Məhkəmə qərarları › İş №2(043)-141/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-141/2022

31.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-141/2022 31.01.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qızına qarşı “müqavilənin ləğvi və pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü əy y ə n e t d i: İddiaçı MMC cavabdeh Cavabdeh qızına qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək İddiaçı MMC-nin xeyrinə 635,7 manat məbləğində əsas borc və 20 manat məbləğində dövlət rüsumun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 24.02.2021-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən borcluya 10 ay müddətinə ümumi qiyməti 635,7 manat dəyərində “X1 9” 128 GB Polar White markalı telefon satılmışdır. Borclu malın dəyərindən ilkin ödəniş etmədən hər ay üçün 63,57 manat ödəmək şərtilə aldığı malın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Borclu alğı-satqı müqaviləsinə əsasən ödəməyi öhdəsinə götürdüyü malın dəyəri olan 635,7 manat borcundan indiyədək ödəniş etməmiş, bununla da alğı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Borclu ilə aralarında bağlanmış alğısatqı müqaviləsinin 8.1-ci bəndinə əsasən “Alıcı” satılan əşyanın qiymətinin müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, gecikdirilmiş məbləğdən həmin məbləğin ödənilməli olduğu gündən ödənildiyi günədək hər 1 gün üçün 1 faiz cərimə ödəməlidir. Ona görə də borclu Cavabdeh İddiaçı MMC-nin xeyrinə 635,7 manat məbləğində əsas borcun və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC-nin direktoru E.X.Turanqi məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və işə onun iştirakı olmadan baxılıb qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, o, alqı-satqı müqaviləsi əsasında X1 9” 128 GB Polar White markalı telefonu İddiaçı MMCdən internet vasitəsilə sifariş etmiş, iddiaçı şirkət avadanlığı ona kuryer vasitəsilə göndərmiş, o da bu barədə təhvil-təslim aktına imza edərək qəbul etmişdir. O, telefonu təhvil aldığı vaxtdan bir-iki gün keçəndən sonra telefon sönmüş, dərhal iddiaçı şirkətə zəng edərək telefonda qüsur olduğunu və dəyişmək barədə iradını bildirmişdir. İddiaçı ona bir-iki gün gözləməsini, kuryer Gəncə şəhərinə gələrkən telefonu dəyişdirə biləcəyini bildirmiş, o da razılaşmışdır. Daha sonra iddiaçıya zəng edəndə şirkət ona telefonu rəsmi servisə aparmasını bildirmişdir. O, telefonu rəsmi servisə aparmış və servisdə telefonun arxa hissəsini açarkən telefonun artıq bir dəfə açıldığını və zəmanətlə təmir edə bilməyəcəklərini bildirmişlər. Beləliklə, rəsmi servisdə telefonu təmir etməkdən imtina etmişlər. Bundan sonra o, yenidən iddiaçı şirkətə zəng edib ona işlənmiş telefon satldığını və arxa hissəsinin açıldığını bildirəndə şirkət ona pulu ödəməkdən imtina etməsini bildirmişlər. O da telefon üçün heç bir ödəniş etməmiş və təxminən 5 ay telefon işlək vəziyyətdə olmamışdır. Daha sonra oğlu telefonu işlətmək qərarına gəlmiş və telefonu həmin servisə aparıb zəmanətli deyil, ödəniş əsasında təmir etdirmişdir. O, təmir xərci üçün 120 manat pul ödəmişdir. Hazırda həmin telefon işlək vəziyyətdədir və istifadəsindədir. İddiaçı ona işlənmiş və xarab məhsul satdığı üçün hər hansı pul ödəməli deyildir. Buna görə də iddianın rədd edilməsini xahiş edir. Məhkəmə cavabdehin izahatını dinləyib məhkəmə baxışında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş 25.02.2021-ci il tarixli ******* nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh İddiaçıMMC-dən kredit yolu ilə 635,7 manat dəyərində “X1 9” 128 GB Polar White markalı mobil telefonu əldə etmiş və həmin məbləği 10 ay müddətinə aylıq 63,57 manat olmaqla İddiaçıMMC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş 03.03.2021-ci il tarixli 13018 saylı təhvil təslim aktından görünür ki, 25.02.2021-ci il tarixli ******* nömrəli alqı-satqı müqaviləsi üzrə satılmış “X1 9” 128 GB Polar White markalı mobil telefon alıcıya təhvil verilmişdir. İş materiallarına əlavə olunmuş maliyyə arayışından görünür ki, Cavabdeh 24.02.2021-ci il tarixli ******* nömrəli müqavilə üzrə ödənilməmiş 635,7 manat əsas borcu vardır. Ərizəyə əlavə edilmiş ödəniş cədvəlinə əsasən alıcı (cavabdeh) 635,7 manat məbləğində pulu 24.03.2021-ci il tarixdən 24.12.2021-ci il tarixə qədər aylıq 63,57 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş rəsmi servis mərkəzi "xxxx" MMC-nin 04.03.2021-ci il tarixli təmir aktından görünür ki, cihaz diaqnostika edilmiş və cihazda kənar müdaxilə aşkarlanmışdır. Servis mərkəzi zəmanətli təmirdən imtina etmişdir. “Myshop” servis mərkəzinin 27 avqust 2021-ci il tarixli aktından görünür ki, “Redmi Note 9 Blue” markalı cihaz qoşulmur, cihazın əsas platasının dəyişimi, “flash Processor” dəyişimi, şəbəkə mikrosxemi dəyişimi olmuş və təmir müqabilində 120 manat ödəniş olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 581.1-ci maddəsinə əsasən, satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. Həmin Məcəllənin 582.1-ci maddəsinə əsasən satıcının alıcıya verməli olduğu əşya alıcıya verildiyi məqamda bu Məcəllənin 581-ci maddəsində nəzərdə tutulan tələblərə uyğun gəlməlidir, bu şərtlə ki, alğı-satqı müqaviləsində əşyanın həmin tələblərə uyğunluğunu müəyyənləşdirməyin ayrı məqamı nəzərdə tutulmasın. Verilən əşya bu cür əşyaların adətən istifadə edildiyi məqsədlər üçün ağlabatan müddət ərzində yararlı olmalıdır. Həmin Məcəllənin 587.1-ci maddəsinə əsasən əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin: 587.1.1. alış qiymətinin mütənasib azaldılması; 587.1.2. əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması; 587.1.3. əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Tərəflər arasında bağlanılmış müqavilənin şərtlərindən göründüyü kimi cavabdeh iddiaçıdan nisyə qaydada hissə-hissə ödəmək şərti ilə aldığı dəyəri 635,7 manat olan “X2 9” markalı telefona görə 10 ay müddətində hər ay 63,57 manat ödəmək öhdəliyi daşımışdır. Lakin iş materiallarından da göründüyü kimi, cavabdehin alğı-satqı müqaviləsi əsasında qəbul etdiyi malda təhvil verildiyi günün səhəri qüsur aşkar olunmuş, rəsmi servis mərkəzində həmin qüsurun zəmanət çərçivəsində aradan qaldırılmasından imtina edilmişdir. Mülki Məcəllənin 587.1-ci maddəsi ilə nəzərdə tutulmuş hüququndan istifadə edərək həmin qüsuru cavabdeh sonradan öz vəsaiti hesabına 120 manat ödəməklə aradan qaldırmışdır. Hazırda həmin mal işlək vəziyyətdədir və cavabdehin istifadəsindədir. Ona görə də, məhkəmə hesab edir ki, cavabdeh tərəfindən çəkilmiş həmin xərc ödəniş məbləğindən çıxılmaqla qalan 515,70 manat məbləğində borc pul Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə, eyni zamanda qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Hazırkı mübahisə üzrə ödənilməli olan dövlət rüsumu 30 manatdır. İddiaçı tərəfindən 20 manat dövlət rüsumu ödənilmişdir. İddianın təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumunun 24,30 manat hissəsi cavabdehdən, 5,70 manat hissəsi isə iddiaçıdan tutulmalıdır. Buna görə də cavabdehdən dövlət rüsumunun əvəzi qismində 14,30 manat alınaraq iddiaçıya verilməli, 10 manat dövlət rüsumu isə cavadehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 357-361-ci maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 24.02.2021-ci il tarixli müqavilə üzrə 515,70 manat (beş yüz on beş manat, yetmiş qəpik), ödənilmiş dövlət rüsumunun əvəzi qismində 14,30 manat (on dörd manat 30 qəpik) pul tutularaq İddiaçınə verilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 10 (on) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar