əşyalarına yönəldilsin. Satışdan əldə edilən vəsait borcun ödənilməsinə kifayət etməzsə qalıq borc cavabdehdən ümumi qaydada tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar