Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1431/2022 07.06.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 17000 manat pulun alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2017-ci ildə Gəncə şəhəri, X7 massivində yerləşən 9 saylı Rayonlararası Qeydiyyat-İmtahan şəbəsi (MERO) ətrafı ərazidə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 4 sot torpaq sahəsi almaq üçün sənədləşmə ilə birlikdə 17000 manat pul vermişdir. Belə ki, torpaq sahəsinin Cavabdeh1 məxsus olmasına baxmayaraq, rəsmi sənədlərdə Cavabdeh2 adına rəsmiləşdirilmişdir. O, torpağı alan zaman 17000 manat pulu Cavabdeh1 və Cavabdeh2 vermişdir. Bu barədə Cavabdeh2 ilə akt tərtib olunmuşdur. Həmçinin, etibarnamə də verilmişdir. Əvvəl İldırım torpaq sahəsini ona göstərmiş, pulu verdikdən sonra adına torpağa dair sənədlər - sərəncam və layihə verilmişdir. Torpaq sahəsini aldıqdan sonra onun tərəfindən müvafiq tikinti işləri aparılmışdır. Lakin, 2020-ci ilin fevral ayında həmin torpaq sahəsinə gedib nəzarət edəkən Adil və Dilqəm adlı şəxslərin onun tikdirdiyi hasarı uçurmalarını görmüş və nəyə görə belə etdiklərini və torpaq sahəsini İldırım və Murad adlı şəxslərdən 17000 manata aldığını demişdir. Adil də həmin vaxt ona çıxarış təqdim edərək torpaq sahəsinin ona məxsus olmasını demişdir. Sonradan dəqiqləşdirmə aparan zaman ona məlum olmuşdur ki, torpaq sahəsi həqiqətən də Adilə məxsusdur. Bundan sonra İldırımdan və Muraddan verdiyi pulu tələb etmişdir və hər dəfə İldırım müxtəlif bəhanələrlə onun pulunu qaytarmamışdır. Bundan sonra məcbur olub polisə şikayət etmişdir. Gəncə şəhər Nizami rayon Polis İdarəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis kapitanı X1 HK-1508 №-li material üzrə 29.09.2020-ci il tarixli qərarı ilə vətəndaş İddiaçı ərizəsi əsasında toplanmış materialın aidiyyatı üzrə Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırılan cinayət işinə əlavə olunması üçün aidiyyatı üzrə Gəncə şəhər prokurorluğuna göndərilməsi qərara alınmışdır. Həmin qərarda da Cavabdeh1 izahat verərkən ondan 17000 manat torpaq sahəsinə görə pul aldığını etiraf etmiş və həmçinin, torpağın digər 4 sot sahəsini də Elnur adlı şəxsə satdığını bildirmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək əlavə olaraq bildirdi ki, o, iddia ərizəsində tələb etdiyi 17000 manat pulun 16000 manat hissəsini nağd şəkildə Cavabdeh1 vermiş, qalan 1000 manat hissəsini isə sənədləşdirmə işlərinə xərcləmişdir. Torpağın alqı-satqısı ilə bağlı danışıqları onunla Cavabdeh1 aparmışdır. Lakin, torpaq sahəsinin sənədləri digər Cavabdeh2 adına olmuşdur. Buna baxmayaraq, o, 16000 manat pulu Cavabdeh2 deyil, Cavabdeh1 vermişdir. Bu səbəbdən cavabdehlərdən torpağın alqı-satqısına görə ödədiyi 16000 manat pul və sənədləşmə işlərinə xərclədiyi 1000 manat pul olmaqla, cəmi 17000 manat pulun cavabdehlər tərəfindən ona ödənilməsini tələb edir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəməyə etiraz ərizəsi ünvanlayaraq, bildirmişlər ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, tərəflər arasında münasibətlər yaranarkən iradə ifadəsi olmuşdur. İddiaçı tərəf 3 ilə yaxın bir müddətdə mübahisəli torpaq sahəsinə hər hansı müdaxilə və maneə olmadan sahiblik və istifadə etmişdir. Mülki iş materialları ilə birbaşa müəyyən olunur ki, tərəflər arasındakı öhdəlik münasibətləri nə müqavilə, nə zərər vurulma və nədə əsassız varlanma nəticəsində yaranmışdır. Tərəflər arasındakı öhdəlik münasibətləri Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar üzrə yaranmışdır. İddiaçı mübahisəli torpaq sahəsini alarkən həmin torpaq sahəsinə dair yeganə sənəd kimi sərəncam və layihə olmasını qəbul etmiş və bununla razılaşmışdır. Əgər üçüncü şəxs və ya şəxslər həmin torpaq sahəsinə iddia irəli sürməsəydilər, o, torpaq sahəsinə eyni qaydada sahiblik və istifadə etməyə davam edəcəkdir. Qanunu bilməmək şəxsi məsuliyyətdən azad etmir. Məsuliyyət isə mülki, inzibati və cinayət məsuliyyətini ehtiva edir. Hal-hazırki mübahisə üzrə iddiaçının mülki məsuliyyəti ondan ibarət olmuşdur ki, sahiblik və istifadə etməyə razılaşdığı torpaq sahəsinin ödənişi geri qaytara bilməz. Konstitusiyanın 72ci maddəsinin İİİ bəndində göstərilir ki, Qanunu bilməmək məsuliyyətdən azad etmir. Cavabdehlərin əsassız varlanmasından söhbət gedə bilməz. Cavabdeh öz öhdəliyinin göstəricisi olaraq torpaq sahəsini iddiaçının sahiblik və istifadəsinə vermiş, əlavə olaraqda onun adına sərəncam-layihə çıxarmışdır. İddiaçı isə öz növbəsində həmin torpaq sahəsinə görə müvafiq ödəniş etmişdir. Tərəflər arasındakı öhəlik münasibətləri nə əsassız varlanma, nə ziyan vurma, nədəki müqavilə şərtlərindən yaranmışdır. Tərəflər arasındakı öhdəlik münasibətləri Mülki Məcəllədə nəzərdə tutulmuş digər münasibətlərdən yarandığından tərəflər arasındakı mübahisə hüququn ümumi prinsiplərinə uyğun həll edilməldir. Mülki Məcəllənin 390-cı maddəsində müəyyən edilən müqavilə azadlığı fiziki və hüquqi şəxslərə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasında seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını qeyd etmək olar. Bu azadlıqları mülki dövriyyə iştirakçılarına təqdim edərkən qanunvericilik hüququn ümumi prinsipinə müvafiq olaraq onların vicdanlı olmaları ehtimalından çıxış etmişdir. Əks hal sübut edilməyənə qədər hər kəsin hərəkətlərinin düzgün olmasını nəzərdə tutan vicdanlılıq prezumpsiyası fundamental hüquqi prezumpsiyalardan biridir. Hal-hazırki mübahisə üzrə cavabdehlərin vicdansız olmasından söhbət gedə bilməz. ‘‘Materialın istintaq aidiyyatı üzrə göndərilməsi haqqında” 29.09.2020-ci il tarixli qərarda öz əksini tapmış izahat sübut kimi götürə bilməz. Belə ki, həmin qərarın hər hansı hüquqi nəticəsi yoxdur. Çünki, həmin qərar işi aidiyyatı üzrə göndərir. Hal-hazırda vətəndaş İddiaçı ərizəsi əsasında materialın aidiyyatı üzrə AR Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində saxta sərəncam verən şəxslərlə bağlı cinayət işi gedir. Qeyd olunan cinayət araşdırmasının bu işə aidiyyatı vardır. Həmin cinayət işi üzrə İddiaçı zərərçəkmiş şəxs kimi tanınıbdır. Cavabdehlər isə həmin iş üzrə hər hansı prosessual şəxs deyildir. İndiyə kimi də cavabdehlərdən hər hansı izahat alınmamışdır. Hal-hazırki mübahisə üzrə əsassız varlanmaq istəyən şəxs varsa, o da İddiaçıdur. Belə ki, o hal-hazırki iddia tələbini qaldırmaqla cavabdehlərdən 17000 manat almaq, əlavə olaraq da, İddiaçı ərizəsi əsasında üzrə AR Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan cinayət işinin istintaqında zərərçəkmiş şəxs olaraq təqsirləndirilən şəxslərə qarşı mülki iddialar qaldırmaq və dividendlər qazanmaqdır. İddiaçı yalnız qeyd olunan tələblə bağlı məhkəmədə iddia qaldırsaydı, onun iddiasına müəyyən mənada haqq qazandırmaq olardı. Qeyd edilənlərə əsasən İddiaçı iddiasının rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, buna baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlmədiklərindən Azərbaycan Respublikası MPM-nin 185.5ci maddəsinə əsasən, məhkəmə mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirdi ki, iddiaçının tanışıdır. İddiaçı torpaq sahəsi almaq üçün cavabdehlərlə görüşən də o da həmin vaxt Rasimin yanında olmuşdur. Görüş zamanı Rasim İldırıma 4 sot torpaq sahəsinin alınması məqsədi ilə 16000 manat pulu sayıb vermişdir. Cavabdeh2 həmin vaxt orada olsa da, Rasim pulu bilavasitə İldırıma vermişdir. Torpağın sənədləri Cavabdeh2 adına olduğuna görə sənədlərə o imza etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirdi ki, İddiaçı onun dostudur. Rasim torpaq sahəsi almaq üçün notariusa gedəndə o və tanışı Fazil də onunla birlikdə getmişdir. Notariusun qarşısına görüşən zaman Rasim 16000 manat pulu sayıb İldırıma vermişdir. Həmin vaxt Murad adlı cavan bir şəxs də orada idi. Lakin, torpaq sahəsi həmin şəxsin adına olduğuna görə sənədlərə o imzalamışdı. Məhkəmə, iddiaçının izahatını və şahidlərin ifadələrini dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan “Materialın istintaq aidiyyatı üzrə göndərilməsi haqqında” 29.09.2020-ci il tarixli qərardan görünür ki, Gəncə şəhər Nizami RPİ-nin TB-nin icraatında olan HK-1/508 nömrəli material üzrə izahatı alınmış Cavabdeh1 izahatında bildirmişdir ki, 2013-cü ildə Gəncə şəhər X7 massivi 2- mikrorayon, 28 may küçəsinin şərq tərəfindən hər biri 4 sot olmaqla iki ədəd torpaq sahəsini həmin müddətdə Gəncə şəhər Nizami rayon İcra Hakimiyyəti başçısının sərəncam və layihələri əsasında qohumları Cavabdeh2 və Elmar Kərimovun adına almışdır. Torpaq sahəsini alandan sonra həmin torpaq sahəsində heç bir tikinti işləri aparmamış, 2016-cı ildə övladının səhhəti ilə əlaqədr pula ehtiyacı olduğundan həmin torpaq sahələrini satmaq qərarına gəlmişdir. Sonradan Cavabdeh2 adına olan 4 sot torpaq sahəsini 16000 manata Rasim adlı şəxsə, qohumu Elmar Kərimovun adına olan 4 sot torpaq sahəsini isə tanışı Qabil Elnur adlı şəxsə 16000 manata satmışdır. Həmçinin şahid Elmar Kərimov isə məhkəmə iclasında ifadəsində İldırımın ona zəng edərək adına alınmış torpağın sənədləşməsinə görə notariusa çağırdığını demişdir. Göründüyü kimi, Cavabdeh1 təhqiqat araşdırması zamanı verdiyi izahatından görünür ki, 2016-cı ildə övladının səhhəti ilə əlaqədar pula ehtiyacı olduğundan 2013-cü ildə almış olduğu hər biri 4 sot olan torpaq sahələrini satmaq qərarına gəlmiş, həmin torpaq sahələrindən biri məhz 16000 manata İddiaçı satılmışdır. Məhkəmə iclasında həm iddiaçının özü, həm də şahid qismində dindirilmiş X3 və X2 ifadələrində torpağın alqı-satqısına görə 16000 manat pulun İddiaçı tərəfindən məhz Cavabdeh1 verildiyini təsdiq etmişlər. Bundan başqa, cavabdehlər tərəfindən məhkəməyə ünvanlanmış etiraz ərizəsində də cavabdehlər iddiaçıya torpaq sahəsinin satıldığını, üç ilə yaxın müddətdə mübahisəli torpaq sahəsinə hər hansı müdaxilə və maneə olmadan sahiblik və istifadə etdiyini, əlavə olaraq iddiaçının adına sərəncam və layihə çıxarıldığını və iddiaçının öz növbəsində torpaq sahəsinə görə müvafiq ödəniş etdiyini etiraf etmişlər. Bundan başqa, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş 1 ədəd diskdə olan audioyazılardan görünür ki, İddiaçı ilə Cavabdeh1 arasına aparılan telefon danışıqları zamanı Cavabdeh1 İddiaçı 4 sot torpaq sahəsinin satıldığını, yaxın zaman ərzində ona başqa torpaq sahəsi verəcəyini, əks təqdirdə onun pulunu qaytaracağını bildirmişdir. Beləliklə, məhkəmə, tədqiq edilmiş sübutları müqayisəli şəkildə qiymətləndirərək belə qənaətə gəlir ki, 2017-ci ildə tərəflər arasında Gəncə şəhəri Yeni Gəncə qəsəbəsində yerləşən 4 sot torpaq sahəsinin alqı-satqısına dair şifahi müqavilə bağlanmışdır. Həmin razılaşmaya əsasən cavabdehlər qeyd edilən torpaq sahəsini 16000 manat müqabilində iddiaçıya satmış və torpaq sahəsini ona təhvil vermiş, bunun müqabilində isə iddiaçı məhz Cavabdeh1 16000 manat pul vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Məhkəmə hesab edir ki, cavabdehlər Gəncə şəhəri Yeni Gəncə qəsəbəsində yerləşən 4 sot torpaq sahəsinin mülkiyyətçisi olmadığından, onlar həmin torpaq sahəsinə dair sərəncam verilməsinə dair əqd bağlaya bilməzdi. Digər tərəfdən qeyd edilməlidir ki, tərəflər arasında 2017-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsi qanunvericiliyin müəyyən etdiyi formada, yəni notarial formada bağlanmadığından, eyni zamanda müqavilə predmeti olan torpaq sahəsinin satıcısı qismində çıxış edən cavabdehlərin buna subyektiv hüquqları olmadığından onlar arasında bağlanmış razılaşma etibarsızdır. Bununla belə torpaq sahəsinə dair Cavabdeh2 adına sərəncam olsa da, 16000 manat pulun iddiaçı tərəfindən məhz Cavabdeh1 verilməsi iddiaçının izahatı ilə yanaşı, məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri və cavabdehin özünün təhqiqat araşdırması zamanı verdiyi izahatı ilə də təsdiq olunur. Bu halda Cavabdeh1 hüquqi əsas olmadan, yəni etibarlı müqavilə əsası olmadan iddiaçının əmlakı hesabına varlanmışdır. Belə ki, Mülki Məcəllənin 1091-ci maddəsində qeyd olunur ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla iddiaçı tərəfindən torpaq sahəsinin alınmasına görə Cavabdeh1 16000 manat pul verilməsi faktı öz təsdiqini tapmışdır. Tərəflər arasında həmin pulun verilməsinə dair başqa heç bir qanuni əsas və ya etibarlı müqavilə əsası olmadığından, cavabdeh əsassız varlanmış şəxs kimi iddiaçının tələbi ilə həmin pul məbləğini ona qaytarmalı, 16000 manat məbləğində pul cavabdehlər Cavabdeh1 alınaraq iddiaçıya ödənilməlidir. Digər tərəfdən, məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən torpaq alqı-satqısına görə pul məbləğinin Cavabdeh2 deyil, məhz Cavabdeh1 verilməsi məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapdığından, iddia tələbi Cavabdeh2 münasibətdə təmin edilməməlidir. Bundan başqa, məhkəmə qeyd edir ki, iddiaçı məhkəmə iclasında verdiyi izahatında torpağın sənədləşmə işlərinin aparılmasına görə 1000 manat pul xərcləməsini bildirsə də, bunu təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Odur ki, iddia tələbi həmin hissədə də təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, həmçinin xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia qismən təmin edilməli olduğundan, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi kimi 133 manat pul Cavabdeh1 tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 16000 (on altı min) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 133 (yüz otuz üç) manat pul alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №2(043)-1431/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1431/2022
07.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver