Məhkəmə qərarları › İş №2(043)-1435/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1435/2021

05.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1435/2021 05.05.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Aslanov Eltun Elman oğlunun katibliyi, İddiaçının nümayəndəsi X7 iştirakı ilə, İddiaçı Nürəddin oğlunun Cavabdeh1 (üçüncü şəxslər Maraqlı şəxs və Cavabdeh2) qarşı “alqı-satqı müqaviləsinin bağlanılmış hesab edilməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Nürəddin oğlu Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən evin «B» «C», «D» tikililərinə dair İddiaçı Nürəddin oğlu ilə Cavabdeh1 Karapetoviç arasında alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Maraqlı şəxs ilə 1987-ci il tarixdə ünvan 2 ünvanda yerləşən evi cavabdeh erməni Yuri Ospinyandan 16000 rubla almışlar. Evi aldıqdan sonra Maraqlı şəxs arasında olan razılaşmaya uyğun olaraq bölmüşlər. Evi aldıqdan sonra qızı X8 bağışlamışdır. Buna dair Cavabdeh2 qızına qarşı Gəncə şəhər Kəpəz rayon Məhkəməsində iddia qaldıraraq faktiki sahibliklərində olan sahələrini aralarında natural qaydada bölünməsinə dair müraciət etmişdir. Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin 23 sentyabr 2016-cı il tarixli qətnaməsinə əsasən onun iddia tələbi təmin edilmişdir. Qeyd etdiyi kimi 1988-ci il tarixdən evə dair alqı-satqı müqaviləsi bağlanmış lakin həmin vaxtı ara qarışdığından və erməni Yuri Ospinyanın Azərbaycan Respublikasına qayıtması mümkün olmadığından evin sənədləşdirilməsini apara bilməmişdir. Belə ki, Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin 23 sentyabr 2016-cı il tarixli qətnaməsinə əsasən «B» «C», «D» tikililəri üzərində onun istifadə və sahiblik hüququları tanınmışdır. Bundan sonra iş üzrə 3-cü şəxs Maraqlı şəxs bütün əmlak üzərində alqı-satqı müqaviləsinin bağlanması tələbi ilə Gəncə şəhər Nizami rayon Məhkəməsinə müraciət etmiş və Gəncə şəhər Nizami rayon Məhkəməsinin qətnaməsi ilə iddia tələbi təmin edilmiş, sonradan isə o Gəncə şəhər Nizami rayon Məhkəməsinin qətnaməsindən apelyasiya şikayəti vermiş və Gəncə Apelyasiya Məhkəməsinin qətnaməsi ilə apelyasiya şikayəti təmin edilərək Gəncə şəhər Nizami rayon Məhkəməsinin qətnaməsi ləğv edilmişdir. Hazırda cavabdeh erməni Cavabdeh1 olduğu üçün evlərini rəsmiləşdirə bilmirlər deyə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X10 iddia ərizəsində göstərilənlərə uyğun izahat verib, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh1 faktiki olduğu yer məlum olmadığından, məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxmışdır. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 4624b saylı Torpaq Qeydindən görünür ki, hazırkı Gəncə şəhəri, Puşkin küçəsində yerləşən 0,0787 ha torpaq sahəsi Cavabdeh1nın istifadəsinə verilmişdir. İş materiallarında olan Əmlak məsələləri Dövlət Komitəsinin yanında DƏDRX tərəfindən verilmiş 28.03.2019-cu il tarixli məktubdan görünür ki, Cavabdeh1k Karapetoviçin adına Kirovabad şəhəri, Ovrajnaya küçəsi, 43 saylı fərdi yaşayış evinin yerləşdiyi 787.0 kvm torpaq sahəsinə dair 12.05.1955-ci il tarixli torpaq qeydi tərtib edilmişdir. Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 19.02.2015-ci il tarixli 2(044)- 354/2015 saylı qətnamə və icra vərəqəsinə əsasən Cavabdeh1 Karapetoviç ilə X4 arasında hal-hazırda ünvanı Puşkin küçəsi, 118 olan bu fərdi yaşayış evinə dair alqı-satqı müqaviləsi bağlanmış hesab edilmişdir. X3 13.05.2015-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. 5 saylı notariat kontorunun 24.09.2015-ci il tarixli 4Ə-196 saylı alqı-satqı müqaviləsinə əsasən bu mülk Cavabdeh2 satılmışdır və ona 15.10.2015-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Gəncə şəhər İcra Hakimiyyəti Memarlıq və şəhərsalma idarəsi Cavabdeh2 bu əmlakda inşa edilmiş tikililərə 14.02,2018ci il tarixli razılaşdırılmış eskiz-layihə vermişdir. Bundan sonra Cavabdeh2 Puşkin küçəsi, 118 saylı fərdi yaşayış evinə dair 09.03.2018-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. İş materiallarında olan Əmlak məsələləri Dövlət Komitəsinin yanında DƏDRX tərəfindən verilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli “Çıxarış”ın surətindən görünür ki, ünvan 4 ünanında yerləşən fərdi yaşayış evi 13.05.2015-ci il tarixdən X2 xüsusi mülkiyyətində olmuşdur. İş materiallarında olan ******* nömrəli 24.09.2015-ci il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, X1 şəhəri Puşkin küçəsi 118 saylı ünvanda yerləşən fərdi yaşayış evininin tam mülkiyyət hüququ üzrə ona məxsus hissəsini Cavabdeh2 satmışdır. İş materiallarında olan Əmlak məsələləri Dövlət Komitəsinin yanında DƏDRX tərəfindən verilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli “Çıxarış”ın surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən 174,5 kv.m sahəsi olan fərdi yaşayış evi 09.03.2018-ci il tarixdən Cavabdeh2 xüsusi mülkiyyətindədir. İş materiallarında olan Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 19.02.2015-ci il tarixli 2(044)-354/2015 saylı qətnaməsinin surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən 787 kv.m torpaq sahəsində yerləşən yaşayış evinə dair iddiaçı X4 ilə Cavabdeh1 Karapetoviç arasında 11 yanvar 1975-ci ildə alqı-satqı müqaviləsi bağlanmış hesab edilmiş, həmin evə X2 mülkiyyət hüququ tanınmışdır. İş materiallarında olan Gəncə Apelyasiya Məhkəməsinin 2(104)-3843/2019 saylı 29.11.2019-cu il tarixli qətnaməsindən görünür ki, ünvan 4 fərdi yaşayış evi Cavabdeh1 Karapetoviçin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Belə olan təqdirdə iddiaçı ilə Cavabdeh1 Karapetoviç arasında fərdi yaşayış evinə dair alqısatqı müqaviləsinin bağlanmış hesab edilməsi istisna olunur. Yəni mübahisəli fərdi yaşayış evinə Cavabdeh1 Karapetoviçin mülkiyyət hüququ qeydiyyata alınmadığından sonuncunun həmin əmlak üzərində sərəncam vermək hüququ yaranmır. Bu əsasla Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 19.02.2015-ci il tarixli 2(044)-354/2015 saylı qətnaməsi ləğv edilmiş və Maraqlı şəxs Cavabdeh1 qarşı “alqı-satqı müqaviləsinin bağlanılmış hesab edilməsi və mülkiyyət hüququnun tanınması” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evinin yerləşdiyi 787 kv.m torpaq sahəsi Cavabdeh1 istifadəsinə verilmişdir. Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 19.02.2015ci il tarixli qətnaməsinə əsasən Gəncə şəhəri, Kəpəz rayonu, Puşkin küçəsi, 118 ünvanında 787 kv.m torpaq sahəsində yerləşən yaşayış evinə dair X4 (üçüncü şəxs) ilə Cavabdeh1 Karapetoviç arasında 11 yanvar 1975-ci ildə alqı-satqı müqaviləsi bağlanmış hesab edilmiş, həmin evə X2 mülkiyyət hüququ tanınmışdır. Bundan sonra həmin qətnamə əsasında 13.05.2015-ci il tarixdə X2 ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evinə dair mülkiyyət hüququ qeydə alınmış və 24.09.2015-ci il tarixdə onunla Cavabdeh2 arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən həmin əmlaka dair Cavabdeh2 adına 15.10.2015-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Gəncə şəhər İcra Hakimiyyəti Memarlıq və şəhərsalma idarəsi Cavabdeh2 bu əmlakda inşa edilmiş tikililərə 14.02.2018-ci il tarixli razılaşdırılmış eskiz-layihə vermişdir. Sonra Cavabdeh2 Puşkin küçəsi, 118 ünvanda yerləşən fərdi yaşayış evinə dair mülkiyyət hüququnun qeydə alınmasına dair 09.03.2018-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Bütün bunlardan sonra İddiaçı və X9 maraqlarına toxunan şəxs kimi Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 19 fevral 2015-ci il tarixli qətnaməsindən apelyasiya şikayəti vermiş və hazırda qüvvədə olan Gəncə Apelyasiya Məhkəməsinin 29 noyabr 2019-cu il tarixli qətnaməsinə əsasən apelyasiya şikayəti təmin edilmiş, Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 19 fevral 2015-ci il tarixli qətnaməsi ləğv edilmiş və X2 Cavabdeh1 Karapetoviçə qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və mülkiyyət hüququnun tanınması tələbinə dair iddiası təmin edilməmişdir. Apelyasiya instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Gəncə şəhəri Kəpəz rayonu, Puşkin küçəsi 118 nömrəli fərdi yaşayış evi Cavabdeh1 Karapetoviçin adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Mübahisəli fərdi yaşayış evinə Yuri Karapetoviçin mülkiyyət hüququ qeydə alınmadığından onun həmin əmlak üzərində sərəncam vermək hüququ olmamışdır. Belə olan təqdirdə iddiaçı ilə onun arasında fərdi yaşayış evinə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi istisna edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məcəllənin bu normasının mənasına görə eyni şəxslərin iştirak etdiyi mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin şəxslər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Q.Məmmədova və digərlərinin şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2015-ci il tarixli Qərarında göstərilir ki, preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 23 fevral 2016-cı il tarixi qərarında isə göstərilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 mübahisə predmeti olan fərdi yaşayış evinə ( o cümlədən torpaq sahəsində olan tikililərə) dair sərəncam vermək hüququnun olmaması qanuni qüvvəyə minmiş Gəncə Apelyasiya Məhkəməsinin 29 noyabr 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edildiyindən, bu hissədə həmin məhkəmə aktı hazırkı mülki iş üçün predyusial əhəmiyyət daşıyır. Bu səbəbdən iddiaçı ilə Cavabdeh1 Karapetyan arasında mübahisəli fərdi yaşayış evinə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsinə dair iddia tələbi təmin edilə bilməz. Bundan başqa məhkəmə qeyd edir ki, hətta cavabdehin mübahisəli fərdi yaşayış evini özgəninkiləşdirmək səlahiyyəti olmuş olsa idi belə hazırki iddia tələbi təmin edilə bilməzdi. Çünki, işin faktiki hallarından görünür ki, mübahisə predmeti olan fərdi yaşayış evi hal-hazırda üçüncü şəxs Cavabdeh2 mülkiyyətindədir və onun mülkiyyət hüququnun qeydə alınmasına dair Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş müvafiq çıxarış verilmiş və həmin çıxarış hazırda qüvvədə olmaqla heç kim tərəfindən mübahisələndirilməmişdir. Belə olan təqdirdə iddiaçı ilə cavabdeh arasında həmin fərdi yaşayış evinə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi mümkün deyil. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, İddiaçı Nürəddin oğlunun Cavabdeh1 qarşı “alqı-satqı müqaviləsinin bağlanılmış hesab edilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Nürəddin oğlunun Cavabdeh1 qarşı “alqı-satqı müqaviləsinin bağlanılmış hesab edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar